Logo

“Hərbi münaqişələrin ətraf mühitə təsiri” mövzusunda beynəlxalq konfrans məruzələrlə davam edib

12.09.2025 09:08 35 baxış
IMG

“Hərbi münaqişələrin ətraf mühitə təsiri” mövzusunda beynəlxalq konfransın plenar iclası tematik məruzələrlə davam edib.

AMEA-dan TƏHSİL.BİZ-ə bildirilib ki, sessiyalarda müharibədən qalmış minaların, qanunsuz mədən fəaliyyətinin və ekoloji şüurun gələcək inkişafının müxtəlif aspektləri elmi müstəvidə araşdırılıb.

Rusiya Prezident Akademiyasının professoru, fəlsəfə elmləri doktoru Nizami Məmmədov “Hərbi və ekoloji fəaliyyətin birgə mövcudluğu müasirliyin paradoksal atributudur” mövzusunda çıxış edib. O, müasir dövrdə hərbi strategiyaların ekoloji mülahizələrlə necə çarpazlaşdığını fəlsəfi və metodoloji aspektlərdən təhlil edib. Məruzədə ekoloji sivilizasiya anlayışının formalaşması, müharibə və ekoloji məsuliyyətin birgə dəyərləndirilməsi kimi aktual məsələlərə toxunulub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Elnur Qasımov “Müharibədən qalmış minaların və partlayıcı qalıqların Azərbaycan Respublikasının ətraf mühitinə mənfi təsiri” mövzusunda çıxış edib. Məruzəçi işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı qalıqların torpaq, su və canlı aləmə yaratdığı təhlükələri faktlarla əsaslandırıb.

Radiasiya Problemləri İnstitutunun əməkdaşı Famil Hümbətov isə “Şərqi Zəngəzur rayonunda işğal dövründə qanunsuz mədən fəaliyyətinin ətraf mühitə təsiri” mövzusunda təqdimatla çıxış edib. Məruzədə işğal dövründə həyata keçirilmiş nəzarətsiz mədən istismarı nəticəsində yaranmış ekoloji pozuntular, torpaq strukturu və su ehtiyatlarına vurulan zərərlər elmi təhlillərlə təqdim olunub.

Qeyd edək ki, plenar iclasda sual-cavab sessiyası təşkil olunub. İştirakçılar təqdim olunan məruzələr ətrafında fikir mübadiləsi apararaq, elmi və praktiki yanaşmaların inteqrasiyası ilə bağlı təkliflər səsləndiriblər.

Xəbər lenti