Logo

Tələbələrinin 72 faizi ixtisas seçimində ilk üç yerdə Pedaqoji Universiteti qeyd ediblər

18.12.2024 10:57 76 baxış
IMG

Dekabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib.

İclasda açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov ötən dövr ərzində görülən işlər və baş verən yeniliklərə toxunaraq yaxınlaşmaqda olan yeni təqvim ilində müxtəlif istiqamətlər üzrə daha da səmərəli fəaliyyət göstərməyin vacibliyini vurğulayıb. Rektor qeyd edib ki, əlaqədar strukturlarda, müvafiq kafedralarda aparılan elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, eləcə də bu konteksdə müvafiq stimullaşdırma tədbirləri olduqca əhəmiyyətlidir.

Daha sonra universitetdə uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə və yubiley yaşına  görə Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dosent Anaxanım Yusifovaya Fəxri Fərmanı təqdim olunub. Eləcə də elmi dərəcə almış əməkdaşlara fəlsəfə doktoru diplomları təqdim olunub.

Elmi Şuranın gündəliyinə uyğun olaraq tədris işləri üzrə prorektor dosent Eldar Aslanov “ADPU-nun 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığının vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, Pedaqoji Universitetdə müvafiq semestr imtahanlarının 06 yanvar-03 fevral 2025-ci il tarixlərində tərtib olunmuş cədvəl üzrə keçirilməsi nəzərdə tutulur. Ümumilikdə universitetin Bakı şəhəri üzrə 11250-dək tələbə və magistrantının iştirak edəcəkləti imtahanların ADPU-nun Səbail və Gənclik tədris binalarında (xüsusi qabiliyyət tələb edən fənlər isə Nəsimi tədris binası) gündə üç növbədə keçirilməsi planlaşdırılır.

2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili ilə əlaqədar ADPU, onun filialları və Pedaqoji Kollecin ümumilikdə 3654 nəfər tələbəsi arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, respondentlərin 72 faizindən çoxu imtahanlarda 71 baldan yüksək, 26,4 faizi isə 91 baldan yüksək nəticə göstəriblər. İştirakçıların 80 faizə qədəri imtahanların şəffaflğını 10 ballıq sistem üzrə 7-10 bal aralığında, 45 faizə qədəri isə 9-10 bal aralığında qiymətləndiriblər. Onlardan 81 faizə qədəri imtahanla bağlı apellyasiyaya müraciət etməyiblər. Tələbələrin 35 faizindən çoxu imtahan dönəmində ADPU-da fəaliyyət göstərən psixoloji xidmətdən yararlanıb. 88 faiz iştirakçı imtahan nəzarətçilərinin davranışından razı olduğunu qeyd edib. Ümumi rəyə əsasən, tələbələr şifahi imtahan formasını daha çox dəstəkləyirlər.

2024/2025-ci tədris ilində Pedaqoji Universitetə  qəbul olan tələbələr arasında aparılan sorğunun nəticələri haqqında məlumat verən prorektor E.Aslanov qeyd edib ki, 423 nəfər I tədris ili tələbəsini iştirak etdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin 70.4 faizi müəllim olmaq üçün, 16.5 faizi isə rahat təhsil mühitinə görə ADPU-nu seçiblər. İştirakçıların 72 faizi ixtisas seçimində ADPU-nu ilk 3 yerdə qeyd etdiklərini, 92.4 faizi isə ilk turdan ADPU-ya qəbul olduqlarını vurğulayıblar. Tələbələrin 83 faizindən çoxu məzun olduqdan sonra müəllim kimi fəaliyyət göstərəcəklərini qeyd ediblər. Həmçinin, sorğu iştirakçılarının 90 faizi universitetdə xarici dil seçimində ingilis dilinə üstünlük veriblər.

Sorğuya qatılanların 63 faizi Pedaqoji Universitet haqqında ilk məlumatı ADPU-nun sosial media hesabları və rəsmi saytından, 18.7  faizi universitetin tələbələrindən, 14.4 faizi isə məzunlarından  əldə etdiklərini bildirib.

Daha sonra cari məsələlər müzakirə olunub. Müzakirələrdə elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov Filologiya fakültəsinin dekanı, f.ü.f.d. Könül Nəriman qızı Həsənovaya dosent elmi adının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov dərs vəsaitlərinin nəşrinə icazə verilməsi və SABAH qruplarında tədris planının seçmə fənnlər blokuna “Davamlı inkişaf məqsədləri” fənninin əlavə edilməsi, rektorun müşaviri Ümid Mehdiyev isə Ağcabədi filialının ştat cədvəli və struktur vahidlərinin təsdiqi barədə məruzə ediblər.

Yekunda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, Şura tərəfindən təqdim olunan hesabatlar qəbul edilib, müvafiq təkliflər barədə müsbət qərarlar verilib.

Xəbər lenti