Logo

"Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar" mövzusunda beynəlxalq elmi konfrans start götürüb

27.11.2021 16:16 374 baxış
IMG

Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, ARTİ-nin tərəfdaşlığı və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans  start götürüb.

Konfransın açılış mərasimində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Respublikasının təhsil nazirinin müavini Muxtar Məmmədov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və ARTİ-nin direktoru Rüfət Əzizov çıxış ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov ölkəmizin bir sıra ali təhsil müəssisələrindən, həmçinin orta ixtisas təhsili müəssisələrindən, xarici ölkələrdən konfransda iştirak üçün məqalə və tezislərin göndərildiyini qeyd edib. Konfransın əhəmiyyəti və Azərbaycan təhsilinin inkişafına verəcəyi töhfələri vurğulayan A.Novruzov təhsilin bütün pillə və səviyyələri üzrə həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələri barədə məlumat verib. O, 2003-cü ildən müstəqil institut kimi fəaliyyət göstərən Naxçıvan Müəllimlər İnstitutunda bakalavr, magistr və doktorantura pillələri üzrə həyata keçirilən tədris prosesi haqqında danışıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək konfrans iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb. R.Məmmədov ölkə rəhbərliyi tərəfindən təhsilin inkişafına göstərilən xüsusi qayğı və diqqət sayəsində Naxçıvan Muxtar Respublikasında təhsilin bütün pillələri üzrə müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradıldığını qeyd edib. Mövcud təhsil müəssisələrinin maddi-tədris bazasının yaxşılaşdırılması ilə yanaşı, yeni tipli təhsil müəssisələrinin də yaradılması diqqət mərkəzində saxlanılıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında müəllimin nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb.

Azərbaycan Respublikasının təhsil nazirinin müavini Muxtar Məmmədov çıxış edərək bu gün müasir dünyanın təhsil sferasında baş verən sürətli dəyişikliklərin Azərbaycan təhsilinə də təsir etdiyini bildirib. Ölkəmizdə dayanıqlı, uzunmüddətli iqtisadi inkişafın təmin edilməsi, bütün vətəndaşların hərtərəfli və keyfiyyətli təhsilə əlçatanlığının təmin olunması üçün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsinə xüsusi diqqət yetirilir. Bu gün ölkəmizdə insan kapitalının inkişafına yatırılan investisiyalar Azərbaycanın gələcək nəsillərinin rəqəmsal inqilabın yaratdığı imkanlardan tam yararlanmasını təmin etməyə hədəflənib. Pandemiya dövründə təhsilin davamlılığının təmin edilməsi məqsədilə həyata keçirilən işlər barədə məlumat verən M.Məmmədov konfrans iştirakçılarına uğurlar arzu edib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında Naxçıvan Muxtar Respublikasında elmin inkişafı, elmi-texniki potensialın modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə elm və təhsil işçilərinin nüfuzunun artırılması sahəsində bir sıra mühüm işlər görüldüyün bildirib. Sözügedən istiqamətlər üzrə həyata keçirilən məqsədyönlü islahatların nəticəsi olaraq Naxçıvan Dövlət Universiteti özünün maddi-texniki və təşkilati infrastrukturuna görə ən qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrilib, elm, təhsil və innovasiya sahəsində beynəlxalq təcrübənin tətbiqi imkanını qazanıb.

Açılış mərasiminin sonunda çıxış edən ARTİ-nin direktoru Rüfət Əzizov tədbir iştirakçılarını salamlayıb, hal-hazırda müasir təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar və bu islahatlarda ARTİ-nin  rolu barədə ətraflı məlumat verib. R.Əzizov çıxışında məktəbəqədər təhsil və “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi, layihənin məqsədləri və əldə edilən uğurlu nəticələr, ümumtəhsil sahəsində məzmun islahatları, müəllimlərin inkişafı və qiymətləndirmə sahəsində görülən işlər haqqında danışıb. O, qeyd edib ki, bilik əsaslı təhsildən bacarıq əsaslı təhsilə keçid istiqamətində kompleks işlər görülür. Həmçinin ali təhsil pilləsində həyata keçirlən "SABAH Magistratura" proqramlarının təşkili, distant təhsil və rəqəmsallaşma yönümlü müxtəlif kurslar, təlimlər, vebinarlar, beynəlxalq və yerli partnyorlarla birgə həyata keçirilən layihələr, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ-nin nəzdində yaradılan “SABAH.lab” Akselerasiya Mərkəzi haqqında da məlumat verilib.

Əyani və videobağlantı formatında 200-dən çox iştirakçının qatıldığı konfrans panel müzakirələri ilə davam edib.

Xəbər lenti