Logo

Bərdə şəhəri təkcə Azərbaycanın deyil, Şərqin qədim mədəniyyət mərkəzlərindən biridir

04.11.2020 17:03 1050 baxış
IMG

Azərbaycan tarixən şəhərlərin, şəhər mədəniyyətinin inkişaf etdiyi mərkəzlərdən biri olmuşdur. Bərdə şəhəri hələ ən qədim dövrlərdən ölkəmizin ictimai-siyasi və mənəvi-mədəni həyatında önəmli yer tutan şəhərlərdən biri olmuşdur.

 

Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə yaxın və Orta Şərqin ən qədim yaşayış mərkəzlərindən, eləcə də mədəniyyət, sənətkarlıq və ticarət mərkəzlərindən biri kim tanınmışdır. Bunu arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri, həmçinin Makedoniyalı isgəndər, Arakilər (Arşakilər) və Roma imperatoru Oktavian Avqust dövrünə aid pullar sübut edir. Həmçinin əldə edilmiş mənbələr və materiallar da Bərdənin hələ erkən orta əsrlərin əvvəllərində mövcud olan qonşu ölkələrlə sosial-iqtisadi və mədəni əlaqələrinin olduğunu göstərir.

 

Bərdə şəhərinin salınması haqqında mənbələr müxtəlifdir. Ərəb tarixçisi Bəlazuri (IX əsr) Bərdənin Sasani hökmdarı I Qubadın (483-531), İran tarixçisi Həmdullah Qəzvini (XIV ər) Makedoniyalı İsgəndərin (e.ə. 336-323) dövründə salındığı bildirir. Alban tarixçisi Movses Kalankatlının məlumatına görə, Bərdə Alban hökmdarı II Vaçe dövründə Firuzun (459-484) göstərişi ilə salınmışdır. “Kitabi-Dədə qorqud” dastanında Bərdədən geniş bəhs olunur.

 

Heç şübhə yoxdur ki, Albaniyanın digər əraziləri kimi Qarabağ bölgəsinin, o cümlədən Bərdə əhalisinin də etnik komponentlərindən biri türk tayfaları idi. Bərdədə türk etnoslarının hələ e.ə. III-II minilliklərdən yaşamaları elmə məlumdur.

 

Sasanilər dövründə (226-651) Bərdə canişinliyin mərkəzi olmaqla, ümumiyyətlə orta əsrlər dpövründə Bərdə Azərbaycanın eləcə də regionun elm,mədəniyyət, sənətkarlıq, ticarət mərkəzi kimi tanınmışdı.

 

Albaniya çarı II Vaçe Bərdənin sosial-iqtisadi, mədəni və starteji əhəmiyyətini nəzərə alaraq ölkənin paytaxtını Qəbələdən bu şəhərə (Bərdəyə) köçürmüşdü.

 

Dövrünün mühüm siyasi hadisələrindən biri də Bərdənin Alban xristian kotolikosluğunun mərkəzinə çevrilməsi idi.

 

Alban hökmdarı Cavanşirin işğalçı xəzərləri (628-630), iran feodallarını (639), ərəb qoşunlarını Bərdədən qovması şəhərin inkişafına şərait yaratmışdı. Hələ VII əsrdə Bərdədə 100 min əhali yaşayırdı və onun 90 faizi türklər idi. 752-ci ildə isə Bərdə Aran vilayətinin (ərəblər dövründə) mərkəzi olmuşdur.

 

VIII-IX əsrlərdə Bərdə mühüm elm, mədəniyyət və ticarət mərkəzi kimi çiçəklənmə dövrünü yaşamış və Yaxın və Orta Şərqin möhtəşəm yaşayış məntəqələrindən biri kimi məşhurlaşmışdı. Həmçinin dövrünə görə tanınmış “Əl-Kürkiy” bazarı Bərdə darvazasının yaxınlığında yerləşirdi. Bərdə həm də Xürrəmilər hərakatının əsas güc mənbələrindən biri idi. XIII əsrdə Bərdədə yerli pulların kəsilməsi şəhərin regionda, həmçinin ölkəmizlə qonşu ölkələr arasında ticarət əlaqələrində əhəmiyyətli rol oynamasına səbəb olmuşdur.

