Logo

Xəz paltolu Madonna əsərinin zərərləri haqqında

03.03.2022 17:13 486 baxış
IMG

...Əsərin birinci hissəsi, Raif bəyin gündəliyinə qədər hər şey yaxşıdır. Türk ədəbiyyatında nəsr ənənəsinin zəif olduğunu nəzərə alsaq əsərin birinci hissəsinə hətta əla qiyməti də vermək olar. Səbahəddin Əli əsərin birinci hissəsini daha da genişləndirib, Raif bəyi sakitcə, səssiz-səmirsiz, təmtəraqsız şəkildə öldürüb əsəri bitirməli idi. Səbahəddin Əli işdə, evdə bir qram hörməti olmayan, yazığ, mağmun, bədbəxt bir kiçik məmur haqqında yağıcam əsər yaza bilərdi. Əsərin ikinci hissəsini, Raif bəyin gündəliyini yazmaqla Səbahəddin Əli yazığ, mağmun, bədbəxt bir məmur haqqında yığcam əsər yaratmaq fürsətini əldən buraxır. Bizə isə buna bir oxucu kimi yalnız təəssüflənmək qalır.

Əsərin ikinci hissəsi, Raif bəyin gündəliyi Səbahəddin Əlinin bir yazıçı kimi fiaskosudur.

Əvvəla, gündəlikdə dil dəyişmir. Gündəlikdəki dillə əsərin birinci hissəsindəki dil tamam eynidir. Bu bir yazıçı üçün ciddi qüsurdur. Əsərin ikinci hissəsində, Raif bəyin gündəliyində dil mütləq və mütləq dəyişməli idi.

İkincisi, Raif bəyin gündəliyində ədəbiyyat çox azdır. Demək olar ki, gündəlikdə ədəbiyyat yox dərəcəsindədir. Üstəlik, gündəlikdəki mövzular bədii həllini tapmayıb. Mövzular havada qalıb. Təsvirlər süni, sönük təsir bağışlayır. Stanislavski Raif bəyin gündəliyini oxusaydı böyük hərflərlə bağırardı: “İNANMIRAM”.

Üçüncüsü, gündəlikdəki həyat haqqında fikirlər, düşüncələr çox çiydir, çox kaldır. Bu fikirlər səthi, dayaz, əqli cəhətdən hələ formalaşmamış adamlara maraqlı görünə bilər. Gündəlikdə həyat haqqında yazılmış çiy, kal fikirləri oxuyanda qram-qram yox, kilo-kilo ətim tökülürdü. Çiy, kal fikirləri oxuyanda bir oxucu kimi xeyli “əzab-əziyyət” çəkdim.

O ki qaldı əsərin qəhrəmanı Raif bəyə... Mən bir oxucu kimi Raif bəyə qarşı özümdə bir qram da rəğbət hiss etmədim. Əksinə Raif bəy öz mağmunluğu, acizliyi, qorxaqlığı, fəaliyyətsizliyi, məsuliyyətsizliyi ilə məni xeyli əsəbiləşdirdi. Gələn gedən bu Raif bəyin təpəsinə qapaz vurub çörəyin əlindən alır.

Raif bəyin tənhalığı əsassız tənhalıqdı. Niyəsini indi bacardığım qədər izah edəcəm.

Əsasən, üç növ tənhalıq var.

1. İnsan fikirlərinə, hər hansı fəaliyyətinə, ideyasına, həyat fəlsəfəsinə görə cəmiyyətdən təcrid olunaraq tənhalığa məhkum edilir. Bu cür məcburi tənhalıq mübarəkdir. Faydalıdır. Əsas odur ki, cəmiyyət, mühit tərəfindən tənhalığa məhkum edilmiş insan tənhalıqdan qorxmasın, dayanmasın, fəaliyyətinə davam etsin, ideyasına sadiq qalsın. Fikirlərinə, ideyasına, fəaliyyətinə görə tənha qalacağından qorxan adam öz yolunu axıra qədər gedə bilməz.


2 . İnsan heç bir ciddi səbəb olmadığı halda özünü süni şəkildə tənhalığa məhkum edir. Heç bir ciddi səbəb olmadığı halda özün “ofsayda salır”. Guya bu da ciddi adamdı. Guya bunu da cəmiyyətdən təcrid ediblər. Guya bu da cəmiyyət, mühit tərəfindən tənhalığa məhkum olunub. Bu cür süni tənhalıq mənasız, gülməli tənhalıqdı. Necə deyərlər, atın ayağına nal vururlar, eşşək də ayağın qaldırır.

3. İnsan mağmunluğunun, qorxaqlığının, acizliyinin nəticəsində tənhalaşır. Bu cür tənhalıq zərərli tənhalıqdır.

