Logo

Xaricdə təhsil alan hər kəsin xərclərini dövlət ödəməlidir? - ŞƏRH + FOTO

09.04.2024 14:58 341 baxış
IMG

Bu gün ölkəmizdən kənarda təhsil alan azərbaycanlı tələbələrin sayı 45 min nəfərdən çoxdur.

"Tehsil.biz"in məlumatına görə, onların 25 minə qədəri təkcə qardaş Türkiyədə təhsil alır.

Bundan başqa, xarici ölkələrdə təhsil almağa gedənlər əsasən 3 kateqoriya üzrədir:

- Azərbaycanda keçirilən qəbul imtahanlarında bal toplaya bilməyib attestat ilə xarici ölkələrdə alanlar;

- SAT, İELTS, TOEFL, İBM kimi müxtəlif beynəlxalq imtahan nəticəsi ilə gedənlər;

- Dövlət proqramı və ya dövlətlərarası proqramlar, ölkələrin özlərinin elan etdiyi təqaüd proqramıları (Scholarship) gedənlər.

Mövzu ilə bağlı "Tehsil.biz"ə danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, dövlət özünün ehtiyacı kadrların hazırlanması üçün proqram elan edir.

Ekspert qeyd edib ki, 2007-2015-ci illər dövlət proqramında 3500 azərbaycanlı gənc təhsil alıb və dövlət hesabına 95 milyon manat pul xərclənib, 2019-2022-ci illəri əhatə edən beynəlxalq rəqabətlilik proqramı və 2022-2026-cı illəri əhatə edən proqramda 2 min gəncin təhsili nəzərdə tutulur və 80 milyon manat pul ayırılıb: "Bu gün dünyanın reytinqli universitetinə qəbul olmaq çox asandır. Hazırda bütün universitetlər beynəlxalq reytinq cədvəlində irəliləyiş əldə etməsi üçün xarici ölkələrdən tələbə qəbuluna üstünlük verir və bunun üçün şərtləri asanlaşdırıblar. Bəli, Konstitusiyamıza, "Təhsil Haqqında Qanun"a görə dövlət istedadlı gənclərin təhsilinə qayğı göstərir. Amma bu o demək deyil ki, hərə əlində bir qəbul kağızı gətirib deyəcək ki, mənim xərcimi dövlət ödəsin".

Kamran Əsədov (Təhsil eksperti)

Kamran Əsədov deyib ki, Dövlət proqramı çərçivəsində dövlətin ehtiyacı olduğu kadrlara görə sifariş verib: "Dövlət deyir ki, bax, mənə bu universitetlərdə, bu ixtisaslarda təhsil alan azərbaycanlı tələbələr lazımdır və onların böyük məmnuniyyətlə təhsil xərclərini ödəmək istəyirəm. Niyə kimsə gedib ABŞ-də kompüter mühəndisliyi ixtisasında oxumalıdır ki, ona 60 min dollar hər il ödəniş edilə? Ondan da reytinqli, keyfiyyətli təhsil verən, kadr hazırlayan universitetlər İngiltərədədir. Böyük Britaniyanın universitetləri bu istiqamətdə daha reytinqli və yaxşıdır. Bəli, gənclərin təhsilinə dəstək olunmalıdır. Amma bu ədalətli olmalıdır. Azərbaycanda təhsil alan tələbələrin 50 faizi pulsuz təhsil alır. I qrupda təhsil alan tələbələrin 80 faizi pulsuz oxuyur. Bizə nüfuzlu universitetlərin məzunları lazımdır, lakin dövlətin də ehtiyacını nəzərə almalıyıq".

Kənan Nağıbəyli

Xəbər lenti