Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə Özbəkistanın Termez Dövlət Mühəndislik və Aqrotexnologiya Universiteti arasında elmi əməkdaşlığın möhkəmləndirilməsi, kadr və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə müqavilə imzalanıb.
TƏHSİL.BİZ xəbər verir ki, “Zoom” platforması üzərindən baş tutan mərasimdə institutun direktoru İbrahim Cəfərov elmi-tədqiqat işləri, gənc kadrların inkişaf imkanları və Azərbaycan-Özbəkistan arasında elmi sahədəki əməkdaşlığın səmərəliliyindən danışıb.
Termez Dövlət Mühəndislik və Aqrotexnologiya Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən Primkulov Beqzod müqavilənin iki ali təhsil müəssisəsi arasında əlaqələrin dərinləşməsinə təkan verəcəyini vurğulayıb. Görüşdə müştərək layihələrin həyata keçirilməsi, konfransların təşkili, birgə elmi-tədqiqatların aparılması və kadr hazırlığı sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi planlaşdırılıb.