Dünyadakı 800-dən çox palçıq vulkanından 400-ə yaxını bizim ölkəmizdədir. Bu statistika ölkəmizin adını həm də “vulkanlar ölkəsi” kimi tanıdıb.
Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron ərazisində - sahildə, dənizdə və adalarda cəmləşib. Xəzər dənizində 140-dan çox belə vulkan var. Bakı arxipelaqında palçıq vulkanlarının fəaliyyəti nəticəsində 8 ada yaranıb. Dünyanın ən böyük palçıq vulkanları - Böyük-Kənizadağ və Turağay da bizim coğrafiyada yer alıb. Nəzərə alsaq ki, dünyanın ən böyük palçıq vulkanının püskürməsi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib, onda bu sahə üzrə mütəxəssislərin diqqətinin ölkəmizə yönəlməsini də təsadüfi saymaq olmaz.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib:
Ekoturizm obyekti
Palçıq vulkanların neft və qaz tərkibinə və əlverişli hidrogeoloji şəraitinə görə maqmatik vulkanlardan fərqlənməsi və eyni dağıdıcı enerjiyə malik olmaması bu təbii sərvətin ölkəmizdə ekoturizm obyekti kimi istifadəsinə şərait yaradır. Prezident İlham Əliyevin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupunun Dövlət Təbiət Qoruğunun yaradılması haqqında” Sərəncamı artıq 50-dən çox palçıq vulkanının Dövlət Təbiət Qoruğu statusu almasına səbəb olub. Həmçinin, dövlət başçısının iştirakı ilə 2021-ci ildə Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub. Belə ki, kompleks Azərbaycana səfər edən turistlərə palçıq vulkanları ilə bağlı ətraflı informasiya əldə etmək imkanı verəcək.
Turistlər üçün cəlbedici
Bu yaxınlarda ilin yekunlarına həsr olunan Turizm Sammitində Palçıq Vulkanları Turizm Kompleksi üzrə işlərin artıq yekunlaşmaqda olması ilə bağlı verilən məlumat da turizmin bu növünün artıq diqqətdə olduğunu gündəmə gətirdi: “Kompleksdə müxtəlif cür xidmətlər təşkil ediləcək. Həmin xidmətlərdən gələn turistlər də istifadə edəcəklər”.
Dövlət Turizm Agentliyi də mövzu ilə bağlı sorğumuza cavab olaraq yaxınlarda kompleks üzrə hazırlıqların başa çatacağını və bu haqda ictimaiyyətə geniş məlumat veriləcəyini bildirdi.
Bu hazırlıqlar yaxın gələcəkdə ölkəmizdə yeni bir turizm bumunun yaşanacağına ümidləri artırır. Yeni və unikal turizm məhsulu kimi vulkanlar turistlər üçün çox cəlbedici hadisə ola biləcək. Yəni klassik tətil mövsümü başa çatdıqdan sonra - payız-qış aylarında da səyahətçilər ölkəmizə gəlməkdə davam edəcəklər. Bu səfər zamanı onlar bu heyrətamiz vulkanları çox yaxın məsafədən görmək şansı qazanacaq, bu məkanın verdiyi sehri hiss edəcəklər. Amma bir şərtlə: bu istiqamətdə işlər mükəmməl qurularsa. Hələlik isə...
Kortəbii turlar
Dünya təcrübəsində sehrli gözəlliyə malik palçıq vulkanlarının olduğu yerlərə turlar təşkil edilir, bu məkanlarda tibb müəssisələri yaradılır, kurortlar tikilir. Vulkan turları növlərindən asılı olaraq dünyada çox məşhurdur. İslandiya, İndoneziya, Meksikada palçıq vulkanları, İtaliyada Vezuvi vulkanı, həmçinin Kamçatkada, Azov dənizində və s. yerlərdə palçıq vulkanlarına turlar turistləri cəlb edir. Palçıq vulkan turları daha çox sağlıq turizmi məqsədilə təklif olunur. Vulkanik palçıq sağlamlığa faydalı təsir göstərir: sərin təbii vannalarda üzgüçülük seanslarından sonra dayaq-hərəkət sistemi və ürək-damar sistemi xəstəliklərinin simptomları yüngülləşir. Həmçinin, vulkanlar və onların palçıq kütlələrindən elm və sənayedə istifadə olunur.
Təəssüf ki, ölkəmiz palçıq vulkanlar üzrə dünyada birinci yerdə olmasına baxmayaraq, turizm destinasiyası kimi bu sahənin inkişafından danışmaq olmaz. Hələlik palçıq vulkanlarına yerli turizm şirkətləri tərəfindən kortəbii ekskursiyalar təşkil edilir. Yəni bu gün palçıq vulkanlarının ərazisində xoş olmayan mənzərə var. Bunu turizmçilər özləri də etiraf edirlər.
Qış aylarının problemi
Turizmçi Tərlan Quliyev palçıq vulkanları turizminin ölkəmizdə populyar olduğunu bildirsə də, bu sahədə müəyyən problemlərin olduğunu da qeyd edir: “Bu turizm növü xüsusən ərəb və hindistanlıları cəlb edir. Destinasiya çox maraqlıdır. Bu istiqamətdə şirkətlər tərəfindən ekskursiyalar və turlar təşkil edilir. Kompleksin özünə yaxşı yol çəkilib və vulkanlara getmək olur. Digər tərəfdə isə yol keyfiyyətsizdir, yağışlar olanda, xüsusən qış aylarında ekskursiyaların təşkili mümkün olmur”. Turizmçinin sözlərinə görə, hazırda palçıq vulkanlara olan ekskursiyalar ziyarət xarakteri daşıyır: “Yay mövsümündə bəzən turistlər palçıq vulkanların içinə girir və könüllü olaraq palçıq vannası qəbul edirlər. Amma xüsusi olaraq orada müalicə-sağlamlıq üçün xüsusi bir xidmət nəzərdə tutulmayıb. Ola bilər ki, gələcəkdə bununla bağlı nüanslar nəzərə alınsın”.
İnsanlarımız daha çox əyləncəyə meyl edirlər
Turizmçi Səbinə Rüstəmova əsasən Qobustan ərazisinə turların təşkil edildiyini bildirir: “Ən məşhur və ziyarət edilən palçıq vulkanları Bakıdan 75 km cənub-qərbdə, Qobustan kəndi yaxınlığında yerləşir. Turlarda əsasən əcnəbilər iştirak edirlər. Hindistan, Pakistan və ərəb ölkələrindən gələn turistlər palçıq vulkanlarına səyahət etdiyindən, onlar üçün belə turlar təşkil edilir”. S.Rüstəmova öz vətəndaşlarımızın belə turlara maraq göstərmədiyini təəssüflə qeyd edir: “Bizim insanlar elmi turlara maraq göstərmirlər. Onlar daha çox əyləncə turizminə və qış turizm növlərinə meyl edirlər. Ancaq məktəblilər belə turlarda iştirak edirlər. Bu turlar məlumat yönlü olduğu üçün uşaqlara məlumatlar verilir. Hesab edirəm ki, bu turizm növünü daha da populyarlaşdırıb turizm destinasiyası kimi inkişaf etdirmək olar. Nəticədə yerli əhalinin marağı artar, əcnəbi turistlərin sayı da çoxalar”.