“Yalnız təhsil, bilik və texnologiya bütün bəşəriyyətin aparıcı qüvvəsidir”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Ölkəmizin milli təhlükəsizliyinin qarantı olan bir sıra amillər vardır ki, bu amillər arasında milli təhsil sistemi aparıcı rollardan birini oynayır. O, ölkənin iqtisadi inkişafı və hərbi gücü üçün vacib olan yüksəkixtisaslı və savadlı işçi qüvvəsi hazırlayır. Mükəmməl təhsilli insan resursları yeni texnologiyaların tətbiqi, yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsi və ya iqtisadi imkanların inkişaf etdirilməsi baxımından daha üstün potensiala sahibdir. Bu, Azərbaycanın qlobal iqtisadiyyatda rəqabət üstünlüyünü qorumaq və real təhlükələrin qarşısını almaq üçün vacibdir. Təhsil vətəndaşlara öz hüquq və vəzifələrini dərk etməyə, demokratik proseslərdə iştirak etməyə kömək edir. Bu, həm də milli qürur və milli kimlik hissinin aşılanmasına bir növ vasitədir. Bu, xarici təhdidlərə və daxili təxribata qarşı dura bilən möhkəm cəmiyyət qurmaq üçün də vacibdir.
Təhsil sisteminin milli təhlükəsizliyin qorunmasına bilavasitə təsir imkanları
Azərbaycan təhsil sisteminin milli təhlükəsizliyə bilavasitə necə təsir göstərdiyinə dair bəzi konkret nümunələr qeyd edilməlidir. Ölkənin təhlükəsizlik sektorunun inkişafı üçün peşəkar kadr hazırlayan bir sıra ixtisaslaşmış təhsil müəssisələri var. Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti, Dövlət Sərhəd Xidmətinin Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası və digər xüsusi təyinatlı tədris müəssisələrinin məzunları ölkəmizin müdafiəsinin, milli təhlükəsizliyinin və ictimai asayişinin keşiyində durmaq üçün şərəf andı içir. Azərbaycan hökuməti terrorizmlə mübarizə və kibertəhlükəsizlik də daxil olmaqla bir sıra mövzularda təhlükəsizlik işçiləri üçün təlimlərin keçirilməsi məqsədilə NATO ölkələri, xüsusilə qardaş Türkiyə ilə sıx əməkdaşlıq edir.
Təhsil sistemi təhlükəsizlik işçilərini hazırlayır və öyrədir, polis, hərbçi və kəşfiyyat kadrlarının hazırlanmasını təmin edir. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun hərbi kadr potensialının, xüsusilə peşəkar kiçik və orta rütbəli zabit heyətinin, yüksək hərbi idarəetməyə malik komandirlərin, xüsusi təyinatlıların bu cür çətin relyefdə qısa müddətdə qazandıqları zəfərin sirlərindən biri də hərb sahəsində peşəkar təhsil sistemidir. Azərbaycan ordusunun həyata keçirdiyi unikal hərbi əməliyyatlar, xüsusilə Şuşanın azad edilməsi əməliyyatı dünyanın bir çox hərbi tədris müəssisələrinin tədris proqramlarına salınmışdır. Bu da peşəkar kadr hazırlığı ilə paralel olaraq Vətən uğrunda ölümə gedən gənclərin erkən yaş dövründən vətənpərvərlik ruhunda böyüdülməsini şərtləndirən əsas amillərdəndir.
Təhsil sistemi vətəndaş cəmiyyəti institutlarının təməl prinsiplərindən biri kimi: Təhsil sistemi həm də vətəndaş etikası və vətənpərvərlik ruhunda tərbiyənin əsas meyarlarını özündə birləşdirir. Məsələn, ölkəmizin təhsil kurikulumuna Azərbaycan tarixi və mədəniyyəti üzrə, həmçinin ümumi həyat bilgisi üzrə bir sıra tədris proqramları daxildir. Hökumət həmçinin müxtəlif dini və etnik qruplar arasında tolerantlığı və anlaşmanı təşviq edən bir sıra proqramları dəstəkləyir.
Azərbaycan İlahiyyat İnstitutunun yaradılması və onun tərkibində İlahiyyat Kollecinin fəaliyyətinin təşkili burada ixtisaslı kadrların yetişdirilməsi, ölkəmizin milli maraqları və multikultural dəyərləri çərçivəsində inkişafına böyük təkan verməkdədir. Təhsil sistemi ekstremizmə və radikalizmə qarşı mübarizədə önəmli silahdır. Təhsil tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməyə, tolerantlıq və multikulturalizm anlayışlarını təşviq etməyə, gənclərin ekstremist qrupların çağırışlarına daha dözümlü olmasına kömək edə bilir. Yaxın keçmişdə qlobal münaqişələrdə daha zəif təhsil imkanlarının hansı mənfi nəticələr doğurduğunun hər kəs şahidi olmaqdadır.
