Bu il ABŞ-də azı 83 məktəbdə silahlı insident baş verib.
TƏHSİL.BİZ CNN-ə istinadən xəbər verir ki, 16 dekabra qədər baş vermiş silahlı atışmalar nəticəsində 38 nəfər həyatını itirib, 115 nəfərdən çox insan yaralanıb.
Bu hadisələr həm ali, həm də ibtidai məktəbləri əhatə edir. İnsidentlər təkcə məktəb ərazisində deyil, həm də idman meydançaları, dayanacaqlar, stadionlar və məktəb avtobuslarında qeydə alınıb. Hüquq-mühafizə orqanları və ya məktəb təhlükəsizlik işçilərinin iştirakı ilə baş verən hadisələr isə hesabatlarda nəzərə alınmayıb.
Qeyd olunur ki, ABŞ məktəblərində atışma hadisələrinin artması ciddi narahatlıq doğurur. COVID19 pandemiyasının ilk ilində məktəblərin bağlanması səbəbindən bu cür hadisələrin sayı kəskin azalmışdı. Lakin son illər yenidən artım müşahidə olunur. Son 4 ildəki silahlı insident sayı 2008-ci ildən bəri rekord həddə çatıb.
2024-cü il ərzində 83 məktəb atışması baş versə də, ən çox insan itkisi olan hadisələr 2022-ci ildə qeydə alınıb. Həmin il 46 nəfər həyatını itirib, o cümlədən Texas ştatının Uvalde şəhərində yerləşən Robb İbtidai Məktəbindəki dəhşətli atışmada 19 şagird və iki pedaqoq qətlə yetirilib, onlarla insan yaralanıb.