Logo

Qarabağ Universitetində dünyanın ən qabaqcıl klinik modeli tətbiq oluna bilər

18.12.2024 10:43 61 baxış
IMG

Qarabağ Universitetində dünyanın ən qabaqcıl klinik modeli tətbiq oluna bilər.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu Qarabağ Universiteti tibb proqramlarının direktoru Samir Babayev Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

O, ABŞ-nin Minnesota ştatında yerləşən dünyaca məşhur Mayo Klinikasında çalışdığı dövrü xatırladaraq bildirib ki, həmin tibb müəssisəsi modelinin bəzi prinsiplərinin Qarabağ Universitetində tətbiqi tədris və tibbi xidmət sahəsində ciddi irəliləyişlərə gətirib çıxara bilər.

"Bu model qeyri-kommersiya prinsipi əsasında fəaliyyət göstərir və bütün gəlirlər işçilərin rifahı ilə infrastrukturun inkişafına yönəldilir. Əsas məqsəd, işçilərin məmnuniyyətini artırmaqla göstərilən tibbi xidmətin keyfiyyətini maksimuma çatdırmaqdır. Mayo Klinikası yüksək maaş və sabit əməkhaqqı sistemi ilə fərqlənir. Burada işçilər yalnız maaş alır, əlavə bonus və digər imtiyazlar yoxdur. Lakin əməkhaqqı digər tibb mərkəzlərindən yüksək olduğu üçün bu sistem peşəkarların uzun müddət çalışmağa həvəsləndirir", - deyə S.Babayev vurğulayıb.

Universitet rəsmisi qeyd edib ki, eyni vəzifədə çalışan işçilərə bərabər maaş ödənilməsi komandadaxili əməkdaşlığı və kollektiv ruhu gücləndirir:

"Pasiyentlər isə konkret bir həkimi seçməyə ehtiyac duymadan, klinikanın nüfuzuna güvənərək yüksək səviyyəli tibbi xidmət alacaqlarına əmin olurlar. Bu prinsiplərin Qarabağ Universitetində tətbiqi yerli təhsil və səhiyyə sektorunda ciddi yeniliklərə, həmçinin rəqabət qabiliyyətinin artmasına təkan verə bilər. Bu addım, universitetin beynəlxalq səviyyədə tanınan bir quruma çevrilməsi üçün böyük potensial yaradır".


 

Xəbər lenti