Logo

Sükunətin ritmini tutan Mahmud Mahmudov

18.12.2024 11:43 31 baxış
IMG

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dəhlizində həftənin müəyyən günləri təkrarlanan səssizlik… Bu sükut Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudovun varlığını daha da xüsusi edirdi. Çünki o bir növ sükunətin ritmini tutmuş, dərinliyinə enmişdi. Hər kəs Jurnalistika fakültəsində Mahmud Mahmudov ismi ilə "ədəbi redaktə" birləşməsini ekvivalent görürdü. Fəqət Mahmud müəllim tədris etdiyi fənnin mükəmməlliyi qədər sadə xarakteri ilə də yadda qalmış bir şəxs idi. O, həyatın gizli və aşkar olan bütün məqamlarını şübhəsiz ki, bir jurnalist kimi deyil, həm də bir insan olaraq sevmişdi.

Mahmud müəllimin balaca bir diplomat çantası var idi. Bu çanta onun həyatına dair çox şey söyləyirdi. Çoxları üçün sadəcə bir əşyadan ibarət olsa da, Mahmud müəllim üçün yüngül, ən önəmlisi səssiz-səmirsiz bir yoldaş idi. Sükunəti sevən bir insanın belə bir dostluq qurmağı da təəccüblü deyildi. Bu çanta onu tanıyanların xatirəsində sanki hadisələrin ardında gizlənən sakitliyi simvolizə edirdi. Mahmud müəllim fakültəyə gəlib-gedərkən tələsməzdi. Addımları asta, amma qərarlıydı. Həyatın hər anını dərindən hiss etməyə çalışan bir insanın addımları kimi.

Mahmud müəllim həmişə sadə və anlaşıqlı idi, eynilə nitqi kimi. Mövzuları dərinliyinə qədər izah etməkdən çəkinməz, hər cümləsi ilə tələbələri düşündürərdi. Hər hansı bir mətnin üslubundan bəhs edərkən onu həm dil xüsusiyyətləri, həm də əxlaqi dəyərlər nöqteyi-nəzərindən incələyərdi.

Bizə məqalələr, esselər yazdırar, onun redaktəsini edər, düzgün yazmağı təlqin edərdi. Həmin günlərdən biri yaxşı yadımdadır. Adətim üzrə uzun-uzadı nəsə cızma-qara edib, Mahmud müəllimin masasının üzərinə qoydum. Düzü, bir az da narahat idim. Bilirdim ki, mənim bu yazım ədəbi tənqidin ən yüksək zirvəsində olacaq. Mahmud müəllim yazılara redaktor çevikliyi ilə göz gəzdirdi. Eynəyinin altından mənə baxıb, ilk sənin yazını oxuyacağam, dedi. Birinci cümləmi oxumuşdu ki…

  • Sən də Süleyman Rəhimov kimi uzun və ürəyəyatımlı yazırsan. 

Mahmud müəllim yazılarda sadəliyin tərəfdarı idi. Həmişə deyərdi ki, uzun cümlələrdə bəzən sadə fikirlər itir, anlamaqda çətinliklər yaranır. O, hər zaman qısa və mənalı cümlələrin tərəfdarıydı. Bu, onun öz həyatına da aiddir: sadə və anlamlı. Mahmud müəllim heç vaxt çox danışmazdı, amma hər sözünün arxasında dərin bir məna dayanardı. Əgər yazıda çox uzun cümlələr görsəydi, gülümsəyərək “çox danışdın, amma fikrini çatdırmadın”, - deyərdi.

Mahmud müəllimi tanıyanlar onun bu ifadəsini əzbər bilərdilər:

  • Tələbə gənclər, mən sizi məzəmmət etmək istəmərəm.

Bu kəlmələr onun dərs üsulunun mahiyyətini açıqlayırdı: sərt tənqiddən çəkinmək, tələbələrinə qarşı dürüst və nəzakətli olmağa çalışmaq. Tələbələrin hər yanlışı onun düşüncəsində irəliləyiş üçün bir fürsət idi və bu cür yanaşma gənclərə həm güvən verir, həm də onları düzgün istiqamətə yönləndirirdi.

Mahmud müəllimin tələbələrinə münasibəti həm də insanlıq, qayğı və etik prinsiplərin müəllimlik peşəsinin əsas hissəsi olduğunu nümayiş etdirirdi. O, tələbələrinin şəxsiyyətini, onların fərdi xüsusiyyətlərini qiymətləndirir, hər birinin fərqli öyrənmə üslubu olduğunu yaxşı anlayırdı. Bu səbəbdən də "məzəmmət etmək" onun dərs fəlsəfəsində heç vaxt yer almırdı; əksinə, müsbət yanaşmalar və mütəmadi təşviq etmələr ön planda idi. 

Onun individual xitab formaları var idi. Tələbələrə ya “tələbə gənclər”, ya da “tələbə jurnalistlər”, - deyə xitab edərdi. Bununla bizə sanki tələbə olmaqla yanaşı həm də bir gənc, jurnalist olduğumuzu xatırladırdı.

