Logo

Əsəri hərracda 100 min dollara satılan azərbaycanlı rəssam: Zənginlikdən səfalətə gedən ömür

11.03.2022 12:48 588 baxış
IMG

Mart ayının 11-i Əşrəf Muradın vəfat etdiyi gündür... 2013-cü ildə Əşrəf Muradın “Napoleon” əsəri məşhur “Sotheby’s” hərrac evində 100 min dollara satılıb.

APA Əşrəf Muradın həyatı barədə araşdırma təqdim edib.

Ekzüperi “Balaca Şahzadə” əsərində necə deyir?

“Böyüklərə: “Pəncərələrində ətirşahlı çəhrayı kərpicdən tikilmiş gözəl bir ev, damında göyərçinlər gördüm”, - deyəndə, onlar bu evi təsəvvür edə bilmirlər. “Yüz min franklıq ev gördüm” deməli, sonra da “Nə gözəldir!” - deməlidirlər”.

Sizin də o böyüklərdən ola biləcəyiniz ehtimalını nəzərə alaraq Əşrəf Murad haqqında danışmağa onun əsərinə ölçülən qiyməti nəzərinizə çatdırmaqla başlayırıq.

Maraqlısı budur ki, bu gün hərraclarda baha qiymətə satılan əsərlərin müəllifi yoxsulluq içində canını tapşırmışdı. Lap Van Qoq kimi.

Əşrəf təminatlı ailədə doğulmuşdu, Bakıya ilk “Mercedes-Benz”i o gətirmişdi. Olduqca yaraşıqlı və ən əsası istedadlı cavan idi. Amma tale də onunla amansız davrandı... O qədər amansız ki, bir gecənin içində Əşrəfin bütün həyatı dəyişdi.

Həmin hadisə ilə bağlı iki-üç versiya olsa da, biri daha çox səslənir. Deyilənə görə, sərxoş vəziyyətdə dostları ilə gəzən Əşrəf milis tərəfindən saxlanılır, şöbədə qəddarlıqla döyülür. Ölümcül hala düşən rəssam başından aldığı çəkmə zərbələrindən sonra ciddi psixoloji travma alır. Hətta onun bir müddət ruhi xəstəxanada yatdığı deyilir.

Bir sözlə, bu hadisə onun bütün həyatını dəyişir. Beləcə həyat Əşrəfə verdiyi hər şeyi ondan alır...

Daha onun nə “Mercedes”i vardı, nə də səhər-axşam “Mercedes”ində şəhəri dolaşan dostları. Həm zahirən, həm də daxilən Əşrəf o Əşrəf deyildi. Caz həvəskarı olan rəssam əvvəllər saçlarını cazmenlər kimi saxlayırdı, fərqli geyinirdi, bir sözlə, hamıya ağ-qara olmağın diktə olunduğu cəmiyyətdə o başqa rəngdə yaşayırdı.

Artıq o rənglərdən də əsər-əlamət qalmamışdı.

Həyat ondan hər şeyi almışdı. Bircə dəli-divanə kimi sevdiyi Sevildən başqa. Çünki tale Sevili ona heç vaxt verməmişdi. Bütün qızların ətrafında pərvanə kimi dolandığı vaxtlarda belə Əşrəfin ağlında bir qadın vardı. Bu eşq haqqında nəsə yazmağa lüzum bilmirəm, özünün Sevilə yazdığı məktubların olduğu yerdə.

Sevili bir başqası qaçırır və Əşrəf heç vaxt evlənmir...

Onun artıq fırçasından başqa heç kimi yox idi. Bir fırçası, bir özü, bir də emalatxanası. Artıq onun istedadı da rəng dəyişdirmişdi. O, realist üslubda əsərlər çəkməyə davam etsəydi, xeyli var-dövlət qazanardı. Çünki hələ tələbə ikən onun bu üslubda çəkdiyi əsərlər baha qiymətə satılırdı. Ancaq o yolunu tamam dəyişmişdi. İndi Əşrəfin işlərini nə alan var idi, nə də başa düşən.

Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş mərhum diplomat Ramiz Abutalıbov xatirələrində yazırdı ki, Rusiyadan Bakıya qayıtdıqdan sonra Azərbaycan Rəssamlar İttifaqının sədri Yusif Hüseynovu Mərkəzi Komitəyə dəvət edir:

“Mən ona ehtiyatlı şəkildə bildirdim ki, Bakıda Əşrəf Muradın əsərlərini nümayiş etdirmək gözəl olardı. Amma Hüseynov mənə belə dedi: “Bu sənətkar psixi cəhətdən sağlam deyil, əsərləri sosialist realizminin ideoloji çərçivəsinə sığmır”. Əşrəfin həmkarının imtina etməsi məni özümdən çıxardı. “Əgər Əşrəf Muradın rəsm əsərlərinin sərgisini təşkil etməsəniz, sizə qarşı münasibətimi kəskin dəyişmək məcburiyyətində qalacağam. Bu barədə düşünün”, - dedim və görünür, sözlərim ona təsir etdi. Sərgi barədə qərar qəbul edildi və o, 1984-cü ilin oktyabrında Bakıda açıldı.

