Logo

Hitlerdən Cobsa – Xarizma və onun elmi əsasları

13.04.2021 15:59 585 baxış
IMG

Xarizmatiklər dünyanı idarə edir. Onlar sizi Tanrıya inandırmağa, sektalara qoşulmağınızı, pulunuzdan keçməyinizi, onlara səs verməyinizi təşviq etməyə qadirdir. 2000 ildir ki, xarizma tərifi və izahı olmayan fitri bir qabiliyyət, ilahi vergi kimi qəbul edilir – ya gərək Corc Kluni kimi təbəssümlə dünyaya gələsən, ya da orda-burda sürünüb, kütlələr qarşısında çıxış etməkdən sıxılıb-qızarasan. Doğrudanmı başqa çıxış yolu yoxdur? Elmi ictimaiyyət hər şeyin o qədər də ümidsiz olmadığını iddia edir. Onların fikrincə, xarizmanın nə olduğunu, sehrli gücünün necə işlədiyini, onun necə ölçülə biləcəyini və ən əsası, necə əldə edilə biləcəyini araşdırmaq, sorğulamaq mümkündür.
Mistik bir “vergi” olan xarizma haqqında təsəvvürümüzün formalaşmasında, çoxdan unudulmağa üz tutmuş erkən xristianlığın araşdırıcılarından olan Rudolf Zomun əməyi misilsizdir. Xarizma konsepsiyasını ilk dəfə gündəlik həyatımıza gətirən və bu sözün mənasını növbəti min illər üçün təyin edən məhz Zom olub. Teoloji anlayışda xarizma (sözün birbaşa mənasında) ilahi bir qığılcım, lütf, Rəbbin öz seçilmiş bəndəsinin çiyninə qoyduğu və onu məsihin yolu ilə apardığı əlidir. Xarizmanın bir nömrəli, əsas izahı bu cürdür.
İkinci izahın müəllifi isə, keçən əsrin əvvəllərində yaşamış alman filosof və sosioloqu Maks Weber olmuşdur. Weber fövqəltəbiiliyin bir anlayış kimi təhrif olunduğunu bildirərək, küllərindən yenidən doğan bu anlayışın bu səfər hökmranlıq prinsipi ilə möhkəm uzlaşdığını müdafiə edir, daha doğrusu, xarizmatikliyi liderliyin ideal forması kimi göstərirdi.
Weberə görə xarizmatik olmaq – İsa məsih, Makedoniyalı İskəndər və ya Axilles olmaqdır. Fövqəltəbii qabiliyyət, peyğəmbərlik vergisi, yüksək ruh və bəlağət qüdrəti – xarizmanın nümunəvi keyfiyyətləridir.
Klassik Weberian tərifə görə, xarizma – sayəsində fövqəlinsan və ya ən azından istedad sahibi kimi tanınmağa, qəbul olunmağa şərait yaradan xüsusi bir insani keyfiyyətdir. 90-cı illərədək uzanan tədqiqatların böyük hissəsi məhz bu tərifə əsaslanır, istinadlar da ona edilirdi.
Beləliklə, dünyanın aparıcı konsepsiyaları xarizmanı iki əsas şeylə əlaqələndirir – seçilmək və insanlara fövqəladə təsir imkanına malik olmaqla. Bu verginin “doğuşdan gəlməsi” və “izahının olmaması” haqqındakı ümumi qənaət də birbaşa sözügedən əlaqənin nəticəsidir, yəni “dəmir-beton” möhkəmliyindəki stereotipin də qaynağı budur.

 

Xarizma necə işləyir

 

