Bildiyimiz kimi qadın azadlığı mövzusu dövrümüzün ən aktual problemlərindəndir. Cəmiyyətimiz elə formalaşıb ki, ta qədim dövrdən bu günə qədər kişi və qadın təbəqələşməsi hökm sürür.
Başlayaq ibtidai icma quruluşundan. İbtidai icma quruluşunun ilk mərhələlərində anaxaqanlığı (matriarxat) hökm sürmüşdür. Qadınlar hər işdə əsas planda idi. Ancaq sonrakı dövrlərdə kişi əməyi ön plana çıxdı. Çünki daha çox fiziki iş tələb olunurdu. Zaman keçdikçə artıq hər şey daha da təkmilləşdirildi. Texnologiya sürətlə inkişaf etdi. Görünən odur ki, daha kişilərin fiziki gücünə o qədər də ehtiyac duyulmur. Əslində günümüzə nəzər yetirsək görərik ki, qadınlarımız kişilərimizdən daha bacarıqlı, daha aktivdir (kişilərimizin bacarıqsız olduğunu vurğulamıram). Çünki qadınlardakı məsuliyyət daha çoxdur.
Ümumiyyətlə qadınların istənilən sahədə uğurlu ola biləcəyini düşünürəm. Lakin çox təəssüflər olsun ki, cəmiyyətimiz bu yöndən hələ də inkişaf etməmişdir. Mühitimizdə kişi və qadın işi deyə bir ayrımçılıq vardır. Məsələn, hərbi sahə deyərkən ağlımıza ilk olaraq kişilər gəlir. Halbuki, qadınlar da bu işin öhtəsindən gələ bilər. Dövrümüzdə təkcə iş baxımından deyil məişətdə də qadınlar ikinci plana keçir. Onlar müxtəlif təzyiqlərə, şiddətə belə məruz qalırlar. Cəmiyyətimiz bu kimi problemləri həll etmək əvəzinə daha da böyüdərək məsələni gündəmə çevirirlər. Artıq elə bir fikir formalaşıb ki, bu kimi məsələlərdə ilk olaraq qadın günahlandırılır. Qadın susmalı, işləməməli, ancaq ev işləri görməli, mediadan, cəmiyyətdən, sosial həyatdan uzaq olmalı kimi fikirlər millətimizi ancaq uçuruma sürükləyə bilər. Əslində avropa dövlətlərinə nəzər yetirsək bu kimi hallarla demək olar qarşılaşmırıq. Çünki, orada hər kəs özünü inkişaf etdirməyi, müasirləşməyi bacarır. Burdan da o qənaətə gəlirik ki, təhsil almaq, diplom almaq kifayət deyildir. İnsan özü özünü inkişaf etdirməyi, formalaşdırmağı bacarmalıdır. Cəhalət insanın fəlakətidir. Cahil insanların toplumundan cəhalətli bir mühit formalaşır. Bəs cahil insan kimdir?
Günümüzdə cahil insan dedikdə ilk olaraq ağıla diplomsuz insan gəlir. Lakin bu belə deyildir. Burada Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərindən stat gətirmək istərdim: ‘'Rüstəm, Vahid və Mirzə Məhəmməd adlı 3 qardaş vardır. Onlar hərəsi müxtəlif ölkələrdə təhsil almış insanlardır. Onların Gülbahar adlı bacıları və Zəhrabəyim adlı anaları vardı. Anaları bildirir ki, artıq bacınız evlənmə yaşına çatmışdır. Bu zaman qardaşlar hərəsi bir fikir yürütməyə başlayır.Təhsilli olmaqlarına baxmayaraq onlar nə düzgün bir fikir yürüdə bilirdilər, nə də düzgün qərar verə bilirdilər. Bunlar azmış kimi analarının üzünə də ağ olardılar həmişə". Əsərdən verdiyim qısa məlumatdan da məlum olur ki, cahillik insanın təhsil səviyyəsi ilə deyil, həyata baxışı ilə ölçülür. Ümumiyyətlə, cəhalət nə qədər hökm sürərsə o qədər qadın şiddətə məruz qalar, hüquqları tapdalanar. Bəs biz bu problemi necə həll edə bilərik? Maraqlı sualdır. Bəli, buna ilk olaraq ailədən başlaya bilərsiniz. Övladınızı dünyaya gətirərkən ona necə tərbiyə verə biləcəyinizi düşünün. Onun fikirlərini körpəlikdən formalaşdırmağa başlayın. Qız övladına lap uşaq vaxtdan deyilən sözlər: ‘'Qız uşağısan", "Hərəkətlərinə fikir ver", "Onu etmə, bunu et’'. Bəli, əzizlərim, doğrudur. Qız uşağı bir gələcəkdir. O böyüyüb bir qadın olacaq. Öz xanımlığını hər zaman qorumalıdır. Lakin, bu onun hüquqsuz, hər şeyə səssiz olacağı anlamına gəlmir. Qız uşağının tərbiyəsinə ayrılan vaxt qədər, oğlanların – gələcəyin kişilərinin tərbiyəsi ilə məşğul olunsa, qızları, qadınları kimlərdənsə qorumağa ehtiyac duyulmaz və cəmiyyətimiz daha gözəl və daha müasir formalaşar. Yazının sonunu özünəməxsus tərzilə seçilən şairimizin sətirləri ilə tamamlamaq istəyirəm. Nə demiş dəyərli şairimiz Ramiz Rövşən:
Yox, sənin canın da daşdan deyilmiş
Gör səni nə günə qoydular, Qadın?!
Əvvəlcə çadranı açdılar sənin…
Gör səni nə günə qoydular, Qadın?!
Sənin səbrin, dözümün
Göz yaşlari taladı…soydu getdi gözünü…
Gözlərin lüm-lüt qaldı…
Sonra gözlərindən öptülər yenə….
Adına nəğmələr qoşdular Qadın…
Səndən ötrüymüş, sən demə
İnqilablar…savaşlar…
Axan qanlar, kəsilən başlar, Qadın!
İnqilabı neynirsən ki?
Sən özün inqilabsan,
Sən başdan ayağa oxunmamış kitabsan!
Mustafayeva Gülər
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi