Logo

Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək

19.10.2020 20:02 541 baxış
IMG

Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımları sayəsində, işğal altında olan torpaqlarımızı düşmənlərdən azad etmək üçün cavab tədbirləri görülməkdə davam edir. Sentyabrın 27-dən başlamaqla mənfur düşmən öz alçaq əməlləri ilə keçən illərdə olduğu kimi, atəşkəsi pozaraq mülki əhalini hədəf alır. Ölkə başçısı İlham Əliyev Azərbaycan xalqının qarşısında söz verərək, bütün Qarabağı alacağını, orada yeni həyatın başlayacağını bildirib. Xalqımız hər dəqiqə cənab prezidentimizin verəcəyi xəbərləri həyəcanla gözləyir. 

 

Bildiyimiz kimi sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi və həmin hücum dəf edilmişdi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı. Sentyabrın sonunda bizim yaşayış məntəqələrimiz yenidən artilleriya atəşlərinə məruz qaldı. Elə ilk saatlarda bizdə həm dinc əhali, həm də hərbi qulluqçular arasında tələfat oldu. Bu günə qədər bizdə dinc əhali arasında 43 nəfər həlak olan və 200-dən çox yaralı var, təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da zərər çəkib. Təəssüf ki, atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 25 nəfərə qədər dinc sakin həlak olub və 60-a yaxın adam yaralanıb.
 

Döyüş meydanında itkilərə gəldikdə isə bizdə olan məlumata görə erməni tərəfin itkiləri bizim itkilərdən xeyli çoxdur. Biz hərbi qulluqçular arasında itkilərimizi münaqişənin qaynar fazası başa çatandan sonra elan edəcəyik. Biz düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail olduq. Bəzi sahələrdə hətta 4 müdafiə xətti vardı. Lakin ərazinin relyefi, dağ relyefi, əlbəttə, müdafiə olunmaq üçün əks-hücumla müqayisədə daha münasibdir. Bu günə qədər onlarca yaşayış məntəqəsi, o cümlədən Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli şəhəri və Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. Bizim əsgərlərimiz işğalçıları Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarıb və ölkəmizin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyatı davam etdirirlər.

 

Prezidentimiz İlham Əliyev Suriyadan və Liviyadan ölkəmizdə muzdlu əsgərlərin olması haqqında xəbərlərə aydınlıq gətirərək bildirmişdir ki, Azərbaycanda hər hansı xarici ölkədən olan əsgərlər yoxdur və buna ehtiyyac da yoxdur, çünki, bizim 100 mindən çox döyüşçümüz var. Zərurət yaranarsa hərbi səfərbərliklə bu rəqəmlər arta bilər. Erməni hərbi texnikasının məhv edilməsi kadrları internetdə əlçatandır.  Biz təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv etmişik. Azərbaycan Ordusunun potensialı məlumdur. Bizim nəyə malik olduğumuz heç kəs üçün sirr deyil. Buna görə bizim əlavə hərbi qüvvələrə ehtiyacımız yoxdur. Azərbaycan beynəlxalq terrorizmə qarşı həmişə ardıcıl mübariz olub. Əlbəttə, hansısa terror təşkilatlarının bizim ərazimizdə yuva salmalarına, xüsusən bizim xalqımız və qonşularımız üçün təhdid mənbəyi olmalarına heç vaxt imkan verməyəcəyik. 

 

Hazırda 10 oktyabr tarixli Moskva razılaşmalarında nizamlamanın baza prinsiplərinin adları çəkilir. Ölkə başçısı İlham Əliyev mövzu haqqında bildirmişdi ki, bu prinsiplər uzun illər ərzində, 10 ildən artıq müddətdə işlənib hazırlanıb. Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində biz mövqelərimizin razılaşdırılması istiqamətində çox fəal irəliləyirdik və bu çox mürəkkəb məsələ idi. Buna baxmayaraq, hər iki tərəf siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirirdi. Lakin təəssüf ki, Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını sadəcə kənara atdı. Üstəlik, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “hakimiyyət orqanları”nı danışıqlara cəlb etməyə cəhd göstərildi. Bu cəhd həm bizim tərəfimizdən, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildi.

 

Baza prinsiplərinə gəldikdə, orada hər şey dəqiq yazılıb və Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulur. Birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır. Lakin Ermənistanın yeni hakimiyyət orqanları dəfələrlə bəyan ediblər ki, bu prinsiplər onlar üçün qəbuledilməzdir, onlar bircə qarış belə torpağı qaytarmayacaqlar.  Ermənistanın müdafiə naziri deyirdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Bizim ünvanımıza daim hədələr və təhqirlər səslənirdi, nəticəsi də bu cür qarşıdurma oldu. Düşünürəm ki, Ermənistan tərəf yaranmış yeni vəziyyəti ayıq şəkildə qiymətləndirməli və atəşkəs rejiminə sadiq olmalıdır. Halbuki, o, bir neçə saatdan sonra gecənin bir aləmində Gəncə şəhərini bombalayaraq atəşkəsi vəhşicəsinə pozub. Bizim mövqeyimiz həmişə çox konstruktiv, ardıcıl olub və bu mövqe BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin bizim ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək. Lakin, eyni zamanda, bizim təklifimiz buna əsaslanırdı ki, gələcəkdə Dağlıq Qarabağ ərazisində erməni icması və Azərbaycan icması dinc yanaşı yaşamalıdır. Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Heç kəs üçün gizli deyil və bu faktı artıq beynəlxalq vasitəçilər də bilir ki, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. Bu gün erməni tərəfin belə adlandırdığı birləşmədəki hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır. Onlar hərbi xidmətə Ermənistanın hərbi komissarlıqları tərəfindən çağırılır və Azərbaycanın işğal edilmiş ərazilərinə - Ağdama, Füzuliyə, Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilana göndərilir. 

 

Ali Baş Komandan İlham Əliyev hər zaman söyləyir ki, "Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək."

 

Sadəcə faktlara istinad etməklə, əslində, nələr baş vermiş olduğunu və indi nələrin baş verdiyini dünyanın diqqətinə çatdırmaq istəyirəm. XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil - onun statusu məhz belə olub, - Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində çar Rusiyası ilə Kürəkçay müqaviləsi bağlayıb. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə  heç nə deyilməyib. Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə iki Rusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb. Rusiya imperiyası dağılandan sonra, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil erməni dövləti yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti bütün bu ərazilər çərçivəsində yaradılmışdı. Üstəlik, Azərbaycan Xalq Cümhuriyyəti onun yaradılmasının elan edilməsinin ertəsi günü İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsi barədə qərar qəbul etdi. 1921-ci ildə Qafqaz Bürosu Dağlıq Qarabağın, Azərbaycana verilməsi haqqında deyil, onun Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul etdi. SSRİ-nin dağılması mərhələsində nələr baş verdiyi isə, fikrimcə hamıya məlumdur. Düşünürəm ki, qısa zaman ərzində Ermənistan ordusu, Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılacaq. Bizim müharibəmiz haqq müharibəsidir! Azərbaycan ordusu zəfər çalacaq!

 

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin II kurs tələbəsi

Samirə Novruzova

Xəbər lenti