 

Dövrün bəzi mənbələrində “Aranın anası”, “Aranın baş şəhəri” də adlandırılıb. Albaniyanın şahı elan edilən Varaz-Qriqor 630-cu ildə Mehranilərin iqamətkahını Girdimandan Bərdəyə köçürdü.

 

Mənbələrin verdiyi məlumata görə, Sasanilərlə birlikdə Ərəblərə qarşı mübarizəni dayandırıb vətənə qayıdan Cavanşir Bərdə şəhərində böyük sevinclə və təntənə ilə qarşılandı. Cavanşir Bərdəyə soxulmuş sasani qoşunlarını qılıncdan keçirərək Bərdə şəhərini azad etdi. Beləliklə Mehranilər dövrünün görkəmli hökmdarı, böyük sərkərdə, müdrik dövlət xadimi Cavanşirin dövründə Albaniya və onun paytaxtı Bərdə şəhəri yadellilərin hücumundan qorunub və bu da Bərdənin sonrakı inkişafında mühüm rol oynamışdır.

 

Yaxın və Orta Şərqin sənətkarlıq və ticarət mərkəzi kimi tanınmış Bərdə 944-cü ildə rusların qarətçi, talançı yürüşünə məruz qaldı. Rusların orəli sürdükləri şərtlərə uyğun olaraq bir gün ərzində şəhəri tərk etməyən bərdəlilərə divan tutuldu. Rusların əmrinə tabe olmayan, irəli sürülən şərtləri yetirməyən bərdəlilər məscidə toplandı və hər bir şəxsdən 20 dirhəm pul tələb olundu. Pulu ödəyə bilməyən 20 min nəfər vəhşicəsinə qətlə yetirildi. Şəhər dağıdıldı, uzun müddət dirçələ bilmədi, əhali vahimə içərisində yaşayırdı, sənətkarlıq və ticarət tənəzzülə uğradı, pul kəsilməsi dayandırıldı. Həmçinin məşhur Bərdə şəhəri və onun bazarı əvvəlki əhəmiyyətini itirdi. Bu hadisə N.Gəncəvinin “İsgəndərnamə” əsərində Bərdə faciəsi kimi təsvir edilmişdir.

 

Bərdə X əsrdə (993) Şəddadilər dövlətinə daxil edilir, XI əsrdə Səlcuqların, XII əsrdə Eldəgizlərin hakimiyyətinə tabe edilir və tədricən yenidən yüksəlməyə başlayır. Lakin şəhər monqolların ilk yürüşləri zamanı yenidən dağıntılara məruz qalmış, Elxanilər dövründə (1256-1357) bərpa olunmuşdur. Teymurilərin Azərbaycana yürüşləri zamanı (1386-1400) Bərdə şəhəri yenidən viran edilmişdi.

 

Bərdə şəhəri sonrakı dövrdə Baharlı, Bayandurlar dövründə və Səfəvilər dövründə əvvəlki qüdrətini bərpa edir, yenidən sənətkarlıq və ticarət mərkəzinə çevrilir. Xanlıqlar dövründə Bərdə Qarabağ xanlığının tərkibində olmuş, 1805-ci ildə Qarabağ xanlığının ruslara tabe olmasından (1805 may Kürəkçay müqaviləsi əsasında) və 1822-ci ildə xanlığın ləğvindən sonra ruslar bütün Qarabağa olduğu kimi Bərdəyə də ermənilərin köçürülməsinə başladılar. 1828-ci ildə Türkmənçay müqaviləsinin 15-ci maddəsinə uyğun olaraq Bərdə ərazisinə 1000-dən çox erməni ailəsi köçürülmüşdü. 1828-1918-ci ilə qədər (Rusiyanın Azərbaycanda mütəmləkə dövründə) Bərdə Yelizavetpol quberniyasının tərkibində olmuş, Azərbaycan Xalq Cünhuriyyəti dövründə Bərdə şəhəri Şimali Azərbaycanın tərkibində olmuşdur.