Raif bəyin tənhalığı ikinci növ tənhalıqla üçüncü növ tənhalığın sintezidi. Raif bəy ikinci növ tənhalıqla üçüncü növ tənhalığı özündə birləşdirib. Onun tənhalığı gülməli, mənasız, həm də zərərli tənhalıqdı.

Xaraktersiz, qorxaq, aciz adamları sevmirəm. İnsan güclü olmalıdır. İnsan güclü olmağa məhkumdur. İnsan son nəfəsinə, son damla qanına qədər mübarizə aparmalıdır. Həyatın yeganə mənası mübarizədir.
Bəzi yoldaşları belə bir sual narahat edə bilər: “Axı Raif bəy nə edə bilərdi? ” Sual konkret cavab tələb edir. Alman dilini bilən Raif bəy alman dilindən türk dilinə hekayələr, esselər tərcümə etməli idi. Romanlar demirəm, hekayələr, esselər deyirəm. Alman dilini bilən Raif bəy alman dilindən türk dilinə hekayələr, esselər tərcümə etsəydi, bununla həm öz həyatını mənalandırardı, həm də cəmiyyətə öz tərəfindən fayda verərdi. Süni surətdə özlərini tənhalığa məhkum edənlər, heç bir ciddi səbəb olmadığı halda özlərini “ofsayda salanlar”, acizliyinin, qorxaqlığının nəticəsində tənhalaşanlar əbəs yerə əzab-əziyyət çəkirlər. Dahilərin, idealistlərin məcburi (və ya könüllü) tənhalığından savayı yerdə qalan bütün növ tənhalıqlar zərərlidir, faydasızdır, mənasızdır, gülməlidir...

Bir neçə kəlmə də Mariya haqqında yazmaq pis olmazdı. Mariya nə istədiyini heç özü də bilməyən, mənasız, cəmiyyət üçün , bəşəriyyət üçün faydasız bir qadındır. Hikkəsi, cılız eqosu yerə-göyə sığmır. Mariya özün qeyri-adi qadın hesab edir. Guya ekzistensial hisslər, düşüncələr, ekzistensial gərginliklər bu qadına rahat yaşamaq, canını bir yerə qoymaq imkanı tanımır. Mariya guya qeyri-adi qadın olduğuna görə cəmiyyətdə özünə layiqli yer tapmır. Əşi sənin cəmiyyətlə, bəşəriyyətlə nə işin var? Get balıq qızart, mürəbbə bişir, badımcan, pomidor, kələm şorbası qoy, qış üçün leço hazırla, şarf toxu, nə bilim, saçını kəsdir, dırnaqlarına gündə bir rəng çək, gül ək... Ümumiyyətlə, həyatı bu qədər mürəkkəbləşdirmək, qəlizləşdirmək nəyə lazımdır? Mariya qadın cinsinə mənsub olsa da dişi deyil. Dişi olmayan qadınlar Elza Seyidcahanın təbirincə desəm “beyintikən” olurlar. Nə özləri yaşamağı bacarırlar, nə də ətrafdakılara yaşamağa imkan verirlər. Təssüf ki, onların süni intellektual ədaları, süni davranışları, “ekzistensial gərginlikləri”, tez-tez dəyişən ovqatları, səthi adamların gözlərin qamaşdırır və dişi olmayan qadınlar da elə öz qurbanlarını bu gözləri qamaşan adamların arasından seçirlər. Bir tərəfdən baxanda yaxşı edirlər. Su axar, çuxurun tapar.

Son illər “Xəz paltolu Madonna” Türkiyədə, həmçinin Azərbaycanda böyük populyarlıq qazanıbdır. Qəti şəkildə əminəm ki, yüz minlərlə kişi, yüz minlərlə qadın özləri ilə Raif bəylə, Mariya xanım arasında çoxlu oxşarlıqlar tapıblar. Burdan belə bir nəticəyə gəlmək olar; Yüz minlərlə kişi, yüz minlərlə qadın mənasız, gülməli, faydasız, zərərli tənhalıqdan əziyyət çəkməkdədirlər.

Xülaseyi-kəlam, “Xəz paltolu Madonna” əsərin cəmiyyət üçün, insanlar üçün çox zərərli əsər hesab edirəm. Əsəri oxuyun, amma bu əsərdəki ucuz sentimentallığa, ucuz pafosa, süni, faydasız, mənasız, gülməli, zərərli, əsassız tənhalığın təhlükəli parıltısına qətiyyən aldanmaq olmaz. Konkret, faydalı işlərlə məşğul olmaq lazımdır. Məsələn, qarşıdan yaz gəlir. Ağac əkin, gül əkin və sairə və ilaxır. İş çoxdur! (Kulis.az)

Xəbər lenti