Logo

Elmi-texniki inkişaf İspaniyanın dövlət siyasətinin prioritetidir - Dünyanın elm təcrübəsindən

03.03.2022 15:50 885 baxış
IMG

İnkişaf etmiş digər ölkələrin nümayəndələri kimi, ispanlar da elmi kəşflər edir, kosmosa uçur, təbabəti və elmin digər sahələrini inkişaf etdirirlər.

AZƏRTAC xəbər verir ki, çox mürəkkəb bir elm olan neyrobiologiyanın əsasını qoymuş Nobel mükafatı laureatı Santyaqo Ramon-Kaxalın sayəsində İspaniya təbabətdə dünya miqyaslı elmi tərəqqi mərkəzlərindən biri kimi məşhurlaşıb. 1906-cı ildə təbabət və fiziologiya sahəsində mükafata layiq görülmüş Santyaqo Ramon-Kaxal bütün dünyanı beynin və sinir sisteminin öyrənilməsinə başqa cür yanaşmağa məcbur edib. Müasir dövrdə belə bir ehkam təkzib edilir ki, sinir hüceyrələri bərpa olunmur. Bu ehkamın yaranması məhz Santyaqo Ramon-Kaxalın əsərləri ilə bağlıdır. Həmin dövrdə bu alim beyini öyrənən ayrıca bir elm sahəsi kimi neyrobiologiyanın inkişafı üçün çox iş görüb. Bu gün İspaniya hökuməti təbabətin inkişafına birinci dərəcəli əhəmiyyət verir.

Avropada aparılan kilinik tədqiqatların beşdəbir hissəsində ispaniyalı alimlər iştirak edirlər. Bu ölkədən olan tədqiqatçılar QİÇS əleyhinə yeni dərmanın effektivliyini təcrübədə nümayiş etdirə biliblər. Onlar dölün genetik xəstəliklərinin diaqnostikası üçün ucuz başa gələn yeni sistem; yüksək effektivlikli müasir ağrıkəsici dərmanların lazer üsulu ilə tətbiqi texnologiyası; malyariyaya qarşı yeni preparat yaratmağa; okeanın ekosisteminin çirklənməsinə diqqəti cəlb etməyə; hamiləliyin 22-ci həftəsində kardiopatiyadan əziyyət çəkən qadının üzərində “klapanda klapan” adlı innovasiyalı metodikanın köməyi ilə əməliyyat aparmağa; əllərin implantasiyası üzrə dünyada beşinci uğurlu əməliyyat aparmağa; ciddi cərrahi müdaxilə edilmədən pasiyentə dünyada ən kiçik ölçülü kardiostimulyator implantasiya etməyə; ağciyər emfizemasının ağır formasının müalicəsi üzrə qeyri-cərrahi üsulla əməliyyat aparmağa nail olublar.

Bütün dünya üçün əhəmiyyətli elmi nailiyyətlərdən söz düşəndə ispan alimlərinin adlarını çəkməmək olmaz. “Cell” elmi jurnalının versiyasına görə, ispaniyalı Oskar Fernandes-Kapetilyo şiş əleyhinə aktivliyə malik olan birləşmələrin öyrənilməsinə verdiyi töhfələr sayəsində, yaşı 40-dan aşağı olan ən perspektivli 40 alimdən biri hesab edilib.

Elmi araşdırmalar üzrə ali şura (CSIC) İspaniyanın bütün muxtar icmalarında 123 mərkəz yaradıb. Şuranın məqsədi biliklərin inkişafına, iqtisadi, sosial və mədəni tərəqqiyə şərait yaratmaqdır. 2021-ci ildə Şuranın əməkdaşlarının sayı 12.246 nəfərə çatıb. Hazırda Şuranın illik büdcəsi 1,1 milyard avroya bərabərdir.

Elmi-texniki inkişaf İspaniyanın dövlət siyasətinin prioritetidir. İspaniyada elmi fəaliyyətin keyfiyyətinin artırılması, elm, texnologiya və innovasiyalar sistemi çərçivəsində əməkdaşlığın intensivləşdirilməsi meyli mövcuddur.

Xəbər lenti