Azərbaycanın milli təhsil sisteminin təhlükəsizliyinin əsasları ölkə Konstitusiyasında, “Milli Təhlükəsizlik Konsepsiyası”nda və digər qanunvericilik aktlarında təsbit edilmişdir. Bu sənədlərə əsasən, milli təhsil sistemi vətəndaş potensialının inkişafını və formalaşmasını təmin edən milli təhlükəsizliyin ən mühüm elementlərindən biridir. Bu qanunvericilik aktları maarifləndirmə tədbirləri ilə birgə tətbiq edilərək, vətəndaşlarda təhlükəsizlik mədəniyyətinin formalaşmasına böyük ölçüdə dəstək göstərir. Mülki müdafiə və ilkin tibbi yardım dərsləri burada xüsusi rol oynayır.
Milli təhsil sisteminin təhlükəsizliyinə dövlət dəstəyi: Təhsil sisteminin milli təhlükəsizlikdə oynadığı rol ilə yanaşı, milli təhsil sisteminin özünün təhlükəsizliyi prizmasına da nəzər salmaq lazımdır. Azərbaycan hökuməti dövlət təhsil müəssisələrində pulsuz təhsili təmin edir, cinsindən, irqindən, milliyyətindən, dilindən, dinindən, sosial vəziyyətindən və digər amillərdən asılı olmayaraq bütün vətəndaşların təhsil alması üçün bərabər imkanlara təminat verir. Dövlət milli təhsil sisteminin müasir tələblərə uyğun inkişafını təmin edir, yeni təhsil texnologiyalarını tətbiq edir, təhsilin keyfiyyətinin yüksəldilməsinə şərait yaradır. Dövlət təhsil sisteminin daxili və xarici təhlükələrdən, o cümlədən terrorizmdən, ekstremizmdən, zorakılıq və nifrətin təbliğindən qorunmasını təmin edir. Təhsilin inkişafı üzrə dövlət proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi çərçivəsində təhsil sisteminin müasirləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, bütün vətəndaşların təhsilə çıxış imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Dövlət təhsil müəssisələrində distant təhsil, e-learning, virtual siniflər kimi yeni təhsil texnologiyaları tətbiq edilir. Pedaqoji heyət onların peşəkar bacarıq və səriştələrinin artırılmasına yönəlmiş təkmilləşdirmə kurslarından keçir. Milli təhsil sisteminin təhlükəsizliyini təmin etmək məqsədilə təhsil müəssisələrinin fəaliyyətinə, o cümlədən onların qanuni tələblərə əməl etməsinə, uşaqların və müəllimlərin təhlükəsizliyinin təmin edilməsinə nəzarət edilir və monitorinqlər həyata keçirilir.
Qloballaşma şəraitində milli maraqların qorunması - təhsildə yeni çağırışlar: Müasir dövrdə dövlətlərin və regionların milli təhlükəsizliyinə bu və ya digər şəkildə təhdid yaradan amillərdən biri də qloballaşmadır. Qloballaşmanın müsbət tərəfləri olsa da, özü ilə daşıdığı təhlükələr də çoxdur. Qlobal təhsil və müasir texnoloji inqilablar xalqların milli identikliyini özündə birləşdirən dil və mədəniyyətin inkişafını təhlükə altında qoyur.
Məhz mədəniyyət sahəsində həyata keçirilən bir sıra dövlət proqramları, tədbirlər, festivallar, muğam müsabiqələri milli şüuru və milli təfəkkürü daim ayıq-sayıq saxlamağa yönəlmişdir. Azərbaycanın dahi şair və ədiblərinin, görkəmli pedaqoqlarının, mədəniyyət və incəsənət xadimlərinin “bilmək və öyrənmək” amilləri Azərbaycan vətəndaşının yetişdirilməsində mühüm çalarlar daşıyır. Bütün sadalanan amillər təhsil sisteminin ölkəmizin milli təhlükəsizliyində nə dərəcədə çoxşaxəli rol oynadığını əyani şəkildə sübut edir. Bir neçə onillik öncə urbanizasiya amilləri - kənddən şəhərə axının xalqımızın birlik və bərabərlik simvolunu təşkil edən bayramların, el şənliklərinin də yüksək əhvali-ruhiyyədə, ana torpaqla, axar sularla, bilavasitə təbiətlə təmasda həyata keçirilməsinə mane olurdusa, hazırda aparılan məqsədyönlü uğurlu daxili və xarici siyasətin nəticəsində bu amil aradan qalxmışdır. Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsinin hazırlanması, strateji ərzaq ehtiyatlarının təmin olunması, su ehtiyatlarından, yaşıl enerjidən səmərəli istifadə edilməsi yüksək təhsilli peşəkar kadrların hazırlanmasına zərurət yaradır. Burada kənd təsərrüfatı sahələri üzrə peşəkar kadrların hazırlanması ön plana çıxır. Bu sadalanan amillər də milli təhlükəsizlik sisteminin tərkib hissəsidir.
