Logo

“Dəlilik müharibə zamanı cəsarətin bacısıdır” – Məşhur romanın pərdəarxası

09.04.2022 19:50 413 baxış
IMG

Kulis.az Mirmehdi Ağaoğlunun “David Diopun ”Gecə bütün qanlar qaradır” romanı haqqında” adlı yazısını təqdim edir.

Seneqal əsilli fransız yazıçı David Diop 1966-cı ildə Parisdə doğulub. Anası fransız, atası seneqallıdır. Diop ömrünün beş yaşından on səkkiz yaşına qədər hissəsini atasının vətənində keçirib, sonra təhsil üçün Fransaya qayıdıb, Sarbonna Universitetində oxuyub. O, XVIII əsr ədəbiyyatı mütəxəssisidir.

David Diopun “Gecə bütün qanlar qaradır” adlı romanı ötən il (2021) Beynəlxalq Buker mükafatını qazanmazdan savayı Avropa ədəbiyyat, eləcə də liseistçilərin (Qonkur mükafatının təsisçiləri kitabı lisey uşaqlarına oxumağa verirlər və həmin uşaqlar da qalibi seçirlər – M.A.) Qonqur mükafatlarına da layiq görülüb. Əsər haqqında müsbət rəylər səsləndirilib. Onun müharibəyə, xüsusən, Birinci Dünya müharibəsinə fərqli rakursdan yanaşması, savaşın bu vaxta qədər gizli qalan üzünü faş etməsi bu rəylərdə təqdir olunub.

Bəs nədir “Gecə bütün qanlar qaradır” romanının faş etdiyi gizlin? Bu vaxta qədər Birinci Dünya müharibəsi barədə xeyli əsər yazılsa da, “Gecə bütün qanlar qaradır” romanının digərlərindən fərqləndirən xüsusiyyəti müharibənin bir qaradərilinin prizmasından verilməsidir. Və əsər bu qlobal faciədən ziyadə adi bir insanın taleyi üzərinə fokuslanıb. Hansı ki, müharibəyə heç bir dəxli yoxdur və savaş öz savaşı deyil.

Romanı Alfa Ndiayenin ölüm sonrası etirafları da adlandırmaq olar. İlk baxışda qəddar, zalım, müəllifin sözləri ilə desək, demm - “ruhyeyici” kimi görünən Ndiayeni bu həddə gətirən səbəblər hadisə inkişaf etdikcə açılır və baş qəhrəman bir vəhşidən, dəlidən, qəddar əsgərdən qayğıya ehtiyacı olan, təsadüfən müharibənin ortasına düşmüş, travmalı, mövcud şərtlərin sıxışdırdığı, özünə qarşı mərhəmət oyandıran köməksiz gəncə çevrilir.

Müəllif deyir: “Dəlilik müharibə zamanı cəsarətin bacısıdır”. Lakin baş qəhrəman Alfa Ndiaye müharibədən, döyüşdən sonra da müharibə ehtirasını tərk edə bilmir, onu fərdi intiqam vasitəsinə çevirir, bu da psixi sarsıntı yaşaması, dəli olması ilə nəticələnir.

Romanda hadisələr xronoloji xətt üzrə deyil, pazl kimi hissə-hissə açılır və yekunda yuxarıda dediyimiz nəticə ortaya çıxır.

Fransızca pis bilən və pərakəndə danışan bir dəlinin nitqi, etirafı olduğu üçün roman sürəkli təkrirlər üzərində qurulub. Bu təkrirlər hər hansı gəlişi gözəl üslub yaratmaq zərurətindən deyil, əsərin bağrından qopan ehtiyacdan doğulub. Roman boyu eyni əhvalatın, hadisənin təkrarı, hər dəfə haqqında daha ətraflı məlumat verilməsi, eyni cümlələrin, “Tanrı şahiddir” kimi ifadələrin dəfələrlə işlənməsi məğzi asta-asta, aramla üzə çıxarır.

20 yaşlı Alfa Ndiaye “qardaşdan da artıq” bildiyi dostu Mademba Diopu qorumaq məqsədi ilə Seneqalın “Çikolata” adlanan zəncilərdən ibarət diviziyasına qoşularaq Fransa tərəfindən almanlara qarşı vuruşmaq üçün Avropaya gəlib. Dünya tarixinin dörd ilini əhatə edən, onu məhvərindən çıxaran və milyonlarla insanın ölümünə, bir o qədər insanın da taleyinin dəyişməsinə səbəb olan bu nəhəng yırtıcı müharibənin Ndiayeyə heç bir dəxli yoxdur. Heç dillərini də doğru-düzgün qanmır ki, çiyin-çiyinə vuruşduğu fransızların müharibədən nə istədiklərini anlasın. O, yalnız dostu, “qardaşdan artıq” bildiyi Diopu qorumaq üçün bu cəngə qatılıb. Baxmayaraq ki, qol gücündə də, yaraşıqda da fransızca bilən və müharibəyə də könüllü qatılan dostundan qat-qat irəlidədir.