Şərti Corc Kluninin həmsöhbətini MR aparatına yerləşdirsək məlum olar ki, Kluni öz əhvalatını rəngli boyalarla danışdığı əsnada, onu dinləyən şəxsin beyni eşitdiklərini normal üsullarla qəbul eləmir. Tədqiqatçılar, xarizmatik natiqi dinləyərkən bizim analitik düşüncə, məntiq, diqqət, tənzimləmə və s. kimi rasional qabiliyyətlərdən istifadə etmədiyimizi aşkar ediblər, çünki o sırada biz, tamamilə fərqli bir sinir strukturu olan – Passiv Beyin Rejimi Şəbəkəsini işə salırıq.
Passiv beyin şəbəkəsi xəyal qurmağa, ətraf mühit haqqında düşünməyə və nostalji qabiliyyətinə cavabdehdir. O, yalnız düşüncə mərkəzi ilə “əməkdaşlığı” rədd eləmir, eyni zamanda onu boğub sıradan çıxarır.
Bu səbəbdən, hər şeyi söz-bə-söz xatırladığımızı sansaq da, xarizmatik hekayəçidən dəqiq bir sitat gətirə bilmərik.
Stiv Cobs kimi məşhur liderləri qarşımızda görəndə isə, daha da irrasional oluruq. Eyni prinsip, tutaq ki, Hollivud aktyorlarına da aiddir. Onlarla birbaşa kontaktımızdan əvvəl, onlar haqqında güclü xarizmatiklər olduqlarına dair təsəvvür formalaşmış olur. Xarici cazibənin təsiri müasir idrak elmində populyar olan “predikativ kodlaşdırma quruluşu” nəzəriyyəsi ilə ətraflı izah edilmişdir. Onun mahiyyəti budur ki, xarici dünya ilə təmasımız onun barədə ilkin, daxili təsəvvürlərimiz vasitəsilə baş verir. Bu, beynimizin iş prinsipi ilə əlaqədardır: beynimiz proqnoz verməklə məşğuldur, daha doğrusu, beynimiz elə yalnız proqnozlaşdırmağa və obrazları tanımağa meyl edir. Hər ikisinin də mənbəyi yalnız beş duyğu kanalımız deyil, eyni zamanda gözləntilərimizin kompleksindən yaranan şərtlənmişliyimizdir.
Məhz bu səbəbdən, arxasında qadın pərəstişkarlardan nəhəng bir ordusu, yaxud aktivində Apple kimi brendi olan şəxslərin qarşısında beynimiz məlumatı analiz etmək, onu dəfələrlə yoxlamaq üçün enerji sərf etmək istəmir, ona şüursuzca daxil olan “etibar et və inan” əmrinə itaət edir.
Xarizmatik bir insanın yanında qapıldığımız xoşbəxt “iflic” vəziyyəti ilə daxilimizdəki rasionalisti rədd edirik. Weberin təsvir etdiyi kimi – bir peyğəmbərin, qəhrəmanın, nüfuzlu şəxsin, yaxud liderin yanında, bir qayda olaraq iflic vəziyyətinə düşürük.

 

Cambridge-də təşkilati davranış və xarizmanın emosional təsirlərini araşdıran Jochen Menge, hipnoza bənzəyən bu heyranlıq halını araşdırıb. Onun terminologiyasına görə biz, “ehtizaz qarışıq qorxu effekti” ilə üz-üzəyik. Təcrübələr əsnasında Menge paradoksal bir məqamı da kəşf edib – sözügedən effekt xarizmatiki açıq-aşkar ucaldan, qarşısında titrəyənlərə də aiddir, adi hörmət edən, onu ucaltmayan, sadəcə onun dəyərini bilib qəbul edənlərə də. Bu cür eynilik, bərabərlik şüuraltı duyduğumuz hörməti nümayiş etdirdiyimiz zaman həyəcanımızın intensivliyinə nəzarəti istər-istəməz itirdiyimiz üçün meydana çıxır.

 

Psixologiyaya bu hiylənin nəticəsi çoxdan məlumdur – həyəcan bizdən asılı olmadan güclənir.

 

Mengeyə görə, “ehtizaz qarışıq qorxu effekti” bizi sözün əsl mənasında trans vəziyyətinə salır. Tez-tez xarizmanın klassik nümunəsi kimi xatırlanan, özünəməxsus xarici görkəmə malik olan qısaboylu Adolf Hitlerin özünü və şübhəli çevrəsini “saf qanlı ariyalılar” elan etməsi və bu iddianın kütlələr tərəfindən etibar görməsi, məhz həmin trans vəziyyəti ilə izah oluna bilər.
Hitlerə lider ilə kütlə arasındakı münasibətin minillik tarix-ənənəsi kömək etmişdi. Təkamül nəzəriyyəsinə görə cəmiyyət ta qədim zamanlardan xarizmatik liderləri izləməyə meyllidir. Müasir tədqiqatçılar bu fenomeni qədim və modern insanların beynində eyni səviyyədə qalan “magik” təsəvvürlə əlaqələndirirlər. Daha sonrakı zamanlarda, məsələn, insanlar Perun naminə toyuq qurban kəsməyi dayandırsalar da, xarizmatikləri izləmək arzularını öz azadlıqlarından imtina etmək arzuları ilə birləşdirdilər – məsuliyyətdən azad olmaq, tənhalığa qalib gəlmək və sosial lazımsızlıq hissindən qurtulmaq üçün. Sifətini itirməmək şərti ilə kölə olmağa razılaşmaq instinkti, alman sosioloqu və filosofu Erix Fromm tərəfindən ətraflı izah edilib.
Onun konsepsiyasına görə, insan yuxarıdakı problemlərin kompleksi ilə yüklənmiş “mən”indən o qədər bezdi ki, hər şeydən birdəfəlik və bir anda xilas olmaqdan ötürü, özünü maqnitizmi olan şəxsiyyət ilə eyniləşdirmək yolunu seçdi, bu, ona daha asan gəldi.

