Rusiyanın ən yeni tarixində elmlər akademiyaları ətrafında müzakirələr 2013-cü ildən davam edir. Həmin vaxtdan etibarən ölkədə elm və təhsil sahəsində köklü islahatlara başlanılıb. Lakin Rusiyada “Elm və Texnologiyalar İli” elan olunmuş 2021-ci ildə islahatlara ilkin yekun vuran elmi ictimaiyyət və ümumiyyətlə, bu sahənin inkişafına laqeyd qalmayanlar nəticələrin o qədər də ürəkaçan olmadığını gördülər.
AZƏRTAC-ın xüsusi müxbiri Rusiyada elm işinin təşkili, bu sahədəki mövcud vəziyyət aktual problemlərlə bağlı bəzi araşdırmalar aparıb. Onun qeydlərini təqdim edirik.
Rusiya Elmlər Akademiyası
2024-cü il yanvarın 8-də Rusiya Elmlər Akademiyasının (REA) yaradılmasının 300 illik yubileyi qeyd olunacaq. Ölkənin başlıca elmi müəssisəsi olan REA təbiət və ictimai elmlər sahələrində fundamental tədqiqatlarla məşğuldur. Bu elm ocağı imperator I Pyotrun sərəncamı ilə 1724-cü ildə yaradılıb. 1917-ci ildən Rusiya Elmlər Akademiyası adlandırılır.
2013-cü ildə Prezident Vladimir Putin REA-da islahatlarla bağlı federal Qanun imzalayıb. Qanuna əsasən, Rusiya Tibb Elmləri və Rusiya Kənd Təsərrüfatı Elmləri akademiyaları da REA-ya birləşdirilib. REA-nın daşınan və daşınmaz əmlakı yeni yaradılan Elmi Təşkilatlar Federal Agentliyinə (EDFA) verilib (2018-ci ildə agentlik bağlanıb və səlahiyyətləri yeni yaradılan Elm və Ali Təhsil Nazirliyinə verilib), dövlət əhəmiyyətli elmi-texniki layihələrin həyata keçirilməsini təmin etmək üçün ekspertlər korpusu yaratmaq, akademik institutların auditini aparmaq və s. təkliflər irəli sürülüb. Göründüyü kimi, islahatların ilkin mərhələsi əsasən inzibati-əmlak dəyişikliklərini nəzərdə tuturdu. Ən əsası isə, dövlət akademiyalarının bütün təşkilatları, o cümlədən elmi institutlar, onların tabeliyindəki poliklinika və uşaq bağçaları da EDFA-ya, sonradan isə Elm və Ali Təhsil Nazirliyinə verilib.
İslahatların ideoloqlarından biri sayılan sabiq təhsil naziri, hazırda Moskva Fizika Texniki İnstitutunun rektoru Dmitri Livanov REA-da islahatların vacibliyindən danışaraq deyib ki, müasir elmi təşkilat bu cür fəaliyyət göstərə bilməz. Onun sözlərinə görə, REA yalnız öz mövcudluğu ilə maraqlanan, xərc tələb edib, heç bir nəticə ortaya qoymayan korporasiyadır.
Rusiya Federasiyasında hazırda milli səviyyəli 6 dövlət akademiyası, submilli səviyyəli 4 və bir neçə ictimai akademiya fəaliyyət göstərir. Fundamental tədqiqatlar sahəsində isə ən böyük mərkəz Rusiya Elmlər Akademiyası sayılır. REA federal dövlət büdcə təşkilatı kimi yaradılmış qeyri-kommersiya təşkilatıdır. 2014-cü ildə onun Rəyasət Heyəti seçilib və yeni nizamnaməsi qəbul olunub. Təşkilat elmi rəhbərliyi və elmi tədqiqatları özü həyata keçirir. Onun təsisçisi və əmlakının sahibi Rusiya hökumətidir.
Akademiyanın üzvləri və elmi kadrlar
REA-nın tərkibinə akademiyanın üzvləri və ömürlük seçilən müxbir üzvlər, eləcə də əcnəbi üzvlər daxildir. Akademıyanın 2 min 154 üzvü, o cümlədən 984 həqiqi və 1206 müxbir üzvü ola bilər.
Hesablamalara görə, 10 il ərzində ölkədə alimlərin sayı 30 min nəfər azalıb.
Ali İqtisadiyyat Məktəbinin Statistika Bilikləri İnstitutunun araşdırmaları göstərir ki, 2020-ci ildə Rusiyada elmi-tədqiqat müəssisələrinə 85,5 min nəfər işə götürüldüyü halda, 91,1 min nəfər bu sahədən ayrılıb. On il ərzində texniki, tibb, təbiət elmləri, xüsusilə də kənd təsərrüfatı sahələrinə maraq xeyli azalıb, əvəzində, humanitar və ictimai sahələr üzrə mütəxəssislərin sayı artıb.
Ekspertlərin fikrincə, alimlərin sayının azalmasına baxmayaraq, hökumətin elm sahəsində çalışanların əməkhaqqını artırmaq səyləri gənclərin elmə marağını artacaq.
REA-nın idarəçilik orqanları və strukturu
Rusiya Elmlər Akademiyasının ali orqanı akademik, müxbir üzvlər və əcnəbi üzvlərdən ibarət Ümumi Məclisdir. Daimi fəaliyyət göstərən icraçı orqan – İdarə Heyəti prezident, vitse-prezident, eləcə də 80-dən çox akademikdən ibarətdir. Prezident 5 il müddətinə akademiklər sırasından seçilir və namizədliyi hökumət tərəfindən təsdiqlənir.
Akademiyanın strukturuna elm sahələri üzrə 13 bölmə, 3 regional bölmə, 15 regional elmi mərkəz daxildir. REA-nın prezidenti Aleksandr Sergeyev hesab edir ki, akademiya öz zəruriliyini sübuta yetirməlidir. Onun fikrincə, 2013-cü ildən başlanan islahatlar nəticəsində akademiyalar nəinki institutlarından, hətta elmlə məşğul olmaq səlahiyyətlərindən məhrum oldular. Elə məqamlar olub ki, elm sahəsində mühüm qərarlar barədə REA KİV-dən xəbər tutub.
“Bu gün REA nədir” sualına A.Sergeyev belə cavab verib: “Bir tərəfdən bu, alimlər klubudur, çünki təşkilatın institutları yoxdur, digər tərəfdən isə bu klub dövlət funksiyalarına malikdir. Belə ki, bizə elm sahəsində ekspertizalar keçirmək tapşırılıb. Bəs yaşamaq üçün nə etməliyik? Aktiv olmalı, öz zəruriliyimizi sübut etmək üçün vasitələr axtarmalıyıq”.
Rusiyada elm sahəsinin maliyyələşdirilməsi
2018-ci ildə Rusiyada “Elm” Milli Layihəsi qəbul olunub. Layihəyə əsasən, 2024-cü ilədək Rusiyanın dünyanın elm və texnologiya sahəsində tədqiqatlar aparan beş dövləti sırasına daxil olması, yerli və əcnəbi alimlər üçün ölkənin cəlbediciliyinin artırılması, elmi tədqiqatlara daha çox maliyyə vəsaitinin yönəldilməsi nəzərdə tutulur. Bu məqsədlə layihəyə 635 milyard rubl vəsait ayrılıb, azı 15 elmi-təhsil mərkəzinin yaradılması, dünya səviyyəli tədqiqatlar aparmaq iqtidarında olan elmi kadrlar hazırlanması planlaşdırılıb.