Burada təhsilin mobilizasiyası daha çevik, qısamüddətli, lakin daha effektiv təhsil sisteminin formalaşması zamanın tələbidir. Yüksəkixtisaslı kadrlara ehtiyac yaranan sahələrdə bir neçə illik ənənəvi təhsil yerinə qısamüddətli kursların təşkili və praktikanın daha ön planda olması vacibdir. Müasir texnologiyalar dövründə müxtəlif peşə sahələrində yeni texnoloji inqilabi qacetlər və simulyatorlar mövcuddur. Aqronomluq, baytarlıq, balıqçılıq, arıçılıq təsərrüfatları,aviasiya, dəmiryolu nəqliyyatı üzrə bir sıra simulyatorlar vardır ki, məzunları əyani praktikaya daha sürətlə və rahat hazırlaya bilir. Digər mühüm tədbir milli ruha sədaqət hissinin, yüksək vətəndaşlıq əxlaqının formalaşdırılmasıdır. Sosial şəbəkələrin hakim kəsildiyi müasir cəmiyyətlərdə insanlar arasında sadə etik davranış qaydalarının formalaşması təkmil təhsildən keçir. Bu mövzuda psixoloq və pedaqoqların yeni konsepsiyalar işləyib-hazırlaması mühüm əhəmiyyət kəsb edir. XX əsrin 50-ci illərində - İkinci Dünya müharibəsinin dəhşətlərindən təsirlənərək hazırlanan beynəlxalq konvensiyaların bir qismi öz effektivliyini hazırda itirdiyi kimi, bir neçə onillik öncə hazırlanan pedaqoji və psixoloji metodlar da artıq eyni səmərəni verə bilmir, sürətlə dəyişən çağdaş texnologiya və informasiya təhlükəsizliyinin tələblərini ödəmir. Bunun üçün pedaqoji psixologiyanın tədqiqat metodlarında - statistik metodlarda, həmçinin müəllim şəxsiyyətinin psixopedaqoji məsələlərində də yeni konsepsiyalar işlənib hazırlanmalıdır. Artıq şagird və tələbələr ənənəvi tədris üsullarından - parta arxasında dərs dinləmək, mühazirə yazmaq, lövhədə dərs danışmaq və digər üsullardan daha dinamik və çevik, daha çox tələbənin iştirakına yer ayrılan metodlara keçmək istəyirlər. Biznes mühitində, xüsusilə startaplarda daha çox tələbənin iştirakı çox vacibdir. Hazırda ölkəmizdə geniş islahatlarla əhatə olunan peşə təhsili müəssisələrində bacarıqlı, peşəkar və təşəbbüskar ustaların yetişməsi yüngül sənayenin xarici ölkələrdən asılılığını böyük ölçüdə azalda bilər. Bu da ölkəmizin iqtisadi təhlükəsizliyinin tərkib hissəsidir.
Nəticə olaraq deməliyik ki, hər bir Azərbaycan vətəndaşı demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı sahəsində öz yerini tutmalıdır. Bunun üçün təhsil milli təhlükəsizliyin daim yenilənən konseptual təməl elementlərindən biri kimi hər zaman əhəmiyyət təşkil edəcək. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə söylədiyi “Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir” müdrik kəlamı, Azərbaycanın təhsil siyasətində prioritet amil kimi gerçəkliyə çevrilməkdədir. Düşünürəm ki, bu hədəflərə çatmaq, bilik iqtisadiyyatına asan keçidi təmin etmək üçün ali təhsil müəssisələrinin yaxın zamanda daha sürətlə “tədqiqat mərkəzlərinə” və “innovasiyalar məkanına” çevrilməsi təmin edilməli, beynəlxalq məkanda rəqabətədavamlı milli insan kapitalının yetişdirilməsinə nail olmalıyıq. Bunun üçün milli təhlükəsizliyin daim yenilənən konseptual bazis elementlərindən biri kimi təhsil hər zaman əhəmiyyət kəsb edəcəkdir.
Hümeyir ƏHMƏDOV,
pedaqogika üzrə elmlər doktoru, professor