Britaniyada “Elmlər Akademiyası” funksiyasını hansı qurumlar həyata keçirir, elmlər akademiyası praktikası nədən ibarətdir və onlar necə işləyir?
Ölkəmizin gündəm mövzusu olan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı xəbərlər fonunda APA-nın London bürosu Britaniyada fəaliyyət göstərən “Elmlər akademiyaları” və onların gördüyü işlər barədə yazı hazırlayıb.
Avropada Milli akademiyaların rəsmi tanınma dərəcəsi ölkələr arasında dəyişir. Bəzi hallarda onlar açıq şəkildə fəaliyyət göstərir və ya faktiki olaraq hökumətin bir qoludur. Britaniya kimi bəzi ölkələrdə isə onlar könüllü, qeyri-kommersiya qurumları olub, müxtəlif ianələr, qrantlar vasitəsilə fəaliyyət göstərirlər. Lakin bu qurumlar dövlətdən maliyyə dəstəyi də ala bilir.
Britaniyanın dörd əsas milli akademiyası var. "Britaniya Akademiyası", "Kral Akademiyası", "Kral Mühəndislik Akademiyası" və "Tibb Elmləri Akademiyası".
Bundan əlavə, Uelsdə "Öyrənilmiş Uels Cəmiyyəti" və Şotlandiyada "Edinburq Kral Cəmiyyəti" də akademiya statusunda fəaliyyət göstərir. Bu akademiyalar, əsasən, elmi və onun faydalarını təbliğ etmək, elmdə mükəmməlliyi tanımaq, siyasət üçün elmi məsləhətlər vermək, beynəlxalq və qlobal əməkdaşlığı, təhsili və ictimai fəallığı təşviq etmək kimi bir sıra funksiyaları yerinə yetirir. Onlar karyeralarının müxtəlif mərhələlərində elm adamlarına maliyyə dəstəyi və maliyyə proqramlarının təmin edilməsi ilə bağlı işlər də görürlər.
Britaniya Akademiyası (The British Academy): Bu Akademiya 1902-ci ildə qurulub və Böyük Britaniyanın humanitar və sosial elmlər üzrə milli akademiyasıdır. Akademiya İngiltərə və Uelsdə qeydiyyatdan keçmiş xeyriyyə təşkilatı kimi fəaliyyət göstərir. Onlar Böyük Britaniyada və xaricdə tədqiqatçılara və layihələrə sərmayə qoyur, ictimaiyyəti yeni düşüncə və müzakirələrlə cəlb edir, hər kəsin xeyrinə siyasətə təsir etmək üçün alimləri, hökuməti, biznesi və vətəndaş cəmiyyətini bir araya gətirir. Akademiya bu yaxınlarda inklüziv davamlılığı təşviq edən doqquz layihəyə maliyyə ayırıb. 2021-ci ildə Hökumət Elm İdarəsinin tələbi əsasında Britaniya Akademiyası COVID-19-un uzunmüddətli cəmiyyətə təsirləri ilə bağlı müstəqil rəy hazırlayıb.
2020-2021-ci illər arasında Akademiyanın ümumi gəliri əvvəlki illə müqayisədə 3,8% artaraq 60,7 milyon funt-sterlinqdən 63,0 milyon funt-sterlinqə yüksəlib. Hökumətin Biznes, Enerji və Sənaye Strategiyası Departamenti (BEIS) Akademiyanın əsas maliyyəçisidir, Akademiyanın 63,0 milyon funt-sterlinq dəyərindəki ümumi gəlirinin 27,5 milyon funt-sterlinqi bu qurumdan qrant şəklində ayrılıb və bu yardımla humanitar və sosial elmlər üzrə tədqiqat və təqaüdlərə tam sərmayə qoyulub.
Ümumiyyətlə, ötən il ərzində nə qədər qrant yardımı alınıb, nə qədər pul hansı qurumlara ödənilib, işçilərin ümumi maaşı nə qədərdir - bütün bunların hamısını saytda yerləşdirilmiş ümumi hesabatda görmək olar. Bu sənədə görə 2021-ci ildə işçilərə 3 milyon 500 min funt sterlinqə yaxın maaş ödənilib.
Kral Akademiyası (The Royal Society): 28 noyabr 1660-cı ildə qurulub. Akademiya dünyanın ən qədim milli elmi cəmiyyəti və Britaniyada elmi tədqiqatların təşviqi üzrə aparıcı milli təşkilatdır. Cəmiyyət hələ 1665-ci ildə dünyada yalnız elmə həsr olunmuş ilk jurnalı təqdim edib. Hazırda elmi və onun faydalarını təbliğ etmək, elmdə mükəmməlliyi tanımaq, siyasət üçün elmi məsləhətlər vermək, beynəlxalq və qlobal əməkdaşlığı, təhsili və ictimai fəallığı təşviq etmək kimi bir sıra vəzifələri icra edir. Kral Akademiyası öz müstəqilliyini qorumaq və yüksək keyfiyyətli elmi təbliğ etmək üçün səxavətli şəxslər və təşkilatların ianələrinə əsasında fəaliyyət göstərir. Dünyanın ən görkəmli 1600-ə yaxın alimi bu akademiyanın üzvüdür. Qurum xeyriyyə təşkilatı kimi qeydə alınıb və karyeralarının müxtəlif mərhələlərində elm adamlarına maliyyə dəstəyi və maliyyə proqramlarının təmin edilməsi, müzakirələri təşviq etmək üçün elmi konfransların təşkili, elmi jurnalların nəşri, dünyanın hər yerindən görkəmli alimlərin Təqaüdçülər və Xarici Üzvlər kimi seçilməsi, elmin müdafiəsində Böyük Britaniyanı təmsil etmək kimi funksiyaları var.
