Logo

Novruz Bayramı ədəbiyyatda

19.03.2022 15:23 1006 baxış
IMG

“Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı, ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir... Novruz bizim ümummilli bayramımızdır. Mən hesab edirəm ki, indi müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz.”

                                                                                                                       Heydər Əliyev

 

Xalqımızın minillik tarixini, adət-ənənələrini özündə əks etdirən Novruz bayramı maraqlı mövzulardan biri kimi rəssamların, kinorejissorların, bəstəkarların, yazıçıların və şairlərin də diqqətini çəkir. Ədəbiyyatşünas Fuad Qasımzadə “Novruz - bahar bayramı” adlı kitabında Xaqani Şirvaninin şeirləri, Nizami Gəncəvinin “İsgəndərnamə”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemaları, Qazi Bürhanəddinin qəzəlləri, Kişvərinin yaradıcılığı, Məhəmməd Füzulinin, Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin əsərləri, Mikayıl Müşfiqin “Bayram axşamı” şeiri, Hüseyn Cavidin və başqa görkəmli şair və yazıçılarımızın əsərlərindən nümunə gətirərək Novruz bayramının yazılı klassik və son dövr ədəbiyyatımızda əks olunduğunu göstərirdi. XI əsr Azərbaycan şairi Qətran Təbrizinin “Divan”ında, orta əsr şairlərimizdən Sururinin, Şahinin, Həqirinin də öz yaradıcılıqlarında Novruz bayramını vəsf etdiklərindən söz açır, həmçinin Mirzə Fətəli Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-müsyö Jordan həkimi-nəbatət və dərviş Məstəli şah - caduguni-məşhur”, “Sərgüzəşti-vəziri-xani Lənkəran” əsərlərində Novruz bayramı ilə bağlı məqamları diqqətə çatdırırdı.

Novruz bayramının müxtəlif adət-ənənələri həm şifahi xalq yaradıcılığında, həm də yazılı, xüsusən də klassik ədə­biyyatımızda açıq-aşkar şəkildə özünü göstərməkdədir. Məlum olduğu kimi, Novruz bayramı və çərşənbə axşam­larında süfrələrə cürbəcür milli yeməklər və şirniyyatlar (plov, balıq, şəkərçörəyi, duzluqoğal, paxlava, şəkərbura və s.) xalqın deyimi ilə desək “yeddi cür nemətlər düzülür”. Bayramın dəruni mahiyyətini müəyyən cəhətlərdən tamamlayan süfrə mədəniy­yəti kimi adətlər də bayatılarda təlqin olunur:

Mən aşiqəm üzülər,

Qara gözlər süzülər,

Novruzun süfrəsinə

Yeddi nemət düzülər.

 

Atı çapdım cilovla,

Balıq tutdum tilovla,

Açdım Novruz süfrəsin,

Bayram keçdi plovla.

Novruz mərasimini səciyyələndirən ən vacib ritual-mifo­loji motivləri özündə cəmləşdirən falabaxma, qulaqpusma (qapı­pusma, qulaqfalı) kimi adətləri də bayatı yaradıcılığından kə­nar­da qalmamışdır.

Mən aşiqəm halı var,

Dəymişi var, kalı var.

Novruzda gənc qızların

Axşam qulaq falı var.

“Bilqamış”- Şumerlərin tarixi-ədəbi abidəsidir. Dastandan məlum olur ki, dünya tarixinin ən önəmli örnəklərini yaradan, bəşər sivilizasiyasının inkişafında əvəzsiz rol oynayan şumerlərin çoxlu baryamları olmuşdur. Bilavasitə, əkinçilik, maldarlıq, təsərrüfat həyatı ilə bağlı qeyd edilən Novruz bayramı bolluq, bərəkət rəmzi kimi təsvir olunur. Şumerlər “yeni il”, “yeni gün”, “bahar bayramı”, “yazın ilk günü” adlandırdıqları bayramı yalnız təsərrüfat, həmrəylik bayramı kimi yox, həm də xalqın, dövlətin varlığı, əbədiliyi bayramı hesab etmişdilər.

Orta əsrin görkəmli xadimlərindən olan Əl Biruni “Qədim xalqlardan qalmış yadigarlar”, “Qanunu Məqubi” və s. əsərlərində Novruz bayramının dünyəvi mahiyyətindən bəhs etmiş, bu bayramı əsl xəlqi, humanist səciyyəli, nəcib, xeyirxah məqsəd daşımış bayramlar sırasına daxil etmişdir. Bu bayramı nəsillərin bir-birinə verdiyi gözəl irs kimi səciyyələndirmişdir.

Xəqani Şirvani Novruz bayramının müəyyən adətlərinə Şirvamşah Mənuçöhr ibn Firiduna və Şirvanşah Axistana həsr etdiyi mədhiyyələrində toxunur.

Qoy Novruz özü versin sənə xeyr-dua da,

Ariflər “Amin” desin, əbədi ol dünyada .

Novruz Ərza hüsnü var, şah bəxti tək ruh oxşayır,

Halı behişti andırır, falı da “Quran” olsun həm.

