Türk Ağsaqqalları İctimai Birliyi (TAİB) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının birgə təşkilatçılığı ilə “31 Mart - Azərbaycanlıların soyqırımı: Qanlı faciədən şanlı Zəfərə” mövzusunda elmi-praktik konfrans keçirilib.
ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, konfransda TAİB İdarə Heyətinin üzvləri, tanınmış ziyalılar, filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti iştirak edib.
Konfrans iştirakçıları tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Quba şəhərindəki abidəsini, daha sonra isə Quba Şəhidlər xiyabanı və Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Pedaqoji Universitetin Quba filialının akt zalında keçirilən konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin, soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru Yusif Alıyev çıxışında konfransın tarixi əhəmiyyətini diqqətə çatdıraraq, onun artıq bir ənənəyə çevrildiyini qeyd edib. Direktor daha sonra Azərbaycan xalqının başına gətirilən müsibətlərdən söz açıb, tarixi faktları qarşılaşdırıb, sistemli təhlil verib.
Konfransda məruzə edən TAİB-nin sədri, YAP Veteranlar Şurasının üzvü, tibb elmləri doktoru, akademik Südeif İmamverdiyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən və 31 Mart – Azərbaycanlıların soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsindəki rolundan danışıb.
Filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Kəmalə Bayramovanın moderatorluğu ilə davam edən konfransda, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, TAİB-nin Qadınlar Şurasının sədri, tarix elmləri doktoru Güllü Yoloğlu, şuranın sədr müavini Sara Göyçəli və digərləri çıxışlarında bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə ali hakimiyyətə qayıdışından sonra Mart soyqırımına dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfərlə bitən Vətən müharibəsində ermənilərin iki əsrlik əsassız iddialarının boşa çıxması, əzəli torpaqlarımızın işğaldan azad edilməsi haqqın qələbəsi, xalqımıza qarşı törədilmiş soyqırımlarına tutarlı cavabdır.
Konfransda, həmçinin filialın tarix müəllimliyi ixtisasının tələbəsi Günəş İskəndərova qələmə aldığı "Şəhidlər" şeirini səsləndirib.
Elmi-praktik konfransın sonunda TAİB-nin sədri, akademik Südeif İmamverdiyev ADPU-nun Quba filialında son bir ildə görülən işlərə də diqqət çəkərək bildirib ki, filial həqiqi mənada yüksək uğurlara imza atır, yeni yaradılan mərkəzlər və maddi-texniki bazanın yenilənməsi buna əyani sübutdur. Sevindirici haldır ki, bütün bu görülən işlər bölgələrdə ali təhsilin səviyyəsinin yüksək olduğuna dəlalət edir.
Daha sonra filialın Elmi Şurasının qərarı ilə türk xalqları arasında inteqrasiya prosesinin inkişafında müstəsna xidmətlərinə və elmi-praktik konfransda fəal iştirakına görə TAİB-nin İdarə Heyətinin üzvləri Mübariz Süleymanlı, Sara Göyçəli, Məcid Hacıyev və Akif Cabbarov Fəxri diplomla təltif olunublar.
Məruzəçilər tərəfindən filialın kitabxanasına kitablar təqdim olunub.