Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və ATL Akademiyası ilə birgə reallaşdırılan “Technest Demo Day” layihəsini uğurla bitirən tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib.
UNEC-dən TƏHSİL.BİZ-ə bildirilib ki, tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının artırılması, onların real təcrübə imkanlarına sahib olması məqsədilə reallaşdırılan layihə çərçivəsində Rəqəmsal iqtisadiyyat fakültəsinin 20 tələbəsi üçün “Frontend proqramlaşdırma” və “Android mobil proqramlaşdırma” ilə bağlı təlimlər təşkil olunub. Fevral ayından start verilmiş təlimlərin tədris proqramları tələbələrin fənləri ilə inteqrasiya olunmuş şəkildə həyata keçirilib.
Tədbirdə çıxış edən UNEC-in elm və innovasiyalar üzrə prorektoru professor Rövnəq Rzayev layihəni yüksək qiymətləndirib, bu tip təlimlərin tələbələrin praktiki biliklərə yiyələnməsi, real təcrübə qazanması baxımından önəmli olduğunu bildirib.
Fakültə dekanı dosent Elman Cəfərov tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb. E.Cəfərov fakültədə tələbələrin təhsil aldıqları ixtisas sahələri üzrə mütəmadi olaraq praktiki təlimlərə cəlb olunduğunu diqqətə çatdırıb, bu cür təlimlərin mütəmadi keçiriləcəyini vurğulayıb.
Sonra ATL Akademiyasının mütəxəssisləri Aydan Həşimova və Şəhriyar Cəbrayıllı layihənin məqsədi, gedişatı və tələbələrin hazırlıq prosesi barədə məlumat veriblər.
Tədbirdə “Technest Demo Day” layihəsi çərçivəsində tələbələrin gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub.
Sonda isə təlimi uğurla bitirmiş tələbələrə sertifikatlar təqdim olunub.