 

Yeri gəlmişkən, eyni mexanizm sadomazoxizmdə də işləyir.
Freyd “Kütlələrin Psixologiyası və İnsan Məninin Təhlili”ndə fərdin öz azadlığını qurban vermək kimi şiddətli bir arzudan bəhs edir. Freydə görə, əksəriyyət lider obrazında öz atasını görür, yaxud onunla münasibətlər modelini kopyalayaraq xarizmatik liderlə münasibətini “uşaq-valideyn” sistemi üzərində qurur. Son araşdırmalara görə, bu proses doğrudan da hərfi, birbaşa mənasında məhz bu cür işləyir: xarizmatiklik əsasən uşaqların valideynlərinə bağlılığına cavabdeh olan neyropeptid oksitosin tərəfindən modulyasiya olunur.
Beləliklə, bir tərəfdən biz “hipnotik” təsirə qapılmağa (irrasionallıq) meylliyik, digər tərəfdən isə kiminsə təsiri altına düşmək üçün daxili istək və ehtiyacımız var (könüllülük). Xarizmanın fitri bir keyfiyyət olmadığını və sonradan öyrənilə biləcəyini qəti şəkildə bəyan edən neo-xarizmatik məktəbin alimləri məhz bu iki amilə istinad ediblər. İfrat entuziast alimlər hətta öz tezislərini sınaqlar yolu ilə də sübut etməyə çalışacaqlar…

 

Xarizmanı necə işə salmalı

 

