Logo

Elçin Şıxlı: “Elektron media daha çevikdir, xəbəri daha tez ötürür" - FOTO

02.01.2024 21:06 348 baxış
IMG

“Məktəbdə” Yeni il ərəfəsində Mərdəkan qəsəbəsindəki 183 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivini bir yerə topladı. Layihənin növbəti qonağı Azərbaycan Jurnalistlər Birliyinin sədri, ayna.az saytının təsisçisi Elçin Şıxlı idi. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə "Kaspi" qəzetinin birgə reallaşdırdığı layihə müəllim-şagird münasibətləri, ixtisas seçimi, mütaliə vərdişləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbət və sorğularla yadda qaldı.

“Fikirlərinizi ifadə etməyi öyrənin”

Elçin Şıxlı görüşə jurnalist fəaliyyətindən danışmaqla başladı: “Jurnalistika cəmiyyətdə mövcud olan problemləri ayırd edə və qabarda bilir. Amma problemləri həll etmir, çünki vəzifəsi bu deyil. Sadəcə, hakimiyyətin digər üç qolunu məlumatlandırır. Jurnalistikanın əsas prinsiplərindən biri alınan məlumatı iki və ya üç mənbədən təsdiq etməkdir. Mən 20-25 il əvvəl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs demişəm. “Kim jurnalist olmaq istəyir?” - deyə tələbələrimdən soruşanda yalnız 2-3 nəfər əl qaldırırdı. Qalanları fakültəyə test sistemi ilə təsadüfən daxil olduqlarını deyirdilər. Mən də həmin 2-3 nəfərə həmişə məsləhət görürdüm ki, əgər jurnalist olacaqsınızsa, ilk növbədə fikirlərinizi ifadə etməyi öyrənin. Siz də bu məqamı unutmayın - həm orta, həm də ali məktəbdə”.

Qonaq orta məktəb illərini xatırladı: “Orta təhsilimi 190 saylı orta məktəbdə almışam. İlk müəllimim Hökümə Qurbanovanı bütün müəllimlərimdən çox istəmişəm. Sinifdə 56 şagird vardı. Ən çox oğlan uşağı da bizim sinifdə idi. Hərənin bir xarakterdə olmasına baxmayaraq, sinfimiz ən yaxşılardan idi. Hökümə müəllimə bütün şagirdlərlə dil tapmağı bacarırdı. O, mənə bu peşəni daha dərindən sevdirdi. Mən həmişə müəllim peşəsinə hörmətlə yanaşıram. Siz də müəllimlərinizi sevin və hörmət edin”. E.Şıxlı kiril əlifbasından latın əlifbasına keçidin bir sıra problemlər yaratdığını bildirdi: “Bu dəyişiklik insanların oxumaq vərdişinə təsir etdi. Amma indi sizin üçün bu problem yoxdur. Bütün vəsaitlər latın qrafikası ilə çap olunur. Mütaliə isə zəifləyib. Biz o zaman inşa yazırdıq. Mirzə Fətəli Axundovun “Xəsis” komediyası haqqında yazmaq üçün Molyerdən tutmuş, bu mövzuda yazan digər yazıçıların əsərlərinə qədər oxuyurduq. Müəllimlərimiz bunu bizdən tələb edirdilər. Bu, həm də mütaliə vərdişimizi formalaşdırırdı”.

“Məndən riyaziyyatçı alınmadı”

Şagirdlərdən birinin “Atanız yazıçı olmasaydı, siz qələm adamı olardınızmı?” - deyə sorğusuna qonaq “Atam mənim jurnalist olmağımı istəmirdi. İstəyirdi riyaziyyatçı olum. Məndən riyaziyyatçı alınmadı”, - deyə cavab verdi: “Beynin quruluşu başqa şeydir. Mən jurnalist olana qədər az qala on yerdə işlədim. Əsas ixtisasım ingilis-alman dili müəllimliyi idi. Tərcüməçilik də etmişəm. Əsas məsələ o idi ki, 09.00-dan 18.00-a işdə oturmaqdan həzz almamışam. Lazım gələndə 15-16 saat işləmişik. Sərbəst iş rejimi yaradıcılıq istəyimi tamamlayıb”. İxtisas seçimindən danışan qonaq bildirdi ki, o zaman xarici dil bilən azərbaycanlılar az idi, internet də yox idi: “Xarici dil bilmədən xaricdə gedib işləmək də olmurdu. Orta məktəbdə bizə fars dili keçirdilər. Dünyaya çıxış üçün ərəb-fars dili bəs etmirdi. Ona görə də ingilis dilini seçdim. İnstituta daxil olanda məqsəd o idi ki, işimə kömək olsun. Alman dilini də öyrəndim. İndi ingilis dilini, demək olar ki, əksər gənclər öyrənir. Bunun üçün kifayət qədər vasitələr var. Mənim oxuduğum illərdə isə imkanlar çox məhdud idi”.