 

Ümumiyyətlə, Bərdə tarixən və indi də Azərbaycanın nəinki inzibati və dini, həm də ölkəmizin sosial-mədəni və iqtisadi mərkəzi rolunu oynayan şəhərlərdəndir. Şəhər Qərb ilə Şərq və Şimal ilə Cənub ticarət yollarının üzərində yerləşən Bərəd orta əsrlərdə Şərq ticarətinin düyün nöqtəsi adlandırılmışdır.

 

Bərdə rayonu 1930-cu ildə inzibati ərazi statusunu almışdır və bir şəhər, 110 kənddən ibarətdir. Rayonda 73 müəssisə, 32 məkətəqədər uşaq müəssisəsi, 76 məktəb, 16 tibb müəssisəsi, 205 mədəniyyət ocağı vardır.
Bərdə rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Kür – Araz ovalığının şimal-qərb hissəsində yerləşir.
Bərdə şəhəri qədim mədəniyyət mərkəzi olmaqla qədim dövrümüzə bir sıra tarixi-mədəni abidələr qorunub saxlanıb. Bu abidələr Bərdənin qədim şəhər kimi zənginliyini, əzəmətini təcəssüm etdirməklə yanaşı, şəhərin tarixinin aynasına çevrilərək turizm baxımdan da bu gün xeyli önəm kəsb edir.

 

Təmir və bərpası yaxın vaxtlarda başa çatdırılan 1322-ci ildə inşa olunan Bərdə türbəsi də rayonun tarixi mədəni irsinin zənginliyindən xəbər verir. Türbənin ətrafında daha qədim tarixə malik Torpaqqala adlı müdafiə divarları da diqqəti cəlb edir. Ümumiyyətlə rayon ərazisindəki tarixi abidələr yerli və xarici turistlərin böyük marağına səbəb olur.

 

Şəhərdə yerləşən və Bərdənin qədim və zəngin mədəniyyətini, tarixini təcəssüm etdirən irsin bir hissəsi Tarix-Diyarşünaslıq muzeyində sərgilənir.

 

Respublikada Bərdənin də daxil olduğu “Beş dövrün beş paytaxtı” adlı turizm maşrutunun təqdimatı keçirildi. Bu turizm maşrutuna tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində yaranmış dövlətlərin paytaxta olmuş Bakı, Gəncə. Bərdə və Şamaxı şəhərləri daxildir.

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycanın ən yeni şanlı tarixini yazan yenilməz sərkərdə İlham Əliyevin 2020-ci il sentyabrın 27-də erməni faşistlərinin təxribatlarının qarşısını almaq və 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etmək üçün verdiyi əks-hücum əmri uğurla həyata keçirilir. Artıq işğal altında olan 4 şəhər, 3 qəsəbə və 170-dən çox kəndimiz azad edilmişdir. Döyüş meydanında qüdrətli azərbaycan ordusu ilə bacarmayan, silah-sursatını qoyub qaçmağa başlayan erməni silahları, hətta əsgərlərimizlə döyüşməkdən imtina edirlər.

 

Vəziyyətdən çıxmaq üçün Ermənistanın baş naziri faşist məzmunlu Nikal Paşinyan insanlığa, bəşəriyyətə qarşı ən qanlı cinayətə əl atmağa üstünlük verir.

 

Ermənistanın faşist rəhbərliyi oktyabrın 10, 17 və 27-də tərəflər arasında əldə edilmiş humanitar atəşkəs rejimini pozaraq Beynəl Hüququn norma və prinsiplərinə, 1949-cu il Cenevrə konvensiyasının məlum müddəalarına zidd olaraq Azərbaycanın döyüş bölgəsindən 70-100 kilometr uşaqlıqda olan şəhərlərimizi – Gəncəni (4,10, 17.X), Tərtəri, Mingəçeviri, Goranboyu, Ağcabədini, Beyləqanı və digərlərini istifadəsi qadağan edilmiş,balastik, artilleriya, kasetli raketlərdən dinc , mülki əhalini, obyektləri, yaşayış evlərini atəşə tuturlar.

