Logo

Əlillik ona əngəl deyil

16.12.2024 10:15 85 baxış
IMG

“Əlillik qətiyyətimi gücləndirdiyi kimi həyat eşqimi də artırıb”

Özünü biləndən öz ayaqları üstündə durmağa çalışıb. Buna hətta ayağının birinin amputasiya olunması da mane ola bilməyib. Özünəməxsus həyat eşqi, iradə, qətiyyətlə 27 yaşından həyatını II qrup əlil olaraq davam etdirir. 

İlk gündən sevildi 

Nərmin Əhmədova ingilis dili müəllimidir. 1983-cü il təvəllüdlü Bakı sakini Xətai rayonu 269 nömrəli tam orta məktəbində oxuyub. Azərbaycan Dillər Universitetinin məzunudur. O, burada “İngilis dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr təhsili aldıqdan dərhal sonra müəllim kimi fəaliyyətə başlayıb. 

Amma müəllimliyi ixtisas seçərkən yox, təcrübə dövründə sevib: “Bir neçə məktəbdə təcrübədə olduq. Məndə ən böyük izi 32 nömrəli məktəbdəki təcrübə qoyub. O izlə də müəllim olmağa qərar verdim”. 

2003-cü ildən Xətai rayonu M.Hacıyev adına 116 nömrəli tam orta məktəbdə çalışır. Sinfə ilk girdiyi gündən şagirdlərinin ürəyində yerini alıb: “Universiteti bitirib 20 yaşımda ilk dəfə müəllim kimi sinfə girdim. Qısa zamanda şagirdlərimin sevimlisinə çevrildim”. 

II qrup əlil oldu, amma özünüinkişaf  təlimlərindən geri qalmadı 

Bu sevgini də ilk dəfə xərçənglə mübarizəyə başlayanda hiss edib: “2007-2009-cu illərdə xərçəng xəstəliyi ilə mübarizə apardım. Həkimlər məni həyatımla ayağım arasında bir seçim qarşısında qoyanda ən qaranlıq bir yerdə hiss edirdim özümü. Xilas olmaq istəyirəmsə, ayağımdan keçməliydim. Qərar vermək asan olmadı, amma verdim. 2009-cu ilin dekabrında əməliyyat olundum. Gözümü açanda ayağım yox idi, amma yanımda yaxınlarımla birgə şagirdlərim də vardı. Onları görmək tək ayağıma əlavə güc verdi”. 

Təbiətcə nikbin insan olduğunu deyən Nərmin müəllim, yeri düşəndə, yaxınlarına, dostlarına, yoldaşlarına, şagirdlərinə özü təsəlli olub: “Məktəbə, şagirdlərimin yanına 6 ay sonra qayıtdım. 2010-cu ilin “Son zəng” günü “yeni ayağımla” işə geri döndüm”. 

Bu dönüş, yəni II qrup əlil olaraq məktəbə qayıtmağı 27 yaşlı müəllimin fəaliyyətinə hər hansı təsir göstərməyib: “Nə dərsimin keyfiyyətində, nə şagirdlərimə münasibətimdə, nə də onların mənə sevgisində dəyişiklik var. Bu günə kimi dərslərimi eyni keyfiyyətlə keçir, şagirdlərimə lazım olan bilik və bacarıqlar aşılayır, bununla da kifayətlənməyib öz üzərimdə işləyirəm, kurslarda, təlimlərdə iştirak edir, seminar və konfranslara qatılıram. Məsələn, 2015-ci ildə Təhsil Nazirliyi və “British Council”in təşkilatçılığı ilə İngiltərədə “Canterbury Christ Church” Universitetində “Teacher Developing” təlimində iştirak etdim. Bu təlim mənə çox şey qatdı”. 

Sertifikatlaşdırmada yüksək nəticə qazandı 

Nərmin müəllim həm də sertifikatlaşdırma prosesinin qazananlarından biridir. İngilis dili müəllimləri ilə birlikdə bu prosesə qoşularaq test imtahanında 55 bal toplayıb. 

O, sadəcə sertifikatlaşdırma imtahanlarındakı nəticəsi ilə yox, həm də şagird nailiyyətləri ilə öyünür: “Hər il onlarla şagirdim ali məktəblərə qəbul imtahanlarına qatılır və uğur qazanır. Şagirdlərimlə adət halını almış maraqlı fəaliyyətlər həyata keçiririk. Onlarla gəzir, oyunlar oynayır, videolar çəkir, maraqlı paylaşımlar edirik. Hər il tele-körpü vasitəsilə Sankt-Peterburq şəhərində keçirilən “Uğura addım” beynəlxalq konfransına qoşuluruq”. 

“İndi daha qətiyyətlə addımlayıram” 

27 yaşından bəri əlil ingilis dili müəllimi hər gün dərs deyir, hər il məzun olan onlarla gəncin həyatında iz, təhsilinə imzasını qoyur: “Keçmiş şagirdlərimlə əlaqəm itmir. Hər gün onlardan kimsə mənə zəng edir, kimlərsə baş çəkməyə gəlirlər. Onlar məni sevir, mən onlarla qürur duyuram. İnanıram ki, sevilən müəllim, mübariz insan olaraq hekayəm məni tanıyanlara, barəmdə eşidənlərə, qəzetinizdə oxuyacaq bir çox insanlara stimul verəcək, onları ruhlandıracaq. Peşəmi çox sevirəm”. 

Nərmin müəllim peşəsini də sevir, həyatı da: “Əlillik həyatımı məhdudlaşdırmayıb. Bəlkə sağlam ayaqlarla 10 dəqiqəyə getdiyim yolu indi 20 dəqiqəyə gedir, 2 dəfə çox vaxt sərf edirəm, amma yenə gedirəm. Üstəlik, indi daha qətiyyətlə, fasilə vermədən addımlayıram. Əlillik qətiyyətimi gücləndirdiyi  kimi, həyat eşqimi də artırıb, həyata ikiəlli sarılmışam”. 


 

Xəbər lenti