Çatmış bahar əyyaminə, şahim səadət naminə,

Novruz tökər mey caminə, yüz il xaqan olsun həm.

XIV əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Q. Bürhanəddin öz yaradıcılığında bahar gözəlliklərinin tərənnümünə də geniş yer vermişdir.

Novruzdur sənin ilə bir eyş edəm gərək

Ki, dünya əhli görəvü əyad yad ola…

 İ.Nəsimi öz qəzəlində Novruzun əsatiri məzmununa söykənən köhnəliyin təzəliklə əvəz olunmasına diq­qəti yönəldir.

Mövsimi-novruzü neyistan aşikar oldu yenə.

Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə.

Qönçədən gül baş çıxardı, aldı üzündən niqab,

Bülbüli-şeyda xətibi-laləzar oldu yenə.

Dahi şairimiz M.Füzuli isə gündüzlə gecənin bərabər­ləş­diyi Novruz gecəsini xatırladaraq bu məqamı öz metafotik təfək­kür süzgəncindən aşağıdaki kimi keçirdib təqdim edir:

Vəslin mənə Novruz gecəsi oldu müyəssər,

Sanki o gecəm gündüz ilə oldu bərabər

Füzulinin “Leyli və Məcnun” poemasında Leyli və Məcnunun görüşü məhz Novruz bayramı ərəfəsinə təsadüf edirdi. «O gün ki,  dünyaya nur saçan günəş Novruzun feyzini bu dünyaya vermişdi”. Eləcə də Leyli ilə Məcnunun qəlbində də bir Novruz Bayramı – sevginin bayramı vardı. Təbiətlə insanın daxilində gedən prosesləri müəllif burada eyniləşdimişdi. 

Ədəbiyyat tariximizdən nisgilli, kədərli şair kimi tanı­dığı­mız M.V.Vidadi də Novruz bayramının şən əhval-ruhiyyəsinə qoşulur və öz “Novruziyyə”sində bunu belə səciyyələndirir:

Novruzi-bahar oldu, cahan tazətər oldu,

Rəf oldu ələmlər.

Dağıldı bu şadlıq xəbəri dərbədər oldu,

Yandı oda ələmlər....

Ə. Cavad Novruz bayramı ilə bağlı silsilə etnoqrafik şeirlər yazmışdır (1920-1921). Onun Çillə şərqisi, Yaza xitab, Böyük Çillə, Kiçik Çillə, Yel Baba, Boz ay, Dörd çərşənbə adlı silsilə şeirlərində Novruzun əlamətləri, ənənələri öz əksini tapmışdır.

Ümmülbanunun “Qafqaz günləri” romanında Novruz və ramazan bayramları haqqında geniş təsvir verilib. Bu bayramlarda kasıb və varlı zümrənin bayramı necə qarşılaması, onları bir-birindən ayıran cəhətləri qeyd olunur.

Novruz bayramına böyük hazırlıq görülər, bayramda yaxın qohumların evi ziyarət edilərmiş. Bayramda kasıblar yalnız mili şirniyyatlar hazırlayıb, yumurta boyamaqla kifayətlənərmişlər. Varlıların süfrəsində isə milli şirniyyatlarla yanaşı rus pirojnaları, Rusiyadan gətirilmiş bahalı şokalatlar, üstü müxtəlif şəkillərlə bəzədilmiş yumurtalar olarmış. Varlıların bayramı, xiristianların pasxa bayramını xatırladırdı.

Səməd Vurğunun “Komsomol” poemasında da novruz adətləri təsvir olunmuşdur. Sonralar bu poemanın əsasında Yusif Səmədoğlunun ssenarisi əsasında rejissor Tofiq Tağızadə məşhur “Yeddi oğul istərəm” filmini çəkdi. Novruzla bağlı detallar bu ekran əsərində öz parlaq əksini tapıb.

Bir dövr gəldi ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini məhv etmək istədilər. Həmin tədbirlər sırasında xalqın qədim Novruz bayramının yaddaşlardan silinməsi də var idi. Lakin buna nail ola bilmədilər. Sovet hakimiyyətinin ən qəddar vaxtlarında da xalq öz bayramını keçirdi. O vaxtlar yaranan ədəbi-bədii nümunələrdə də Novruz adət-ənənələri, müxtəlif mərasimləri təsvir edilirdi.Yazıçı İsmayıl Şıxlı məşhur “Dəli Kür” romanını 1957-ci ildə yazmağa başladı və 1967-ci ildə tamamladı. Hadisələr XX əsrin əvvəllərində - xalqımızın milli oyanış dövründə kiçik bir Azərbaycan kəndi olan Göytəpədə baş verir. Ədəbiyyatımızda ən yaxşı tarixi roman janrı nümunələrindən sayılan “Dəli Kür”də həm də ailə-məişət məsələlərindən bəhs edilir. Müəllif Novruzu qeyd etməyə hazırlaşan bir kəndin bayram təlaşını, həyəcanını da ustalıqla qələmə alıb. “Novruz bayramı idi. Kənd uşaqları səbirsizliklə axşamın düşməsini gözləyir, tez-tez xırman yerinə topladıqları ota baxırdılar. Onlar qucaq-qucaq küləş, saman gətirib otun üstünə atırdılar. Bundan başqa, əllərinə keçən quru çırpıları, odun qırıntılarını da buraya atırdılar. Onlar şər qarışan kimi tonqal yandıracaqdılar. Tonqallardan başqa damın üstündə lopa da yanacaqdı. Qızlar sakit oturmurdular. Özlərinə təzə paltar tikir, axşama qədər hazır edib geyməyə çalışırdılar. Gəlinlər yumurta boyayır, arvadlar tez-tez düyü arıtlayan qızlara göz yetirirdilər. Səmənilər süfrələrə düzülürdü. Hamı bayrama hazırlaşırdı. Varlı da, kasıb da çalışırdı ki, bu axşam süfrəsi boş qalmasın. Aylarla yığdıqlarını bir gecə üçün xərcləyənlər də var idi”.

