Logo

Müəllim elm öyrədir, nümunə göstərir, şəxsiyyət formalaşdırır

07.07.2024 17:25 392 baxış

"Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq".

Heydər ƏLİYEV,

Ümummilli Lider.

Müəllim öz həyatını xalqın gələcəyinə həsr edən peşə sahibidir. Onların sosial statusu var. Ölkənin gələcəyi üçün vətəndaş yetişdirmək heç də asan deyil. Müəllimlik yaradıcı işdir, onlar fərqli xarakterlərə məxsus şagirdlərlə işləyirlər. Bu peşə sahibləri şagirdlərin xarakterini formalaşdırırlar.

İllər ərzində formalaşan stereotiplərə əsasən, cəmiyyət düşünür ki, müəllimlik peşəsi "qadın işidir", uşaqlarla qadınlar məşğul olmalıdır. Məhz belə düşüncələr kişilərin çox az hallarda müəllimlik sənətini seçmələrinə gətirib çıxarır. Hətta kişilər ibtidai sinif müəllimliyini, Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisini çox az hallarda seçirlər. Bakalavr təhsilini alanlar isə əsasən təsadüfən bu ixtisasa düşənlər olur. Gəlin, çox da uzaq olmayan keçmişə nəzər salaq. Belə ki, ilk dəfə "Əlifba" dərsliyinə Əhməd Seyidovun müəlliflik etdiyini xatırlasaq, bu sahədə kişilərin danılmaz rolu olduğunu görərik. Eyni zamanda Şuşada açılan ilk darülmüəllimi yaradan Müseyib İlyasov, qadınların təhsil həyatına cəlb edilməsi üçün çalışan Cavad Cuvarlinski kimi şəxsiyyətləri də xatırlamaq yerinə düşər.

Bəs necə oldu ki, bu peşədə zərif cinsin nümayəndələri daha çoxluq təşkil etdi? Zamanla xanımların uşaqlarla vaxt keçirmələri daha məqbul görüldüyündən onlar bu peşəyə üstünlük verdilər. Lakin qadın müəllimlərin çoxalması şagirdlərə mənfi təsir etməyə başladı. Hər bir şagird müəllimindən həm təhsil, həm də tərbiyə alır. Oğlan uşaqları isə məktəbə başladıqları ilk anlardan etibarən xanım müəllimləri görürlər. Məktəblərdə kişi ibtidai sinif müəllimi demək olar ki, çox az saydadır.

Orta məktəbdə tarix fənni müəllimi işləyən Elmir Nəsirov bu barədə bildirdi ki, kişi müəllimlərin məktəblərdə olması vacibdir, çünki oğlan şagirdlər ideal bir şəxs kimi kişi müəllimdən nümunə götürürlər. Bu isə onların xarakterlərinə təcəssüm edir. Eyni zamanda kişi müəllimlər onlarla müəyyən məsləhətləşmələr də aparırlar. Kişi müəllimlərin olması onların beynindəki "kişi sərtdir" tendensiyasını aşmağa da kömək edir, gələcək peşə seçimində nümunə götürürlər. Müəllim olacağını deyən şagirdlərim çox olub. Şagirdlərdən biri isə "Mənim ilk kişi müəllimim" adlı inşa yazısında məni özünə ideal şəxs kimi gördüyündən danışıb.

Məktəblərdə kişi müəllimlərin olması şagirdlərə vətənpərvərlik hissinin aşılanmasına müsbət təsir göstərir, daha vətənpərvər şagirdlər yetişir.

Oğlan şagirdlər düşünürlər ki, kişi müəllimlərin olması məktəblərdə daha ciddi şərait yaradır və nəticədə arzuolunmaz hadisələr baş vermir, dərslər daha ciddi təşkil olunur. Orta məktəb şagirdi Mircahad Ağayev deyir ki, yalnız hərbi və idman dərsləri müəllimlərinin kişi olması belə onların rahat həmsöhbət tapmasına şərait yaradır. Onları özlərinə daha yaxın hiss edir və səmimi məsləhətlər ala bilirlər.

Psixoloq Arifə Hüseynli isə deyir ki, məktəblərdə qadın müəllimlərlə yanaşı, kişi müəllimlərin olması çox vacibdir. Kiçikyaşlı oğlan uşaqları arasında aparılan tədqiqatlarda şahidi olmuşam ki, xanım müəlliminin ətəyini düzəldərək oturduğunu görən birinci sinif şagirdi özü də əyləşərkən paltarını düzəltməyə çalışırdı.

Bütün bu proseslər göstərir ki, hər bir cinsin öz xarakterində formalaşması üçün şagirdlər qarşılarında yetkin obraz görməlidirlər.

Ləman TƏHMƏZ.

Xəbər lenti