Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə Xalq şairi, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
BDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, tədbirdə çıxış edən rektor Elçin Babayev Nəbi Xəzrinin XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olduğunu bildirib. Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının önəmini xatırladan rektor qeyd edib ki, görkəmli şairin lirikası yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində milyonlarla insanın məhəbbətini qazanıb. Rektor belə tədbirlərin tələbələrin bədii-estetik zövqünün formalaşmasında, mənəvi dünyalarının zənginləşməsində mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov tədbir iştirakçılarına Nəbi Xəzrinin zəngin yaradıcılığı ilə bağlı məlumat verib. O qeyd edib ki, Nəbi Xəzri ədəbiyyatda Səməd Vurğun ədəbi məktəbinin davamçılarından sayılır: “Nəbi Xəzrinin yaradıcılığında təbiət - dəniz, səma, hava, Günəş, külək, ləpələr, işıq insan hissləri ilə üzvi vəhdətdə verilir. O, bu anlayışlardan insanların, ümumilikdə cəmiyyətin obrazını yaratmaq üçün vasitə kimi istifadə edir. Nəbi Xəzri XX əsr poeziyamızın mükəmməl hadisələrindən biridir. Onun lirikası ideologiyadan uzaq, saf, təmiz, anlaşılan, rahat başa düşülən lirikadır. Şairin əsərlərinin bu qədər sevilməsinin, ürəklərə yol tapmasının səbəblərindən biri də budur”.
Nizami Cəfərov Nəbi Xəzrinin həm də tanınmış ictimai xadim olduğunu, ömrünün son illərində dramaturgiyaya daha çox meyil etdiyini vurğulayıb.
BDU-nun dosenti, şair-publisist Anar Məmmədov görkəmli şairin həm də ssenarist, nasir, publisist, dramaturq kimi qüdrətli olduğunu diqqətə çatdırıb, onunla bağlı xatirələrini bölüşüb.
Nəbi Xəzrinin qızı, BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının baş müəllimi Gülümsər Abbasova çıxışında tədbirin təşkilinə görə təşəkkür edib, şairin zəngin ədəbi irsinin bu gün də dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın inkişafına xidmət etdiyini diqqətə çatdırıb.
Sonra BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin Nəbi Xəzrinin 100 illik yubileyi münasibətilə elan etdiyi esse müsabiqəsinin qalibləri açıqlanıb. Filologiya fakültəsinin IV kurs tələbəsi Səbinə İslamova müsabiqədə I, II kurs tələbəsi Hümbət Bədəlov II, Coğrafiya fakültəsinin II kurs tələbəsi Varis Əhmədli isə III yerə layiq görülüb.
Sonda tələbələr şairin sevilən şeirlərini söyləyib, sözlərinə yazılmış mahnıları ifa ediblər.