Novruz bayramına yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadə istər bədii, istərsə də elmi yaradıcılığında geniş yer verib. “Bayatı düşüncələrim”, “Xıdır Nəbi”, “Novruz” və başqa məqalələrində erkən düşüncədə mövsümlə əlaqədar mərasim nəğmələrinin geniş yayıldığına diqqəti çəkirdi. İlin soyuq qış aylarından başlayaraq qeyd edilən xalq arasında “Novruzqabağı nəğmələr” adı ilə tanınan nəğmələr üç yerə ayrılırdı - “Çillə nəğmələri”, “Çərşənbələr” və “Xıdır Nəbi” nəğmələri. Əzizə xanım “Xıdır Nəbi” bayramı haqqında yazırdı: “Çox-çox uzaq keçmişlərdə Xıdır Nəbi bayramı keçirilərmiş Azərbaycanımızda, Kiçik çillənin qurtardığı son gündə. Yəni, 25-28 fevral günlərində keçirilər və bir növ Novruza hazırlıq xarakteri daşıyırmış. Bu bayramın özünəməxsus adətləri, oyunları, yeməkləri olub”. Tədqiqatçı “Unudulmuş əziz günlərimizdən” adlı məqaləsində bu bayramı xüsusi araşdırır, mahiyyəti, mənası haqqında ətraflı məlumat verirdi.

"Şəhriyarın «Heydər babaya salam» poeması Azərbaycan xalqının dilinin əzbəridir. Demək olar ki, Şəhriyar Novruzun bütün adətlərini öz poemasında əks etdirmişdir. Şal salamaq, yumurta döyüşdürmək, tonqal üstündən tullanmaq, hətta poemada müəllif çərşənbələrdən də bəhs etmişdir.

Poemanın birinci bəndindən xəyal bizi o yerlərə, həm də öz uşaqlıq dünyamıza aparır. Bu duyğular o qədər səmimi, təbii, kövrək poetik çalarda verilib ki, sanki şair Şəhriyarın yox, özünün xəyal dünyanı yaşayırsan. Diqqət edək:

Heydərbaba, ildırımlar çaxanda,

Sellər, sular şaqqıldayıb axanda,

Qızlar ona səf bağlayıb baxanda,

Salam olsun, şövkətüzə, elizə,

Mənim də bir adım gəlsin dilizə.

Poemanın ilk bəndindəki təsvir yazın gəlişindən xəbər verdiyinə görə, çox güman ki, dahi ustad bu əsəri yazmağa məhz yazqabağı, ilaxır çərşənbələr vaxtı başlayıb. Çünki əsərdə əvvəldən axıra kimi əsl yaz ovqatı hökm sürür.

Novruz çərşənbələrinin adı çəkilməsə də, təsvir və tərənnümdən söhbətin məhz ilaxır çərşənbələrin hansından getdiyi bəlli olur. Məsələn, yuxarıdakı bəndi oxuyan oxucu bilir ki, söhbət el arasında "sular Novruzu" adlanan Su çərşənbəsindən gedir.

Bayram yeli çardaqları yıxanda,

Novruzgülü, qar çiçəyi çıxanda,

Ağ buludlar köynəklərin sıxanda,

Bizdən də bir yad eləyən sağ olsun,

Dərdlərimiz qoy dikəlsin, dağ olsun.

Novruz adət-ənələrinə yaxşı bələd olan, kənd yerində yaşayan və ya bu həyatı xatirəsində yaşadan hər kəs bilir ki, şair yuxarıdakı bənddə Yel çərşənbəsindən söz açıb, onun xüsusiyyətlərini şeir dilinə çevirib.

Bayram idi, gecəquşu oxurdu,

Adaxlı qız bəy corabın toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu,

Ay nə gözəl qaydadı şal sallamaq,

Bəy şalına bayramlığın bağlamaq.

Bu gözəl adət bu gün Azərbaycanımızın hər guşəsində yaşayır. Onu yaşarı edənsə, xalqa bu qədər doğma olması, qəlbindəkiləri əks etdirməsidir. Bu anı hər bayram axşamı yaşından, vəzifəsindən asılı olmayaraq hamı gözləyir.

 

Günel Yunusova

Humanitar fənlər kafedrasının baş müəllimi,

filologiya üzrə fəlsəfə doktoru

Xəbər lenti