Maraqlı faktlardan biri də odur ki, görkəmli alim İsak (İsaac) Nyuton 1703-1727-ci illər arasında Kral Akademiyasına rəhbərlik edib.
Tibb Elmləri Akademiyası: (Academy of Medical Sciences): 1998-ci ildə fəaliyyətə başlayan akademiya Böyük Britaniyada tibb elminin müxtəlifliyini öyrənən müstəqil qurumdur. Missiyaları biotibbi və sağlamlıq tədqiqatlarını, onun cəmiyyət üçün faydalara çevrilməsini inkişaf etdirməkdir. Qurumun fəaliyyəti dörd əsas məqsədə yönəlib: mükəmməlliyi təşviq etmək, istedadlı tədqiqatçıların yetişdirilməsi, tədqiqat və siyasətə təsir, xəstələri, ictimaiyyəti və mütəxəssisləri cəlb etmək.
Akademiya işçi qrupun hesabatlarını, bəyanatlarını, məsləhətləşmələrin cavablarını və müzakirə sənədlərini dərc edir, təqaüdçüləri və digər ekspertləri seminarlar, dəyirmi masalar, şəxsi brifinqlər və şəbəkələşmə tədbirləri vasitəsilə siyasətçilərlə bir araya gətirir.
Kral Mühəndislik Akademiyası (The Royal Academy of Engineering): 1976-cı ildə Akademiya davamlı cəmiyyət və hamı üçün işləyən inklüziv iqtisadiyyat qurmaq üçün mühəndisliyin gücündən istifadə məqsədilə qurulub və xeyriyyə təşkilatı kimi fəaliyyət göstərir.
Akademiya tərəfindən MacRobert Mükafatı adlı nüfuzlu mükafat təsis olunur və görkəmli innovasiya, maddi-sosial fayda və sübut edilmiş kommersiya uğuru nümayiş etdirən mühəndislik nailiyyətləri üçün verilir. 2021-ci ildə bu mükafatın və 50 min funt sterlinqin qalibi DnaNudge adlı startap olub. London startapı istehlakçılara DNT-ləri ilə daha sağlam alış-veriş etməyə imkan verən qabaqcıl istehlakçı genetika texnologiyasının inkişafına görə mükafatlandırılıb. DnaNudge-un analizatoru istifadəçinin genetik profilini piylənmə, şəkərli diabet, xolesterin kimi qidalanma ilə əlaqəli əsas sağlamlıq xüsusiyyətlərinə uyğunlaşdırır. Müştərilər daha sonra alış-veriş edərkən məhsulları skan etmək üçün daşına bilən DnaBand və mobil proqramından istifadə edir və daha sağlam seçimlərə yönəlirlər.
Britaniyada son illər əldə olunan əsas nailiyyətlər isə müxtəlif Britaniya universitetlərinin nəzdində fəaliyyət göstərən institutlardır. Buna ən yaxşı nümunə Oxford Universitetinin nəzdində fəaliyyət göstərən Cenner İnstitutudur. Belə ki, Oksford Universiteti və Britaniya-İsveç şirkəti AstraZeneca tərəfindən COVİD-19 əleyhinə istehsal olunan vaksin dünyanın bir çox ölkəsində istifadə olunur. Bu peyvəndin istifadəsinə ilk icazə verən ölkə də Böyük Britaniya olub.
Beləliklə, bu məlumatların sistemli təhlilindən aydın olur ki, Böyük Britaniyada elmlər akademiyaları alimləri və elmi inzibati yollarla mərkəzləşdirən qurumlar deyil, daha çox xeyriyyə xarakterli cəmiyyətlərdir. Burada inzibati amirlik metodu ilə Krallıq alimlərini özünə tabe etdirmək, onları təbəqələşdirmək məqsədi yoxdur. Təqdim olunan məlumatlardan da göründüyü kimi, Britaniyadakı akademiyaların hədəfi elmi nailiyyətlərə nail olmaq, müxtəlif sahələr üzrə alimləri, onların layihələrini dəstəkləmək və elm adamlarını daha yüksək nəticələrə, kəşflərə təşviq etməkdir. Qərb ölkələrində elmin və alimlər ordusunun əsas məbədgahı və istinadgahı elmlər akademiyaları deyil. Britaniya da daxil olmaqla, Qərb ölkələrinin böyük əksəriyyətində alimlər də, elm də güclü universitetlərdə cəmləşib, əsasən orada fəaliyyət göstərirlər. Akademiyalar isə elmin və alimlərin inkişafı, faydalılığı üçün donor və başqa xeyriyyə funksiyalarını icra edir.