Qarabağ işğaldan azad edildi. Bu bölgə məlum olduğu kimi, 30 il düşmən işğalı altında olub. Bu müddət ərzində torpaqlarına təcavüzü nəticəsində işğal olunmuş ərazilərdəki orta məktəblər Azərbaycanın müxtəlif yaşayış məntəqələrinə köçürülərək orada fəaliyyət göstərməyə başladı. Məsələn, Füzuli və Cəbrayıl rayonlarında vaxtilə mövcud olmuş 86 və 73 məktəbdən hazırda Azərbaycanın müxtəlif rayonlarında, müvafiq olaraq, 80 və 41 tədris müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərdə əslən Dağlıq Qarabağdan olan 22000-dən artıq şagird oxuyur və 3000-dən artıq müəllim dərs deyir.
İşğaldan azad olunan ərazilərdə təbii ki, yeni orta məktəb və baxçaların, həmçinin ali təhsil, peşə təhsil müəssisələrinin, kolleclərinin yaradılmasına, bərpa edilməsinə ehtiyac var. Bəs bu məsələni Təhsil Nazirliyi, yoxsa digər qurumlar həyata keçirəcək?
Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov danışıb. Nazirlik rəsmisi qeyd edib ki, bu məsələ ilə bağlı dövlət proqramı, siyasəti mövcuddur:
“Yəqin ki, cənab Prezident bu məsələ ilə bağlı müvafiq sərəncamlar imzalayacaq. Burada bütün infrastrukturun bərpa olunması və ya bütövlükdə bizə aid olan təhsil infrastrukturunun bərpa olunması müəyyən olunacaq və gerçəkləşəcək. Bildiyiniz kimi, bu məsələni ayrı-ayrı qurumlar etmir, bu müvafiq olaraq görülən işdir. Beləliklə, digər qurumlar kimi biz də üzərimizə düşən işləri yerinə yetirəcəyik”.
Cəsarət Valehov işğaldan azad olunan ərazilərdə əvvəl mövcud olan təhsil müəssisələrinin sayı barədə də danışıb:
“Zaman-zaman həmin məktəblərin sayını təqdim edirik. Yəni Təhsil Nazirliyi hər rayon üzrə təhsil statistikasını verir, qeyd edir. Yəqin ki, tezliklə Şuşaya aid olan təhsil müəssisələrinin sayını təqdim edəcəyik”.
Təhsil eksperti Kamran Əsədov isə qeyd etdi ki, işğaldan azad olunan ərazilərdə xüsusilə ali təhsil müəssisələrinin yaradılmasına böyük ehtiyac var:
“Erməni işğalı altında olan 11 şəhər və rayonda Azərbaycanın 500-dən artıq orta ümumtəhsil müəssisəsi, peşə təhsil müəssisəsi, hətta 1969-cu ildə Xankəndində yaratdığı bir ali təhsil müəssisəsi də var idi.
Cəsarət Valehov: “Digər qurumlar kimi biz də üzərimizə düşən işləri yerinə yetirəcəyik”"
Doğrudur, əhalinin sayı da regionun infrastruktur və imkanlarına görə ali təhsil müəssisələrinin sayı daha çox olmalı idi. Lakin etiraf edək ki, sovetlər dönəmində Azərbaycanda ali təhsil müəssisələrini daha çox paytaxt Bakıda, Gəncədə, Sumqayıtda açmağa meyilli olublar. Burada müəyyən qədər sovet rəhbərliyinin də maraqları var idi.
Beləliklə, işğaldan azad olunmuş ərazilərdə ali təhsil müəssisələrinin açılması zəruridir. Bu təhsil müəssisələri regionda ixtisaslı, savadlı kadrların sayının daha da çox olmasına, gələcəkdə həmin ərazinin müdafiəsinin daha rahat həyata keçirilməsinə gətirib çıxarır.
1992-ci ildən Azərbaycanın torpaqları işğal olunduqdan sonra həmin rayon və şəhərlərin məktəbləri digər rayon və şəhərlər arasında bölüşdürüldü. Bir çoxu paytaxt Bakıya, bir qismi Bərdəyə, Mingəçevirə, Sumqayıta köçürüldü. Məsələn, Kəlbəcər məktəbləri Gəncə və Sumqayıtın, Qubadlı məktəbləri Sumqayıtın, Şuşa məktəbləri Bakının payına düşürdü. Bildiyimiz kimi, Bakıda kifayət qədər məcburi köçkün məktəbləri var idi və etiraf edək ki, həmin məktəblərin ayrıca özünəməxsus binası yox idi. Onlar bir çox hallarda yataqxanalarda və ya hansısa idarə və təşkilatın müəyyən otaqlarında və yaxud digər işğal olunmayan rayonlardakı məktəblərin həyətində mövcud olan bir neçə otaqda fəaliyyət göstərirdilər".
Kamran Əsədov: “İşğaldan azad edilmiş ərazilərdə təhsilin təşkilinin 3 mərhələdə keçirilməsini təklif edirik”
Kamran Əsədov işğaldan azad olunan ərazilərdə təhsil müəssisələrinin yaradılması ilə bağlı təkliflərini də qeyd edib:
“Mənim özümün də hazırda işğaldan azad olunmuş ərazilərdə təhsilin inkişafı, tədrisin təşkili qaydaları ilə bağlı təkliflər paketini hazırlamışam, bununla bağlı layihələrimiz var. Burada 3 mərhələdən ibarət təkliflərimiz var. Yəni işğaldan azad edilmiş ərazilərdə təhsilin təşkilinin 3 mərhələdə keçirilməsini təklif edirik.
