Dekabrın 16-da Qazaxıstanın K.Satbayev adına Milli Elmi Tədqiqat Universitetinin Energetika və Maşınqayırma İnstitutunun direktoru, professor Elemesov Kasım Koptleuyeviç və direktor müavini, dosent Başkanbayeva Dinara Jumabayeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) işgüzar ezamiyyətdə olublar.
Qarşılıqlı əməkdaşlıq çərçivəsində universitetə gələn qonaqlarla Təcrübə bölməsinin təşkilatçılığı ilə ADNSU-nun prorektorları və dekanların iştırakı ilə görüş keçirilib.
Görüşdə iki universitetin indiyə qədər müştərək icra etdiyi layihələr və əldə olunan nəticələrlə bağlı məlumatlar dinlənilib. ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov əməkdaşlıq çərçivəsində görülən işlərin qənaətbəxş olduğunu deyib və bundan sonra birlikdə qazanılacaq uğurların daha genişmiqyaslı olcağına əminliyini bildirib.
Görüşdə tələbə-müəllim mübadiləsi, birgə təcrübə proqramlarının icrası, hər iki ali təhsil müəssisəinin elmi işçilərinin birlikdə tədqiqatlar aparması ilə yanaşı, “Quacquarelli Symonds” analitik agentliyi və beynəlxalq metrik bazalarda təmsil olunma, beynəlxalq əlaqələrin genişləndilməsi kimi məsələlər də müzakirə edilib və perspektiv hədəflər müəyyən olunub.