Dövrümüzün “Delfik orakulu” olan Google-a müraciət edib, ondan neo-xarizma haqqında soruşsaq, cavab əsl qədim peyğəmbər ruhunda olacaq – dini perversiya motivli bidət, məzhəbə yaxud missonerlərə qoşulma, sekta yığıncaqlarında iştirak və s. Bizə isə, məsələnin sırf elmi tərəfi maraqlıdır.
1990-cı illərin ortalarından günümüzə qədər neo-xarizmanı araşdıran nəzəriyyəçilər, bu “ilahi vergini” demokratik şəkildə bölüşdürmək uğrunda mübarizə aparırlar. Bunun üçün onlar “lider və ardıcılları + korporativ mifyaratma” düsturu ilə işləyən təşkilatlarda xarizmanı araşdırıblar.
Sözügedən sistem, xarizmanı fövqəltəbii qatından arındıraraq, ona prozaik aspektdən yanaşmağa imkan verir.
Lozanna Universitetinin Təşkilati davranış üzrə professoru və özü parlaq neo-xarizmatik olan John Antonakis xarizmanı duyğulara və ideologiyaya əsaslanan simvolik təsir mexanizmi hesab edir. Onun nöqteyi-nəzərindən “duyğu-ideologiya” (və ya “hisslər-dəyərlər”) diadası funksional bazadır, onun köməyi ilə həmin “hipnotik” auranı süni şəkildə yaratmaq mümkündür. Yalnız təsirə təslim olmaq istəyimiz yox, eyni zamanda qavramadakı məntiqsizlik də sözügedən konsepsiyanın əlinə oynayır, – siqnalları intuitiv səviyyədə qəbul etdiyimiz üçün, onların haradan gəldiyini refleksiya etmirik. Beynimiz elə proqramlaşdırılıb ki, onu aldatmaq, məsələn, sünini təbii kimi ona “soxuşdurmaq” mümkündür.
Yeni bir xarizma anlayışı ilə silahlanan Antonakis və komandası həqiqətən maraqlı və gülməli nəticə əldə etdilər: ofis planktonu elm adamlarının köməyi ilə, bir neçə həftə ərzində daha xarizmatik olmağı öyrəndi.
Aristotelin böyük bir pərəstişkarı olan Antonakis, təlimlərini aktyorluq sənətini bəlağət sistemi ilə uzlaşdıraraq keçirirdi. Nəticədə, elm adamları bütün ofis planktonlarına – CEO-lardan tutmuş iqtisadi departamentin rəhbərlərinə qədər – 12 verbal və sözsüz bacarıq, yaxud CLT (Xarizmatik Liderlik Taktikası) aşılamağı bacardı. Təlim boyunca CLT-yə yiyələnən subyektlər izlədikləri davranışları beyinlərinə həkk etməyi və sonra onları kopyalamağı-yamsılamağı öyrəndilər. Dinləyicilərin reaksiyalarını izləmək üçün onlara göstərilən xarizmatik çıxışlardan ibarət video-kadrlar tez-tez dayandırılır və onlardan təkrarlamaqları xahiş olunurdu. “Ev tapşırığı” olaraq isə ofis planktonu özlərinin xarizmatik obrazda “selfie” videolarını çəkmiş və öz personajlarını analiz etmişdilər.
Təcrübədən əvvəl və sonra iştirakçılar ilə təcrübədə iştirak etməyənlər arasında sorğular keçirilmiş və məlum olmuşdu: təlim keçənlər nəinki daha xarizmatik hesab olunurlar, onlar hətta “super-effektiv boss” kimi də qiymətləndirilirlər. Sonuncu, olduqca mübahisəlidir. Paralel keçirilən araşdırma bunun tam əksini sübut etmişdi.
Belə ki, əldəqayırma xarizmatiklərin tez-tez mübahisəli situasiyalar yaratması, özünəməxsusluq və strateji düşüncələrinin olmaması, məhsuldarlıq səviyyələrinin arzuolunan dərəcəyə qalxmasına mane olurdu.
Quru xarizma ilə bağlı isə, doğrudan da heç bir problem yaranmamışdı – elm adamları məşqlər vasitəsilə iştirakçılara həqiqətən cazibə qatmağa nail olmuşdular.
Yeri gəlmişkən, yuxarıda adları çəkilən Adolf Hitler və Stiv Cobs da neo-xarizmatik məktəb üçün mükəmməl nümunə, reklam rolunda çıxış edə bilərlər. 1914-cü ildəki yefreytor Hitlerin yuxarıda sadalanan keyfiyyətlərdən heç bir olmasa da, Hitler öz maqnit gözləri, mimikriya istedadı və qeyri-adi təsirə malik bəlağəti ilə məşhur olmuşdu. Şəxsiyyət kultu və müntəzəm məşqlər öz sözünü demişdi. Karyerasının əvvəlində çıxdığı bütün təqdimatlarda uğursuzluğa düçar olaraq utanan, qızaran, boş-boş çərənləyən Stiv Cobs da əldəqayırma neo-xarizmatikliyin parlaq nümunəsidir.
Özü üçün şəxsiyyət kultu formalaşdırmaq imkanı olmayan müasir insan nə etsin? Axı, ona ideoloji baza lazımdır. Bu bazanın rolunu sosial şəbəkələrdə yaradılan mediatik imic əvəz edə bilər, ancaq siz ona küçədə, ya da başqa ictimai məkanda rast gəlsəniz, təsadüfi tanışlığınız şəbəkədə qurulan mifi darmadağın edəcək. Odur ki, belə bir “ütülü” sosial şəbəkə, media xarizması sırf görüntü səviyyəsində qalacaq, daha artığına gücü çatmayacaq. Kanadalı alimlər də məhz bu fenomeni araşdırmaq qərarına gəliblər.
Onlar, uzun illər aparılan həcmli sosioloji tədqiqatlar nəticəsində xarizmanın iki amillə – təsirlilik (liderlik iradəsi) və istiqanlılıq (ünsiyyətdə xoşagəlmə) ilə əlaqəli olması qənaətinə gəliblər.


