Logo

18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

18.10.2020 13:16 756 baxış
IMG

18 Oktyabr ən şanlı tarixi günlərimizdən biri - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. XX yüzilliyin sonlarında sovetlər birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait, mövcud tarixi zərurət, xalqımızın apardığı milli azadlıq hərəkatı nəticəsində Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşdu. Bu, xalqımızın siyasi tarixində XX əsrdə ikinci parlaq zəfəri idi. Azərbaycan 1918-ci ildə müsəlman Şərqində ilk parlamentli, demokratik respublika qurmuş, lakin təəssüf ki, müstəqillik cəmi 23 ay sürmüş, xarici müdaxilə, mənfur qonşularımızla aparılan müharibə və beynəlxalq təminatın olmaması səbəblərindən cümhuriyyəti süqut etmişdi.

İkinci tarixi şərait 70 il sonra yetişmişdi. Sovet imperiyasının çökməsi, sovet dəyərlərinin iflası Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şanlı tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq salnaməsinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu və bununla da Azərbaycan demokratik və dünyəvi bir dövlət kimi yenidən müstəqilliyini dünyaya bəyan etdi. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu müstəqilliyinə yenidən qovuşdu. Həmin il dekabrın 29-da ümumxalq səsverməsində xalqımız yekdilliklə ölkəmizin dövlət müstəqilliyinə səs verdi.

1992-ci ilin mayında Milli Məclis müstəqil Azərbaycan Respublikasının Dövlət himnini, az sonra dövlət bayrağı və gerbini təsdiq etdi.

Müstəqilliyin ilk illəri ağır və məşəqqətli oldu. Bir tərəfdən köhnə iqtisadi əlaqələrin qırılması, təsərrüfat sahələrində böhranın hökm sürməsi, digər tərəfdən Ermənistanın əzəli Azərbaycan torpaqlarına hərbi təcavüzü vəziyyəti son dərəcə ağırlaşdırdı. Ermənistan silahlı qüvvələrinin öz havadarlarının dəstəyi ilə tarixi Azərbaycan torpaqlarına təcavüzü Dağlıq Qarabağ və onun ətrafındakı torpaqlarımızın işğalı ilə nəticələndi. Torpaqlarımızın işğal edildiyi bir dövrdə paytaxtda siyasi rəhbərlikdə baş alan hərc-mərclik, hakimiyyət uğrunda gedən mübarizələr ölkəmizi parçalanmaya, məhv olmaq təhlükəsinə sürükləyirdi. Dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət, siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin saxlanılması üçün ciddi təhlükə yaratmışdı.

Məhz belə bir ağır və çətin dövrdə Azərbaycan xalqının imdadına Ulu Öndər Heydər Əliyev çatdı. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider vətəndaş müharibəsinin qarşısını alaraq, az bir müddətdə ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi. Məhz onun müdrik və dahiyanə siyasəti Azərbaycanı parçalanmaqdan, məhv olmaq təhlükəsindən xilas etdi, ölkənin müstəqilliyini qoruyub saxladı.

Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxladı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən Ümummilli Lider Heydər Əliyev “müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir” məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Təsərrüfatın bütün sahələrində dirçəliş və inkişaf dövrü başladı. Beynəlxalq neft müqavilələrinin imzalanması ilə iqtisadi inkişafın təməli qoyuldu, peşəkar ordu quruculuğuna başlanıldı.

Ulu Öndərin yorulmaz səyləri və apardığı uğurlu xarici siyasət nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsülərindən gəlməyə başladı. Azərbaycan iri regional layihələr, Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu.

Ulu Öndər Heydər Əliyev “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edilməsinin Azərbaycanın milli dövlətçiliyi tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq 15 oktyabr 1994-cü il tarixində “18 oktyabr - Dövlət Müstəqilliyi Gününün Azərbaycan Respublikasının dövlət bayramı kimi qeyd edilməsi haqqında” fərman imzaladı. “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” - deyən Ulu Öndər müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edərək misilsiz xidmətləri ilə Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.

1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı və misilsiz əməyi ilə bağlıdır.

Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və ölkəmizin güclənlənməsi, iqtisadi, siyasi və sosial baxımdan möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirilir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial, iqtisadi, hərbi və siyasi sahələrdə nəzərəçarpan tərəqqi əldə etmişdir. Azərbaycan regionda və dünyada baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilmişdir. Dövlət başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən qabaqcıl yerlərdən birini tutur.

Müstəqil Azərbaycanın yetişdirdiyi vətənpərvər gənclik bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək güclənmiş nizami ordunun düşmən üzərində qələbəsində iştirak edir. Azad edilmiş torpaqlarımızda qürurla Azərbaycan bayrağını dalğalandırır. Bu gün mənfur qonşularımızın işğal etdiyi müqəddəs torpaqlarmızın azad edilməsi dövlətimizin əldə etdiyi nailiyyətlərin, dövlət və ordu quruculuğu sahəsində görülən məqsədyönlü tədbirlərin,ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasətin, xalqımızın öz Prezidenti ətrafında sıx birləşməsinin nəticəsində həyata keçirilir. Biz əminik ki, müstəqil dövlətimizin müzəffər ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə Cəbrayıl, Füzuli şəhərləri və azad olunan kəndlərimiz kimi Xocalını, Şuşanı, Xocavəndi, Xankəndini, Kəlbəcəri, Laçını və digər tarixi torpaqlarımızı da ən yaxın zamanda işğaldan azad edəcək, üçrəngli bayrağımızı əzəli və əbədi torpağımızda - Qarabağda dalğalandıracaq! Və bu bayraqdan birini də BDU-nun Qarabağda açılacaq filialında qaldıracağıq!

Xəbər lenti