Logo

Naxçıvanda məktəbdənkənar təhsil müəssisələri şəbəkəsi optimallaşdırılır

12.09.2025 15:29 38 baxış
IMG

“Əldə edilən nəticələr göstərir ki, məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin optimallaşdırılması artıq zərurətə çevrilib. Hazırlanmış layihəyə əsasən, mövcud 35 müəssisə birləşdirilərək 16 yeni müəssisə yaradılacaq”.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu Naxçıvanda təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyi Aparatının Uşaq və gənclərin inkişafı sektorunun müdiri Hüseyn Qəhrəmanov deyib. 

O bildirib ki, son bir ildə həyata keçirilən tədbirlər nəticəsində süni şəkildə şişirdilmiş qrupların sayı azaldılıb, real fəaliyyət göstərən qruplar müəyyənləşdirilib. Əvvəlki illərdə 10 486 qrup göstərildiyi halda, hazırda real fəaliyyət göstərən qrupların sayı 971-dir. 399 qrup isə vakant saxlanılır: “2022–2024-cü tədris illərində Azərbaycan Respublikası Hesablama Palatası, 2025-ci ilin mart–aprel aylarında isə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində aparılmış yoxlamaların nəticələri göstərdi ki, uzun müddət ərzində bu sahədə ciddi nöqsanlar mövcud olub. Xüsusilə diqqətçəkən məqam odur ki, əvvəlki illərdə 1 milyon 104 min 243 manat artıq vəsait ödənişi qeydə alınıb. Lakin görülən tədbirlər nəticəsində bu göstərici 2024–2025-ci tədris ilində 97 min 797 manata qədər azaldılıb. Bu isə maliyyə pozuntularının 95 faiz aradan qaldırılması deməkdir və islahatların real nəticəsini təsdiqləyir".

O əlavə edib ki, həmçinin Təhsil Nazirliyi tərəfindən də 2024–2025-ci tədris ili ərzində aparılan monitorinqlər zamanı bir sıra təşkilati və metodiki nöqsanlar aşkarlanıb: “ Komplektləşmə planında yaş normalarına əməl olunmaması; İllik iş planlarının formal hazırlanması, metodiki şuraların keçirilməməsi;   Əlavə əməkhaqqı və dərs saatlarının əsassız bölüşdürülməsi; Əmr kitablarında uyğunsuzluqlar və təsdiqlənməməsi; Bəzi müəssisələrdə dərnəklərin dayandırılması və şagirdlərin iştirakının zəif olması. Bu nöqsanlar göstərir ki, həm maliyyə intizamı, həm də metodiki prosesdə daha ciddi nəzarət və məsuliyyət tələb olunur".

Qeyd edək ki, optimallaşmanın ilin sonu və növbəti ilin əvvəlində yekunlaşdırılması nəzərdə tutulub.

Xəbər lenti