Mahmud müəllim öz tələbələrinə yalnız jurnalistika və ədəbiyyat haqqında məlumat vermirdi. Onun dərslərində həm də həyati tövsiyələrə yer vardı. Gözəl yazılmış bir cümlədən ziyadə, səmimi bir insan olmaq da mühüm əhəmiyyət kəsb edirdi. O, hər zaman qeyd edərdi ki, yazıçılıq və jurnalistika yalnız sözün sənətini yaratmaq deyil, həm də həmin sözlərin məsuliyyətini daşımaqdır. Mahmud müəllim tələbələrini bu prinsiplərlə yetişdirirdi; bu, onu həm də böyük bir əxlaq müəllimi edirdi.

Bizim müəllimimiz tələbəlik illəri ilə bağlı xatirələrindən bəhs etməyi də sevərdi. Həmin illəri təvazökar bir şəkildə xatırlayan Mahmud müəllim o dövrün asan və çətin tərəflərini həmişə böyük bir şükranlıqla izah edərdi. Hekayələrində hər zaman bir mübarizə var idi. Lakin o bu illəri yalnız mübarizə kimi deyil, həm də yenidən doğulma dövrü kimi qiymətləndirərdi. Bu mənada Franz Kafkanın “Çevrilmə” romanının məzmununu bizə tez-tez xatırladardı. Həyatın çətinlikləri onun fəlsəfəsində yalnız insanın özüylə barışaraq öhdəsindən gələcəyi bir proses kimi görünürdü.

Mahmud müəllim həyatda çox az şeylərdən şikayət edərdi. Onlardan biri, hətta birincisi oçerk janrının unudulması ilə bağlı narahatlığı idi. Mahmud müəllim bəlkə də heç vaxt bilmədi ki, öz həyatında bu janrı tam mənası ilə yaşadırdı. Şübhə yoxdur ki, onun hekayələri, danışıq tərzi, dərsləri, tələbələrə verdiyi məsləhətlər jurnalist tələbələri üçün bir janr kimi qalacaq. O yazdığı hər bir kəlməni seçərək düzgün məqamda və tonda istifadə edərdi. Beləcə yazıları kiçik bir dünyadan böyük mənaya çevrilərdi. Bununla Mahmud müəllim oçerk janrının əsl ruhunu və dərinliyini təmsil edirdi. Onun yazılara yanaşmasının özü ayrılıqda dərs idi: sadəlik və dolğunluq arasında düzgün tarazlıq tapmaq.

Kitabları çox sevirdi. Kiçik cildli bir oçerk kitabı var idi. Qəlibi çox köhnə olsa da, onun üçün ən dəyərli kitablardan idi. Arada oxumaq üçün həmin kitabı Mahmud müəllimdən istəyirdim. Hər dəfə vaxtında qaytarmağım barədə tapşırıq verirdi:

  • Qızım, təvəqqe edirəm, mənim bu oçerk kitabımı ehtiyatla oxu və fikrindən çıxmadan təhvil ver.

Bizim Mahmud müəllimin sadə cəhətləri çox idi. O, ön planda olmaq istəməzdi. Danışmaqdansa, çox vaxt susmağı seçərdi. Hər hansı bir məsələ barədə fikir bildirəndə belə insanın daxili aləminə sükunət gətirən bir səs tonu ilə danışardı. Onun sükutları dərs, sözləri isə həyat fəlsəfəsi idi.

O, əxlaqi dəyərləri təkcə sözlər vasitəsilə yox, həm də əməllərində nümayiş etdirirdi. Mahmud müəllim milliliyi özündə qoruyub saxlamağı bacarmışdı. O, doğma universitetinin daşını, divarını da sevir, minlərlə xatirələrin bu divarlara hopmasından bəhs edərkən duyğulanırdı. Bu situasiyalarda bir adəti var idi, əlini oğlan tələbələrdən birinin çiyninə söykəyərək fikrə gedərdi. 

Mahmud müəllim bir müddət əvvəl yaşı ilə əlaqədar ömrünün yarım əsrini həsr etdiyi Jurnalistika fakültəsindən ayrılmışdı. Ancaq nə bilərdik ki, ikinci ayrılıq daha ağrılı olacaq?!

Mahmud müəllimin yoxluğu sözlərimi boğazımda düyünlədi, nə danışa bildim, nə yaza… Yoxluğu da varlığı kimi hisslərimizi sükunətə qərq etdi.

Ölümü də ani və sakit oldu, eynilə yaşamı, addımları və nitqi kimi… Səssiz-səmirsiz. Bu dünyadan aram addımlarla bir Mahmud Mahmudov keçdi. Sözün həqiqi mənasında qarışqaya, bir çiçəyin ləçəyinə belə toxunmayan, heç nəyə, heç kimə zərəri olmayan Mahmud müəllim…

Mahmud müəllim, hardasa bir yerdə bu hisslərimi duyduğunuzu bilirəm, təmənni edirəm, bu dəfə sözü çox uzatmadım…

Xəbər lenti