Logo

ATU tələbələri Səmərqənddən qalibiyyətlə dönüb

17.12.2024 10:14 106 baxış
IMG

Səmərqənd Dövlət Tibb Universitetində ənənəvi olaraq tibb universitetləri tələbələrinin “Səmərqənd-2020” beynəlxalq olimpiadası keçirilib. Bu mötəbər yarış bu il də yüksək səviyyədə təşkil olunub.

Bu barədə Azərbaycan Tibb Universitetindən  TƏHSİL.BİZ -ə məlumat verilib. 

Bildirilib ki, dekabrın 13-14-də keçirilən olimpiadada Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri ilə yanaşı, Almaniya, Malayziya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya, Türkiyə, Ukrayna və Belarus, Cənubi Koreya kimi dünyanın 20-ə yaxın ölkəsinin təmsilçiləri iştirak edib. Olimpiadaya digər tibb universitetlərindən də 730 oflayn və 4000 onlayn tələbə, xarici tibb müəssisələrinin rektorları, professor və müəllimləri qatılıb.

Açılış mərasimində Özbəkistanın səhiyyə naziri Asilbek Xudayarov, ali təhsil, elm və innovasiyalar naziri Konqratbay Şaripov, Səmərqənd Dövlət Tibb Universitetinin rektoru Jasur Rizayev, bir çox xarici tibb universitetlərinin rektorları və Azərbaycan Tibb Universitetindən tibb elmlər doktoru Müşfiq Həsənov çıxış ediblər. Tədbir iştirakçılarını ATU-nun rektoru professor Gəray Gəraybəylinin adından salamlayan M.Həsənov olimpiadanın işinə uğurlar arzulayıb.

Özbək, rus və ingilis dillərində keçirilən beynəlxalq olimpiadanın əsas hissəsində iştirakçılar iki mərhələdə təbabətin 40-dan çox istiqaməti üzrə yarışıb, praktik bacarıqlarını nümayiş etdiriblər. Bundan əlavə, ənənəvi üsulla iştirak edən 730-dan çox tələbə dünya standartlarının tələblərinə cavab verən 7-ci nəsil simulyasiya robotları vasitəsilə öz bilik və bacarıqlarını sınayıb. Olimpiada çərçivəsində Özbəkistanın Əbu Əli İbn Sina adına İctimai Səhiyyə Texniki Kolleci ilə xarici tibb kolleclərinin tələbələri arasında beynəlxalq olimpiada təşkil olunub.

Həmçinin tələbələr üçün respublikamızın xarici və aparıcı mütəxəssisləri tərəfindən fundamental elmlərə, elmi-tədqiqat metodlarına və müasir tibbin digər aktual problemlərinə həsr olunmuş ustad dərsləri, eləcə də bakalavr və magistrlər üçün xarici tibb ali təhsil müəssisələrinin rektorlarının mühazirələri təşkil edilib. Klinik rezidentlər, şagirdlər arasında müxtəlif idman oyunları keçirilib.

ATU Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, Startap və elmi tədbirlərin koordinasiyası şöbəsinin müdiri, tibb elmləri doktoru Müşfiq Həsənovun “Laparoskopik xolesistoektomiyalarda çətin vəziyyətlər zamanı nə etməli” mövzusunda mühazirəsi həkimlər və gənc alimlər tərəfindən maraqla dinlənilib.

Olimpiadanın bağlanış mərasimində xüsusi fəallıq göstərən və nominasiya üzrə qalib kimi tanınan iştirakçılar diplom, sertifikat və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

ATU-nun I Müalicə-profilaktika fakültəsinin V kurs tələbələri Həmayə Sofiyeva və Səbinə Həsənzadə I, II Müalicə-profilaktika fakültəsinin IV kurs tələbələri Həmid Səfərli və Leyla Səfərli, Stomatologiya fakültəsinin III kurs tələbəsi Kəlbi Kəlbiyev və IV kurs tələbəsi Aida Əliyeva III yerə, II Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Zeynəb Əlizadə, İctimai səhiyyə fakültəsinin IV kurs tələbəsi Fatimə Nuriyeva, Əczaçılıq fakültəsinin III kurs tələbəsi Cəmilə Əlizadə və Hərbi tibb fakültəsinin V kurs kursantı Möhsün Quluzadə olimpiadanın diplomuna layiq görülüblər.

Xatırladaq ki, Səmərqənd Dövlət Tibb Universitetinin təşkil etdiyi bu olimpiada tibb fakültəsi tələbələrinin bilik və potensialının qiymətləndirilməsi və mükafatlandırılması ilə yanaşı, beynəlxalq dostluq əlaqələrinin möhkəmləndirilməsinə, qarşılıqlı fikir və təcrübə mübadiləsinə xidmət göstərir.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20December%202024/f9445f69-417a-4d81-9e46-ae6cca5b8c09_1734414350.mushfiq%20semerqend1.png.jpg


 

Xəbər lenti