Logo

Atasının ölümünü anasından gizlətdi, 47 il sonra Təhminənin sirrini açdı - Xalq yazıçısı Anar hansı romanında özündən yazdı?

15.03.2022 19:18 1582 baxış
IMG

Kulis.az Xalq yazıçısı Anar haqqında maraqlı faktları təqdim edir.

Anar Rəsul oğlu Rzayev 14 mart 1938-ci ildə şair Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib. Anar dünyanın ilk Anarıdır. Bu ad ilk dəfə ona qoyulub. Əslində, “Anlamaq”, “Anlayan” mənasını verən “Anar” Rəsul Rzanın söz yaradıcılığıdır. Anarsa öz adına belə açıqlama verib: Anam – Nigar, Atam - Rəsul.

***

Anar 1945-ci ildə Bülbül adına məktəbə daxil olur və 1955-ci ildə həmin məktəbi gümüş medalla başa vurur. Anar birinci sinifdən onuncu sinifə qədər gələcək həyat yoldaşı Zemfira Səfərovayla bir yerdə oxuyub.

1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yollarını ayırmırlar. 1962-ci il yanvarın 27-də onlar ailə qururlar. Bu evlilikdən Tural və Günel adlı övladları doğulur.

***

Anarın başqa özəlliyi ən uzunmüddətli AYB (Azərbaycan Yazıçılar İttifaqı) sədri olmasıdır. Düz 35 il. Nəzərə alsaq ki, AYB-nin 80 yaşı var, 35 il az qala bunun yarısına bərabərdir. Yəni, Anar az qala AYB yaranandan indiyədək işləyən bütün sədrlərin cəmi qədər rəhbər postunda olub və hələ də bu vəzifədədir.

***

Daha bir maraqlı fakt: Anar yekdilliklə seçildiyi bütün qurultaylarda seçicilərə, yazıçılara və ümumən ictimaiyyətə bircə kəlmə deyib: “İndiyədək necə işləmişəmsə, indən belə də o cür işləyəcəm”.

Anarı qəlyansız görməmişik. Onun imicinin və yaradıcılığının ciddi aksessuarlarından biridir. Və yəqin çoxu bilmir ki, onu qəlyana öyrədən dostu Yusif Səmədoğlu olub. İlk qəlyanı da ona Yusif hədiyyə edib.

***

Anarın ssenari yaradıcılığından çoxunun xəbəri var. Lakin o, həm də rejissordur. Ssenarisini yazandan sonra quruluş verdiyi “Qəm pəncərəsi” və “Üzeyir ömrü” filmlərinin janrını müəyyən etmək bir qədər çətindir. Deyəsən, bunlar yazıçının çəkdiyi filmlərdir.

Anar həm də o nadir adamlardandır ki, ailəsində 5 yazıçı var – atası Rəsul Rza, anası Nigar Rəfibəyli, özü, qızı Günel Anarqızı və oğlu Tural Anaroğlu.

***

Yazıçı özü etiraf edir ki, yalnız məzuniyyətlərdə yaradıcılıqla məşğul olur. Məzuniyyət isə ən yaxşı halda ildə bir dəfə və bir ay olur. 11 ay rəsmi iş, 1 ay yaradıcılıq. Maraqlı statistikadır.

Yusif Səmədoğlunun Aşıq Ədalətə, Anarın Qədir Rüstəmova qəribə sevgisi olub. Yusif Aşıq Ədaləti “Yeddi oğul istərəm” filminə, Anarsa Qədir Rüstəmovu “Üzeyir ömrü” filminə çəkib.

***

“Otel otağı” romanı 90-cı illərin əvvəllərində Türkiyədə yaşamağa məcbur olan Anarın öz şəxsi iztirablarından yaranıb.

***
Anar zəmanəmizin ən çox tənqid olunan yazıçısıdır. Ancaq bu tənqid onun yazıçılığından çox, AYB sədrliyi ilə bağlıdır.