Qəzet - kübarlıq əlaməti kimi

“Əvvəl qəzet-jurnal oxumağa tələbat daha çox idi, yoxsa indi?” - deyə şagirdlərdən biri maraqlandı: “O vaxt informasiya almağa başqa imkanlar yox idi. Ona görə hamı informasiyanı qəzetdən və TV-dən alırdı. Mətbuata münasibət də çox ciddi idi. Bir hərf səhvinə görə adamı işdən çıxarırdılar. İndi isə mətbuat əvvəlki sanbalını itirib: nə tənqid, nə həqiqət var, nə də insanı düşündürən yazılar... 2014-cü ilə qədər mən “Ayna” qəzetini buraxdım. Rus və Azərbaycan dilində iki qəzet çıxırdı.

150 işçimiz vardı. İndi saytda beş işçi var. 150 nəfərin gördüyü iş hara, beş nəfərin gördüyü iş hara? Bu, mənim üçün deqradasiyadır. Əvvəllər hamı qəzet oxuyurdu. İndi isə qəzet köhnə platforma sayılır. Hansınızdan “Qəzet oxuyursunuz?” - deyə soruşsam, “yox” deyəcəksiniz. Amma yeni texnologiyalar nə qədər inkişaf etsə də, qərb ölkələrində oxumaq yaddan çıxmayıb. Hətta bir çox mədəni ölkələrdə qəzet kübarlıq əlaməti sayılır”.

“Bəs elektron medianı necə dəyərləndirirsiniz?” soruşan məktəbliyə cavabında E.Şıxlı “Elektron media informasiyanı sürətli ötürmə vasitəsidir” dedi: “Elektron media daha çevikdir, xəbəri daha tez ötürür. Ancaq oxuduğun materialın içi boşdursa və məğzi yoxdursa, mənası da yoxdur. Konstitusiyamıza görə hər kəsin informasiya almaq və yaymaq hüququ var. Ənənəvi mediada informasiya yanlışdırsa, mən məsuliyyət daşıyıram, sosial mediada isə buna görə heç kim məsuliyyət daşımır. Daha bir fərq də odur ki, ənənəvi mediada yazılanlar qalır, arxivlərdə, kitabxanalarda saxlanır. Elektron platformalarda isə arxivlər pozula bilər”.

Bəlkə beş ildən sonra...

“44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimizdən sonra yazıçı və şairlərimiz bir sıra əsərlər yazdılar.  Onlardan hansını oxumusunuz?” - deyə auditoriyadan ünvanlanan suala qonaq “Məni qane edən bir əsərə rast gəlməmişəm”, - deyə cavab verdi: “Fikrimcə, irimiqyaslı siyasi hadisələrdən, xüsusən müharibələrdən yazmaq üçün gərək həmin hadisələrin ya iştirakçısı, ya da yaxından şahidi olasan. Biz bu hadisələrin mahiyyətini 10-15 ildən sonra başa düşəcəyik. Atamın “Cəbhə gündəlikləri” adlı əsəri var. O, bu əsəri müharibədən dörd il keçəndən sonra yazmışdı. Bizdə də təxminən beş ildən sonra nəsə yarana bilər”.

Sonda E.Şıxlı şagirdlərə tövsiyələrini də verdi: “Tövsiyə edirəm ki, inkişaf etmək, yeni dünya ilə ayaqlaşmaq, özünüzə daha yaxşı vətən qurmaq üçün ömür boyu oxuyub öyrənin”.

Xəbər lenti