 

Təəssüflə qeyd edirik ki, erməni faşistləri oktyabrın 4, 11 və 17-də Azərbaycanın ikinci şəhəri Gəncəni raket və ağır artilleriya atəşinə tutmuşdur. Nəticədə 10 qadın, 6 uşaq olmaqla 26 nəfər dinc sakin həlak olmuş, 138 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb, yaralanıb. Lakin aidiyyatı beynəlxalq təşkilatların, qurumların və bir sıra lider dövlətlərin bu vəhşiliyə, terrora ciddi yanaşmaması, erməni faşistlərinin getdikcə azğınlaşmasına səbəb olmuşdur.

 

Nəticədə, faşist Nikol Paşiniyanın əmri ilə oktyabrın 27 və 28-də Erməni silahlı qüvvələri döyüş meydanından kənarda yerləşən Bərdə şəhəri də raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejimini şərtlərini növbəti dəfə kobud şəkildə pozaraq “smerç” qurğusundan buraxılmış kasetli rajetlə atəş nəticəsində 4 mülki şəxs, o cümlədən 7 yaşlı qız həlak olmuş və 4 uşaq olmaqla 14 nəfər yaralanmışdır.

 

Erməni faşistlərinin təcavüzkar siyasətinin, cinayətlərinin davamı olaraq, 2020-ci il oktyabrın 28-də saat 13:00 radələrində Bərdə şəhərinin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin komplekt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumillikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat taktiki təyinatlı böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələri endirilməsi nəticəsində 5 qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15- qadın olmaqla 70 şəxs yaralanmışdır.

 

Həmçinin raket zərbəsinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir.

 

Lakin Bərdə sakinlərinin qisası yerdə qalmır və Ali Baş Komandanın əmri ilə döyüş meydanında erməni faşist işğalçılarına layiqli cavab verilir, ərazilərimizdən biabırcasına qovulur.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə çox qısa müddətdə Bərdə də türədilən vəhçiliklərin, dağıntıların nəticələri aradan qaldırılacaq.

 

Zəngin keçmişi və qədim ənənələri olan Bərdə şəhəri Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatında özünəməxsus yer tutmuş, dövlətçiliyimiz tarixinə töhfələr vermişdir. Qarabağ torpağının tarixi məkanlarından biri sayılan Bərdənin gözəlliklərini və əzəmətini hələ XII əsrdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi əsərlərində tərənnüm etmişdir. Bərdə rayonu ərazisindəki tarixi memarlıq abidələri, o cümlədən XIV əsrə aid Axsadan baba və Bərdə türbələri, XVIII əsrə aid Səkkizguşəli türbə və İbrahim məscidi maddi-mədəni irsimizin qiymətli nümunələri sırasındadır.

 

Son illər ərzində yeni inkişaf mərhələsinə qədəm qoyan Bərdə öz tarixi simasını saxlamaqla, sürətlə abadlaşır. Burada bir sıra mühüm infrastruktur layihələri uğurla həyata keçirilərək, müasir Müalicə-Diaqnostika Mərkəzi və Olimpiya İdman Kompleksi, təhsil və səhiyyə obyektləri, yeni istirahət guşələri inşa olunmuş, yollar çəkilmişdir.Bərdənin tarixi abidələri, bərəkətli torpağı və hazırkı infrastrukturu tikinti-abadlıq işləri aparılarkən rayonun özünəməxsusluğunun nəzərə alınmasını və mövcud potensialdan maksimum dərəcədə səmərəli istifadə olunmasını zəruri edir.

 

Bərdənin qədim tarixi-mədəni irsinin və memarlıq abidələrinin mühafizəsi, rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə "Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində müəyyən edilmiş tədbirlərin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasi Prezidentinin “Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalamışdır.

 

 

 

İbrahim Zeynalov,

BDU-nun Tarix fakültəsinin professoru

Xəbər lenti