Estoniya Respublikasının paytaxtı Tallin şəhərində keçirilən “Robotex International 2025” beynəlxalq robot texnologiyaları yarışmasının final mərhələsində Azərbaycanı təmsil edən UNEC tələbələri böyük uğura imza atıblar.
Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, final mərhələsində 32 ölkədən 921 komandanın qatıldığı gərgin və rəqabətli yarışda UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələrindən ibarət “UNECode” komandası “Stoneridge Entrepreneurship Challenge” kateqoriyası üzrə 56 komanda ilə mübarizə aparıb. İnnovativ yanaşma və peşəkar bacarıqları ilə fərqlənməyi bacaran UNEC tələbələri dünyada 5-ci, region və Azərbaycanda isə 1-ci olublar.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışda iştirak edən “UNECode” komandasında Rəqəmsal İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbələri Aşurbəy Məmmədzadə, Əli Səfərli, Məhəmməd Mərdanov, Zahid Təzəxanov və Tofiq Əliyev təmsil olunublar.