Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu il yaranmasının 90 illik yubileyini qeyd edir.
Bu gün Azərbaycanın və bütövlükdə Qafqazın mühüm ali təhsil ocaqlarından olan UNEC kifayət qədər mürəkkəb bir tarixi inkişaf yolu keçib.
1930-cu ildə yaranan universitet sovet ali təhsil siyasətinin çox vaxt anlaşılması çətin olan islahatlarına məruz qalsa da, o dövrdə də öz nüfuzunu qoruyub saxlaya bilib və abituriyentlərin ən çox üstünlük verdiyi ali təhsil müəssisələrindən olub.
Azərbaycan müstəqillik əldə etdikdən sonra UNEC-in inkişafı üçün yeni və geniş imkanlar açılıb. UNEC müstəqillik dövründə ölkədə aparılan ali təhsil islahatlarına uyğun olaraq, öz inkişaf yolunu müəyyənləşdirib və bu yolda əhəmiyyətli nəticələr əldə edib.
Tehsil.biz xəbər verir ki, universitet rəhbərliyinin qərarına əsasən UNEC-in 90 illiyi münasibətilə 6 cildlik nəfis məlumatlandırıcı kitablar çap edilib.
UNEC 90 illik fəaliyyətindən bəhs edən, çoxsaylı müəllif kollektivi tərəfindən qələmə alınan kitablarda universitetin inkişaf yolu və bu yolda əldə edilən əsas nəticələr, həmçinin universitetin rektorları, professorları, məzunları, yubiley təbrikləri əksini tapıb.
Kitabların hazırlanması və nəşri professor və müəllim kollektivinin gərgin əməyi nəticəsində ərsəyə gəlib.
Müəllif və redaksiya heyəti üzvlərinin əməyi isə xüsusi qeyd edilməlidir.
UNEC 90 yaşını qeyd edərkən, eyni zamanda da 100 yaşının tamam olacağı 2030-cu il üçün nəzərdə tutulan hədəfələrinə fokuslanıb.
Tehsil.biz həmin kitablar haqda məlumatı təqdim edir:
“Azərbaycan Dövlət İqtisas Universiteti 90” adlı kitab universitetin 90 illik tarixi inkişaf yolunu və bu yolda əldə etdiyi əsas nəticələri özündə ehtiva edir.
Kitab 5 fəsildən ibarətdir. Toplunun baş redaktoru UNEC rektoru, professoru Ədalət Muradovdur.
Birinci fəsildə 1930-cu ilə qədər, yəni Azərbaycan Dövlət İqtisad Universitetinin ilk sələfi olan ali təhsil müəssisəsinə qədər ölkədə iqtisadçı kadr hazırlığı sahəsində ilk təşəbbüsdən bəhs edilir.
İkinci fəsil, Azərbaycanda iqtisad yönümlü müstəqil ali təhsil ocağının formalaşması prosesinə həsr edilib.
Üçüncü fəsil, II Dünya müharibəsi və ondan sonrakı dövrdə Azərbaycanda ali iqtisadi təhsilin əsas inkişaf xüsusiyyətlərindən bəhs olunur. Dördüncü fəsildə, müstəqil Azərbaycanda həyata keçirilən ali təhsil islahatları fonunda UNEC-in əsas inkişaf mərhələləri şərh edilir. Beşinci fəsildə isə, 90 yaşında UNEC-in mövcud vəziyyəti, son illər əldə etdiyi uğurlar öz əksini tapıb.
“Azərbaycan Dövlət İqtisad universiteti, UNEC rektorları 1930-2020” kitabında bu günədək universitetin rektoru olan 18 alimdən bəhs edilir.
Məlumat üçün bildirək ki, universitetin ilk rektoru Mehdibəy İsmayılov , sonuncusu və hazırkı rektoru isə professor Ədalət Muradovdur.
“Azərbaycan Dövlət İqtisad Universitetinin professorları 1930-2020” kitabında geniş olaraq universitetin keçmişdən bugünə olan professor heyətindən bəhs edilir. Kitabda 164 professor haqda məlumat yer alıb.
“Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları” adlı kitabda universiteti əla göstəricilərlə baş vurub hazırda müəyyən vacib vəzifələrdə çalışan məzunları yer alıb. Bunların sırasında Kərəm Həsənov, Natiq Əmirov, Emin Hüseynov, Xaliq Əhədov, Andrey Sipilin, Şahin Mustafayev, Mikayıl Cabbarov, Ceyhun Bayramov, Muxtar Babayev və sair şəxslərə yer verilib.
“Azərbaycan Dövlət İqtisad Universiteti , UNEC- 90 fakt 1930-2020” kitabında universitet haqda maraqlı məlumatlar yer alıb.
“UNEC-90 Yubiley təbrikləri” kitabında universitetin yaranmasının 90 illiyi münasibətilə UNEC-in ünvanına ölkəmizin dövlət idarəetmə orqanlarından, Milli Məclis üzvlərindən, yerli və xarici ali təhsil müəssisələlərindən, icra hakimiyyəti orqanlarından, özəl qurumlardan və ictimaiyyət nümayəndələrindən çoxsaylı təbrik məktubları daxil olub. Təbriklərdə qeyd olunan səmimi sözlərin, arzu və diləklərin UNEC üçün əhəmiyyəti nəzərə alınaraq kitab halında çap edilib.