Birinci mərhələdə ora köçürüləcək, dədə-baba yurdlarına qayıdacaq şagirdlərin sayına uyğun olaraq modul tipli orta ümumi məktəblərinin salınması. Yəni birdən-birə böyük orta təhsil müəssisələrinin salınması həm uzun vaxt aparacaq, həm də tam dolmayacaq. Hazırda bilirik ki, hər rayonun nə qədər şagirdi var. İstər qoşunlarımız tərəfindən azad edilmiş Qubadlının, Zəngilanın, Füzulinin ərazisində olan şagirdlərin, eyni zamanda növbəti mərhələli şəkildə işğaldan azad ediləcək Laçın, Kəlbəcər, Ağdamın məktəblilərinin sayını bilirik. Amma bütün hər kəs ora gedəcəkmi? Bu məsələ hələ də sual altında olduğuna görə bizim təklifimizin birinci hissəsi budur ki, ilkin mərhələdə Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçında və Ağdamda, işğaldan azad edilmiş digər kənd və qəsəbələrdə modul tipli məktəblər yaradılsın. Beləliklə də təhsil alanların təhsil hüquqları pozulmasın.
İkinci, bunu Azərbaycan hökumətindən xahiş edir, bəlkə də tələb olaraq qeyd edirəm ki, biz Dağlıq Qarabağın inzibati ərazisində və işğaldan azad edilmiş ərazilərimizdə bir neçə ali təhsil müəssisəsini mütləq şəkildə açmalıyıq. Nəzər alsaq ki, işğaldan azad edilmiş ərazilərdə məzunlar olacaq, yəni 10-11-ci siniflərdə təhsil alan abituriyentlər olacaq ki, ali təhsil müəssisələrinə daxil olmaq istəyəcəklər. Onlar paytaxt Bakıya və digər şəhərlərə getmək əvəzinə Qarabağda təşkil olunacaq universitetlərə daxil olsunlar. Yəni gələcəkdə mütləq şəkildə Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti yaradılmalıdır. Hətta Azərbaycanın Ermənistanla sərhəd olan ərazilərində Laçında, Qubadlıda belə Müəllimlər İnstitutunun, İqtisad Universitetinin filiallarını açmalıyıq.
Bir daha qeyd edirəm ki, təhsil müəssisələri əhalinin məskunlaşmasına, işlə təmin edilməsinə, eyni zamanda həmin ərazilərin iqtisadi inkişafına təsir edir. Ermənilər bu istiqamətdə addım atmışdılar. Məsələn, biz Şuşada universitet açmamışdıq, amma ermənilər işğaldan sonra orada iki universitet açmışdılar. Bunlar Şuşa Texniki Universiteti, İrəvan Kənd Təsərrüfatı Universitetinin Şuşa filialı idi. Beləliklə, biz də həmin ərazidə mütləq şəkildə hərbi məktəb, ikincisi Şuşa şəhərində yerləşəcək Dağlıq Qarabağın bütün ərazisində təhsil alacaq şəxslərin ödənişsiz təhsilini həyata keçirmək üçün Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti açmalıyıq. Həmçinin ən əsası hərbi kadrların hazırlandığı təhsil müəssisəsi, regionun kənd təsərrüfatını nəzərə alaraq orada mütləq şəkildə kənd təsərrüfatı kadrlarını hazırlayan universitet açılmalıdır.
Üçüncü İqtisadiyyat Universiteti, onun filialları olmalıdır. Həmçinin hüquq fakültələri açılmalıdır. Çünki şahidi olduq ki, Dağlıq Qarabağ münaqişəsi zamanı ən böyük problemlərimizdən biri həmin ərazilərdə hüquq-mühafizə orqanlarında azərbaycanlı kadrların azlıq təşkil etməsi idi. Hətta orada Polis Akademiyası da açmaq olar.
Prezidentimiz qeyd etdi ki, gələcəkdə ermənilər də bizimlə birgə yaşaya biləcək. Bu baxımdan çalışmalıyıq ki, rəhbər postlara təyinat üçün mütləq şəkildə daha çox azərbaycanlı kadrlar olmalıdır.
Məlum olduğu kimi, sovet dönəmində istər Bakıda, istərsə də digər böyük şəhər və bölgələrdə bir çox vəzifələrdə kadrlarımız az idi, daha çox ermənilər təşkil edirdi. Çünki ermənilər öz uşaqlarını universitetlərə göndərəndə biz daha çox kənd təsərrüfatı ixtisaslarına meyillənmişdik. Ona görə də təkliflərimizin ikinci hissəsi bundan ibarətdir ki, həmin ərazilərdə mütləq şəkildə universitetlərimiz açılmalıdır.
Üçüncü təklifimiz peşə müəssisələrinin və kollecləri açılmasıdır. Ona görə ki, qısa vaxt ərzində həmin ərazilərdə ehtiyac duyulacaq sahələr üzrə ixtisaslı kadrlar hazırlanmalıdır.
Həmçinin uşaq bağçalarının açılması bizim növbəti mərhələ üçün təklifimizdir. Yəni Dağlıq Qarabağda təhsil elə bir vəziyyətə gətirilməlidir ki, 90-ci illərdə yaşadıqlarımızı bir daha yaşamayaq. Təhsil orada həm müdafiədir, həm ixtisaslı kadrdır, eyni zamanda məskunlaşmağa təsir edən birbaşa amildir. Hesab edirəm ki, işğaldan azad edilmiş və azad olunacaq ərazilərdə təhsil tamamilə yeni formatda qurulmalıdır və hökumət bu məsələni birinci məsələ olaraq ortaya qoymalıdır".