Döyüşlərin birində düşmən əsgəri Diopun qarnını yararaq bağırsaqlarını çölə tökür. Dəhşətli ağrılara və alçaldıcı yaraya dözə bilməyən Diop “qardaşdan artıq” bildiyi Ndiayeyə üç dəfə yalvarır ki, onu öldürsün. Lakin Ndiaye dostunun son istəyini yerinə yetirə bilmir: “Ən yaxşı dostunu, qardaşdan da artığını öldürmə. Onun həyatını almaq sənə düşməz. Özünü Tanrının yerinə qoyma. Özünü Şeytanın yerinə qoyma. Alfa Ndiaye, onu öldürənin, mavi gözlü düşmənin başladığı işi bitirənin sən olduğunu bilə-bilə Madembanın ana və atasının qarşısına necə çıxa bilərsən?”

Diop ağrıdan qıvrıla-qıvrıla əziyyət içində ölür. Son anda isə dostuna yalnız onu öldürənin mavi gözlü olduğunu deyə bilir.

Gördüklərinin şokundan dostunun son arzusunu yerin yetirə bilməyən Ndiayenin bundan sonra mənəvi iztirabları başlayır. O, “qardaşdan artığ”ının qisasını almaq üçün hər dəfə gecə düşəndən sonra düşmən səngərinə su kimi dinməzcə sızaraq mavi gözlü bir almanı qamarlayıb əvvəl qarnını yarır, sonra tüfəng tutan əlini kəsərək öz sığınacaqlarına gətirir. Bu amansız qətl aktını yerinə yetirərkən özünü soyuqqanlı aparır, planını tərəddüdsüz yerinə yetirir, yanına uzanaraq gözlərinin içinə baxa-baxa qurbanının can verib ölməsinə tamaşa edir. Bircə dəfə yalnız yeddinci mavi gözlünün qarnını yararkən onun gözlərindəki məsumluğa dayana bilmir.

Birinci və ikinci əlləri kəsib gətirdikdə döyüşçü yoldaşları arasında qəhrəman kimi qarşılanan Ndiayeyə, əllərin sayı artdıqca münasibət dəyişir. Döyüşçü yoldaşları ondan qorxub çəkinməyə başlayır, onu “demm”, yəni, “ruh yeyici” adlandırırlar. Müharibəni törədən almanlar bir tərəfdə qalır, 20 yaşlı zənci Ndiaye müharibənin, dəhşətin simvoluna çevrilir. Özü də bilmədən keçirdiyi sarsıntının əsirinə dönür, artıq heç bir savaş qanununa tabe olmadan, böyük müharibənin içində öz kiçik davasını aparır. Gətirdiyi əlləri xüsusi prosedurdan keçirərək konservasiya edir, onlara hərbi qənimət kimi yanaşmağa başlayır.

Təkcə düşmənin deyil, elə öz səngər yoldaşlarının da içində vəhşiyə çevrilən Ndiaye komandirinin təkidi ilə bir aylığına arxa cəbhəyə – hospitala göndərilir. Çünki artıq o, insanlıqdan çıxıb, vəhşiləşib, öz “Çikolata” əsgər yoldaşları arasında belə cadugər kimi tanınmağa başlayıb. Daha heç kəs “əl əməliyyatı”ndan gələndən sonra üstünün qanını yumağa kömək etmir, yediyini-içdiyini onunla bölüşmür.

Hospitalda dilini bilmədiyi Doktor Françoisin təkidi ilə rəsm çəkərək müalicə olunur, yaxud qəhrəmanın sözləri ilə desək, doktor onların müharibə çamuruna bulaşmış başlarını təmizləyir. Belə rəsmlərin birincisində Ndiaye anasının, körpə vaxtı onu qoyub ailəsini axtarmağa gedən və yolda qul alverçilərinin qaçırdığı ehtimal edilən anasının portretini çəkir. Oxucu ilk dəfə Ndiayenin travmalarını görməyə, ona acımağa başlayır. Müəllif sanki qəsdən Ndiayeni müasir dövrün psixoanaliz metodlarına cəlb edərək, onun daxilində gizlədiyi yaraların qaysağını qoparır. Və məlum olur ki, fransız həkimin apardığı terapeya bizim zənn elədiyimiz kimi Ndiayenin sağalması üçün deyil, onun qəddarlığını sübut etmək üçün gərəkmiş.

Birinci Dünya müharibəsi Ndiayenin müharibəsi deyil. O, ümumiyyətlə, böyük sivilizasiyadan uzaq, sakit həyatlarını yaşayan insanların dünyasının adamıdır. O, buralara yaddır, adətinə, mədəniyyətinə, dilinə, dininə, havasına, torpağına nabələddir. Bu səbəbdən Madmazel Françoisin “onun ortasına” baxdığını görəndə elə bilir ki, həkim qızı da vətənində qoyub gəldiyi tayfa başçısının qızı Fairy Thiamın arzuladığını arzulayır. Bəlkə də, yanılmayıbmış, lakin avropalıların davranış qaydalarına yad olan Ndiaye bir gecə qızın otağına soxulur və ona sahib olmaq istəyir: “Tanrı şahiddir, bir anda, qarşıya keçmək üçün atlanılan çayın güclü axınına dalar kimi daldım içinə”. Ndiaye vətənində qoyub gəldiyi, tayfa başçısının qızının ona təslim olmasına da belə izah verir: “Mənimki qədər gözəl bir vücudun savaşda yox olmadan öncə belə bir yumşaqlığın xoşbəxtliyini tanımasını istədiyini düşünürəm”.

