Logo

İki yeni qrant layihənin təqdimatı keçirilib

19.12.2024 09:44 46 baxış
IMG

Təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsi çərçivəsində qalib seçilən iki  layihənin təqdimat mərasimi baş tutub.

TƏHSİL.BİZ xəbər verir ki, mərasim Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yexlax rayon sektoru nəzdində fəaliyyət göstərən Xaldan kənd kompleks tam orta məktəbində gerçəkləşib. Tədbirdə media nümayəndələri, layihə tərəfdaşları, məktəb rəhbərliyi, pedaqoji heyət və şagirdlər iştirak ediblər.

Açılış mərasimində çıxış edən məktəbin direktoru Günel Yusifzadə Xaldan kənd kompleks tam orta məktəbində daha əvvəl də müxtəlif qrant layihələrinin uğurla reallaşdırıldığını vurğulayıb. O, xüsusilə 7-ci qrant müsabiqəsi çərçivəsində məktəbdə istixana layihəsinin müvəffəqiyyətlə icra olunduğunu xatırladaraq, mövcud iki yeni layihənin də təhsil prosesinin zənginləşməsinə, şagirdlərin praktiki bacarıqlarının inkişafına və məktəb mühitinin daha da təkmilləşməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

Hər iki layihənin eksperti "Azərbaycan müəllimi" qəzetinin Mərkəzi Aran, Şəki-Zaqatala üzrə Regional təmsilçisi Aynur Araz öz çıxışında vurğulayıb ki, hər iki layihə müasir dövrün tələblərinə cavab verən zəruri bacarıqların şagirdlərə aşılanmasında, könüllülük mədəniyyətinin formalaşmasında, milli mədəniyyət və incəsənət dəyərlərinin qorunub saxlanmasında xüsusi rol oynayacaq. Onun sözlərinə görə, bu təşəbbüslər həm peşə hazırlığına, həm də yaradıcı düşüncənin formalaşmasına dəstək verəcək, nəticədə şagirdlər müasir əmək bazarının tələblərinə daha uyğun yetişəcəklər.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Qasımova "Eko Könüllülər ilə Yaşıl Zona Parkının yaradılması" adlı layihəsi haqqında geniş məlumat təqdim edib. V.Qasımova bu təşəbbüsün ekoloji biliklərin şagirdlərə mənimsədilməsi, onların təbiətə məsuliyyətli yanaşma bacarıqlarının formalaşdırılması və könüllülük dəyərlərinin aşılanmasına xidmət etdiyini bildirib. V.Qasımovanın sözlərinə görə, layihə çərçivəsində məktəb ərazisində Eko Park salınacaq, buradakı mühit isə uşaqların ekoloji tərbiyəsi, praktik bacarıqlarının təkmilləşməsi və ekosistemin qiymətləndirilməsi üçün real öyrənmə məkanına çevriləcək.

Digər qalib layihənin rəhbəri, məktəbin fizika laborantı Pərvanə Hacıyeva "ART Studio" adlı təşəbbüsün konsepsiyasını izah edib. Onun təqdimatında vurğulanıb ki, bu layihə çərçivəsində məktəbdə müasir standartlara cavab verən sənət emalatxanasının - “ART Studio”nun yaradılması planlaşdırılır. Burada Azərbaycanın qədim sənət növlərindən olan dulusçuluqla yanaşı, müxtəlif yaradıcı fəaliyyətlər və sənət texnologiyalarının tədrisi nəzərdə tutulub. Bu addım şagirdlərin estetik zövqünün, bədii-təsviri bacarıqlarının və mədəni irsə hörmətinin gücləndirilməsinə xidmət edəcək.

"Eko Könüllülər ilə Yaşıl Zona Parkının yaradılması" layihəsinin tərəfdaşı Mingəçevir Dövlət Universitetinin "Bir Könüllü" proqramının koordinatoru Qorxmaz Rəhimli də tədbirdə çıxış edərək, könüllülük prinsiplərinin müasir gənclərin tərbiyəsində strateji rol oynadığını vurğulayıb. O qeyd edib ki, bu layihə çərçivəsində 20 könüllü tələbə Eko Parkın yaradılmasında fəal iştirak edəcək, məktəbdə yeni bir ekoloji şəbəkə formalaşdıracaq və bundan sonrakı ekoloji maarifləndirmə işlərinə dayanıqlı təməl qoyacaq.

Tədbirin sonunda layihə işçi qrupları məktəb ərazisində yaradılacaq Eko Parka və “ART Studio” emalatxanasına baxış keçirərək, qarşıdakı işlərin icra mexanizmlərini müzakirə ediblər. Beləliklə, hər iki layihə ekoloji tərbiyənin, yaradıcılıq potensialının, peşə bacarıqlarının inkişafının və milli dəyərlərin yaşadılmasının təşviqinə yönəlmiş innovativ addım kimi dəyərləndirilib.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/19%20December%202024/43326f0b-928f-422b-8e15-f60b8ef57ebd_A7WDjppnI6Lvh0YCmIOmZjCt8QeFLmfUhxo7FFw7.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/19%20December%202024/56af50b9-05a6-4183-a8a0-452d0fdf76f7_dZIA61c4oXFQjKIMNDeHKy30uQD95TpD2oOnhhrf.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/19%20December%202024/1e2ad960-ab32-4748-ac6a-6f33be3b21f3_imTQUfNeJuQPNWKrFPeGDqg7HqpNCog52BL89kPq.jpg

 

 

 


 

Xəbər lenti