 

Xarizma təlimçilərindən olan, rok ulduz Olivia Fox Cabain, uzun illərdir həmin sxemlə işləyir – ön planda iki əsas amil durur – güc və istiqanlılıq.
Kanadalıların hazırladığı test, bu qənaətin dəqiqliyini sübut edəcəkdir. Öz xarizma səviyyənizi ölçmək üçün aşağıdakı qabiliyyət-keyfiyyətlərinizi 1-dən 5-ə qədər qiymətləndirin: “Mən hər zaman diqqət mərkəzindəyəm”, “İnsanlara təsir edə bilərəm”, “Qrupa rəhbərlik etməyi bacarıram”, “Bir insanın özünü rahat hiss etməsinə kömək edə bilərəm”, “İnsanlara tez-tez gülümsəyirəm”, “Hər kəslə münasibət qura bilərəm.” İndi isə alınan rəqəmi altıya bölün. Bu rəqəm 3.7-dən çoxdursa, sizin üçün yaxşı xəbər – xarizmanız var. Maraqlısı odur ki, tədqiqatçılar test nəticələrinin ətrafdakı insanların rəyləri ilə üst-üstə düşdüyünü də sübuta yetiriblər.
Əlbəttə, bu cür “qadın jurnalı” təsiri bağışlayan metodologiyalar olmadan da, öz xarizmanızı ölçə bilərsiniz.
Massachusetts Texnologiya İnstitutundan olan Alex Pentland xarizmanı müəyyən etmək və ölçmək işində elmi bir məntiq izlədi və texniki aparat yardımı ilə bu “fövqəltəbii vergini” ölçməyə nail oldu. Həmin cihaz “dürüst siqnal” kateqoriyasından olan jestləri, səs tembrini və digər fizioloji xüsusiyyətləri təsbit edir və qiymətləndirir.
Terminologiyanı sadələşdirək – əslində, dürüst siqnal, bioloji dünyamızdan da bizə tanış olan siqnallardır, məsələn, brend paltar kimi. Başqalarının “gör necə bahalı kostyumu var” deməsi üçün onlara verdiyimiz mesaj da həmin dürüst siqnaldır. Yaxud, tovuzquşunun gözəl quyruğu. Pentland və komandası, əslində, yeni heç bir şey kəşf etmədilər, yeni heç bir söz demədilər, onsuz da enerjili və ünsiyyətcil insanlar daha xarizmatik hesab olunur, onlar sadəcə olaraq, üzdə olanı daha təsirli və aşkar formada bizə göstərməyə müvəffəq oldular. Xarizmanı cihazla ölçən alimlər, şüşənin arxasından izlədikləri, ancaq eşitmədikləri dialoqu sadəcə müşahidə etməklə, eksperiment subyektlərinin illik maaş ortalamasını, demək olar ki, 1000 dollara qədər dəqiqliklə təxmin edə bildilər (ABŞ-da illik əməkhaqqı 20 mindən başlayır) və araşdırma boyunca maksimum %5 səhvə yol verdilər. Həddindən artıq dəqiq nəticə nəyin hesabına əldə olunmuşdu? Siqnal sistemini mamontlar dövründən bəri istifadə edirik, yəni son 50 min ildə verbal ünsiyyət sisteminə keçsək də, heç nə dəyişməyib – insan həmin insandır.


 

Xarizma potensialını təbii fatalizm də izah edir – xarizma, bəzi insanlarda sırf bioloji səbəblərdən daha yüksək ola bilər.
Məsələn, intellektual səviyyəsi aşağı, lakin çevik zəka sahibi bir şəxsin, məclisin sevimlisinə çevrilmə imkanı çoxdur. Düşüncədə itilik, situasiyaya uyğun reaksiya, manipulyasiya qabiliyyəti və yumor – onu guya xarizmatik göstərə bilir.
Elmi çevrələrdə isə mübahisələr səngimək bilmir: kimsə xarizma anlayışının Gumilyovun “passionarlığı” ilə, kimsə də Nitsşenin “vital şəxsiyyəti” ilə əvəz edilməsinin vaxtının çatdığını iddia edir. Başqaları, neo-xarizmatik alimləri fırıldaqçı adlandırır, əsərlərini isə “psevdoxarizmatik boşboğazlıq” kimi damğalayır. Neoxarizmatik alimlər isə onların heç birini veclərinə almır, təbiətcə zəif və soyuq adamları xilas etməyə, onlardan xarizmatik düzəltməyə davam edirlər.

 

Özündən xarizmatik düzəltmək istəyənlər üçün əla fürsətdir – nümunə götürə bilərsiniz. Yeri gəlmişkən, heç nəyi və heç kəsi vecinə almamaq, öz doğru bildiyini etmək də, çox zaman xarizmanın əlamətidir.

 

Mənbə:Knife Media

Xəbər lenti