Yeri gəlmişkən, qadın bədəni ilə əsgərliyə gəlməmişdən bir gün əvvəl Fairy Thiam vasitəsilə tanış olan Ndiaye səngəri də ayaqlarını aralayaraq uzanmış qadınının vaginasına bənzədir, hər dəfə hər iki tərəfin döyüşçülərinin səngərdən çıxıb üz-üzə gəlməsi onun yeniyetmə nəzərində cinsi aktla səciyyələnir: “Və uzaqdan baxınca sipərimiz, div bir qadının cinsi orqanının aralı iki dodağı kimi göründü gözümə. Ayaqlarını aralamış, özünü savaşa, mərmilərə və biz əsgərlərə təqdim edən bir qadın”.

Yuxarıda da bildirdiyim kimi, şərti olaraq əsərin ikinci hissəsindən, yəni, Ndiayenin arxa cəbhəyə yola salınmasından sonra biz onun xarakteri və afrikalı keçmişi barədə daha çox öyrənirik. Burada həkim Françoisin vasitəsilə onun həyatının astarı üzünə çevrilir, Ndiayenin içində gəzdirdiyi ağrılar, travmalar, Mademba Diopla münasibətləri nar kimi açılıb-saçılır.

Müəllif ətraflı yazmasa da, Birinci Dünya müharibəsində qaradərililərə qarşı irqçi münasibət də romanın səhifələri arasına hopub. Müharibə vaxtı Seneqal legionunun iştirakı, döyüşlər zamanı qaradərililərə qarşı diskriminasiya özünü büruzə verir. Müstəmləkəçilərin yerli əhalidən fıstıq əkmək tələbinin Ndiayenin atası tərəfindən rədd edilməsi hissəsi onlara qarşı gizli aqressiyanın əksidir. Bundan başqa Ndiayenin anasının timsalında azyaşlı qızların yaşlı adamlara, üstəlik razılıqları olmadan verilməsi və digər məsələlər əsərdə özünə yer edir. Diop qəhrəmanın dilindən belə yazır: “Atam hərəkətsiz mənzərə kimi yaşlı, anamsa dəyişkən göy üzü kimi gəncdi. Atam baobab ağacı kimi sabit ikən, anam rüzgarın qızı idi”.

Qəhrəmanla tanış olandan sonra başqa suallar da ayaqqabı içində qalan daş qırığı kimi oxucunu dayanmadan narahat edir: Ndiayenin həyatının dönüş nöqtəsi hara idi? Müharibəyə gəlməsəydi tamamilə ayrı, xoşbəxt bir həyat yaşaya bilərdimi? Bəlkə, Mademba Diopla tanış olmasaydı, yaxud anası onu atıb bir vaxtlar atasına ərə verən ailəsini axtarmağa getməsəydi, ya anasını qul alverçiləri qaçırmasaydı – bütün bunlar olmasaydı - Alfa Ndiayenin həyatı başqa məcraya yönəlməz – doğma yuvasından qoparılaraq başqalarının uğrunda öldürmək üçün yad qitəyə gəlməz, elə öz vətənində də yaşayardı.

Birinci Dünya müharibəsi öz miqyası ilə bütün cahanı əhatə etsə də, qəlpələri qıraq-bucağa dəysə də, ocağı, episentri məhz Avropa olub. Məhz Avropa onun ən böyük təsirlərinə məruz qalıb. Bu vaxta kimi Birinci Dünya müharibəsi haqqında yazılan “Əlvida, silah”, “Qərb cəbhəsində təbəddülat yoxdur”, “Cəsur əsgər Şveyk” və başqa romanlar da məhz ağdərili insanın, şərti olaraq götürsək avropalının hekayəsini-faciəsini danışdırıbsa da, “Gecə bütün qanlar qaradır”da sələflərindən fərqli olaraq baş personaj kimi qaradərili seçilib. Müharibələr haqqında, bizim nümunədə Birinci Dünya müharibəsi haqqında yazılmış onca əsərin içində “Gecə bütün qanlar qaradır” ona görə seçilib və güman ki, çağdaş Avropa oxucusunun da nəzərində ona görə fərqlənə bilib ki, bu dəfə tanış hadisə qaradərilinin dilindən, onun timsalında nəql olunur. Diop bu addımı ilə insanlıq tarixinin unudulmuş, yaddan çıxıb toz basmış bir guşəsinə işıq tutaraq, müasir insanın qəlbinə toxunmaq istəyib və deyəsən, bacarıb.

Xəbər lenti