Əşrəf Murad araşdırmaçısı Rəfael Gülməmmədov rəssamın sağlığında layiq olduğu dəyəri ala bilməməsinin səbəbindən danışıb:

“Sovet İttifaqı insanın hər bir addımını nəzarətdə saxlayan, yaradıcılıq azadlığını tanımayan, yaradıcılığı rəssama diktə edən bir quruluş idi. Onun diktəsindən kənarda istər manera, istər quruluş baxımından olsun, fərqli yanaşmanı qəbul etmirdi. Əgər dövlət qəbul etmirdisə, deməli dövlət tərəfindən sifariş də azala bilərdi. Onun rəssam kimi karyerası uğursuz ola, sərgilərdə iştirakı da yasaqlana bilərdi”.

R.Gülməmmədov rəssamın çəkdiyi əsərlərdən söz açıb:

“Tereşkova portreti tamamilə fərqli bir Tereşkovadır. Yaxud da Stalinin, Leninin obrazını yaradıb. Krupskayanın obrazını yaradıb. Bunlar hamısı Sovet ideologiyası paradiqmasında qəbul olunan mövzular idi. Ancaq baxaq görək Əşrəf onları nə cür yaradıb. Krupskayaya baxanda sən orada uşaqların dostu, humanist bir qadın görmürsən. Krupskayanın barmaqları ki var, görün, necə dayanıb. O obraz kommunizm kabusunun yetişdirdiyi “Dəmir ledi”dir. Həyatını kommunizm ideyasına qurban vermiş “ledi”.

“Tehran konfransı” olduqca maraqlı əsərdir. Bilirik ki, Tehran konfransı hansı şəraitdə baş tutub. Əsərdə Stalinin obrazı kətanın bütün səthini doldurub. Əşrəf burada bədheybətin obrazını yaradıb.

Yaxud da Lenin obrazı, klişelərə aid deyildi. O, Leninə başqa cür baxırdı və Lenini öz qavradığı kimi verirdi. Bax bu, olmazdı. Sən Sovet dövlətinin bütlərini fərqli verə bilməzdin”, - deyə R.Gülməmmədov qeyd edib.

Rəssamın emalatxanasından itən əsərləri haqqında danışan R.Gülməmmədov əsərlərinin oradan çıxarılaraq qeyri-müəyyən istiqamətdə aparıldığının deyildiyini bildirib:

“Onun haqqında bilgisi olan insanlardan da soruşmuşam, bəziləri deyir ki, tullanıldı, bir qismi deyir ki, yandırıldı... Bilmirəm. Ancaq dəqiq o haqda məlumat var ki, əsərləri yük maşınına yüklənərək qeyri-müəyyən istiqamətdə aparılıb. Ümumiyyətlə, onun bu günümüzə gəlib çatan yaradıcı irsi azdır. Bəlkə də çox əsər çəkib, amma onlar haradasa tələf olub, itib və s. İstənilən halda bu gün əlimizdə olanlar o böyüklükdə rəssam üçün çox deyil”.

Xalq rəssamı Ağəli İbrahimov Əşrəfin Fransanı çox sevidiyini vurğulayıb:

“Həmişə Fransada olmaq istəyirdi. Onunla ünsiyyət zamanı sözarası deyirdi ki, əsl rəssamlar Fransada yaşayırlar. Bu gün Əşrəf ən bahalı rəssamlardandır, Londonda bir əsəri minlərlə dollara satılıb. Halbuki sağlığında yoxsulluq içində yaşayırdı”.

Əşrəfin yaşadığı evində hələ də öz əli ilə çəkdiyi bir rəsm var. Qardaşı oğlu deyir ki, bir dəfə uşağı xəstələnib, təcili pul lazım olub:

“Əsəri təklif etdiyim ilk adam dərhal çıxarıb dediyim məbləği verdi”.

Görəsən, Əşrəfin əsərlərinə qucaq-qucaq pul verənlər bilirlərmi ki, onun bir zamanlar yaşadığı evdə öz əli ilə çəkib divardan asdığı rəsm var?

Qeyd edək ki, Əşrəf Muradın qəbirüstü abidəsinin üzərindəki barelyef sökülüb.

Deyirlər, Əşrəf zəngin olduğu vaxtlarda fırçasını uf demədən bahalı kostyumlarının qoluna silərmiş. Görəsən, səfalət içində keçirdiyi son günlərində bu vərdişi üçün darıxmırmış ki?

Xəbər lenti