90-cı illərdə Anar bir qrup gənci AYB-də qəbul edib onların problemi ilə maraqlanırmış. Murad Köhnəqalanın narahat olduğunu görüb ona söz verir, deyir, nə istəyirsən? Murad ayağa qalxır:
- İstəyirəm, o kreslodan durub gedəsən, yerini gənclərə verəsən.
Anarın cavabı belə olur:
- Sizin acığınıza burdan heç vaxt getməyəcəm!

***

Anara ən böyük uğuru "Beşmərtəbəli evin altıncı mərtəbəsi" adlı romanı gətirib. Belə ki, roman əsasında rejissor Rasim Ocaqovun ekranlaşdırdığı "Təhminə" filmi 90-cı illərin ən uğurlu ekran işi olur. Romanın yazılmasından 45 il sonra Anar "Təhminənin son sirri" adlı hekayəsində Təhminə ilə Spartakın arasında heç bir sevgi məcərası olmadığını yazır.

***

Anarın bir özəlliyi də yaşlı dostlarına inanılmaz sədaqətidir. Saysız-hesabsız tənqidə və hətta təzyiqə baxmayaraq onların heç birini işdən kənarlaşdırmadı.

60-cılar nəsli deyəndə bu üçlüyün adı qaçılmaz olur: Anar, Elçin, Əkrəm... Ancaq zamanla Anarla Əkrəm Əylislinin münasibətləri korlanır. Hazırda illərdir bir-birini danışdırmayan hər iki yazıçı ömürlərinin ahıl dövrünü yaşayırlar. Bir müddət əvvəl isə Anar "Əkrəm Əylisli ilə barışarsınızmı?" sualına belə cavab vermişdi: “Mənim tövbə qapım hər kəsin üzünə açıqdır”.

***

Yaşlandıqca dostlarının bir hissəsindən etibarsızlıq gördüyünü düşünən Anarın dostları ilə bağlı belə fikri var:

“Dostlarımın bir hissəsini həyat, bir hissəsini də ölüm aldı”.

***

Atası Rəsul Rza ömrünün son illərini xəstəxanada başa vurur. O, xəstəxanada müalicə aldığı zaman həyat yoldaşı Nigar xanıma da xərçəng diaqnozu qoyulur. Onu Moskvaya aparmağa hazırlaşırlar. Moskva səfəri barədə xəbəri atasına yazıçı Anar çatdırmalı olur. Lakin, xəbəri alan kimi Rəsul Rzanın halı qəfildən pisləşir, təzyiqi qalxır. Həkimlər nə qədər əlləşirlər, köməklik edə bilmirlər. On beş, iyirmi dəqiqənin içərisində Rəsul Rza dünyasını dəyişir. Anar bu xəbəri vəziyyəti onsuz da ağır olan və xəstəxanada yatan anasından gizlətməyə məcbur olur.

AYB-nin Natəvan klubunda tədbirlərin birində şair Böykişi Heydərli çıxış edərkən deyir:
“Nazim Hikmət tutulan vaxt polis ayaqqabısını çıxarır və görür ki, şairin bir corabının dabanı cırıqdır. Bax dahilik budur!”
Anar yerdən söz atır:
“Böykişi, vallah, bu dəqiqə mənim də corabımın biri cırıqdır.”

***

Ankarada Anarın 70 illiyi qeyd olunur. Hədiyyələr o qədər çox olur ki yazıçı deyir:
- Bunları Bakıya aparmaq üçün ya gərək özəl təyyarə tutam, ya da Bakı-Tiflis-Qars dəmir yolunun açılmasını gözləyəm.

Rəsmi tədbirlərin birində Anarı yuxu tutur. Yanında oturan general onu oyadır:
- Anar müəllim, yaxşı deyil, ayılın.
Anar müəllim generaldan soruşur:
- Düzünü deyin, siz belə yorucu tədbirlərdə heç yatmamsınız?
General cavab verir:
- Yatmışam, amma xoruldamamışam.

***

Anardan soruşurlar:
- Bir yazıçını tərifləmək asandır, ya tənqid etmək?
Anar cavab verir:
- Tənqid etmək. Çünki tənqid edəndə bir nəfər düşmən olur, hamı dostlaşır, tərifləyəndə bir nəfər dostlaşır, hamı düşmən olur.

Xəbər lenti