Logo

Oxucunu “aldatmağa” çalışan müəllif – İlham Əzizin yeni kitabının təhlili

21.04.2022 22:31 410 baxış
IMG

Kulis.az Rəvan Cavidin “Şimşəkdən sonra” kitabını niyə oxumalıyıq?” yazısını təqdim edir.

Ədəbi camiəmizdə yeni hekayənin, yeni romanın müzakirəsi həmişə dil və üslub məsələsinin qabardılması ilə başlayır. Necə yazmalıyıq ki, yazdıqlarımız həm anlaşılan, həm də bədii estetikası kifayət qədər yaxşı olsun?

Sualı belə də qoymaq olar:

Necə yazmalıyıq ki, istifadə etdiyimiz dil üslubları hekayənin və ya romanın estetikasını, mövzusunu, bədii imkanlarını oxucuya həm çatdırsın, həm də orijinal nümunə yaratmış olaq?

Çağdaş ədəbiyyatımızda bu məlum, kifayət qədər də məchul məsələni öz yaradıcılığında həll edə bilmiş nasirləmiz var. Və onlar üçün, yəqin ki, bu məsələ artıq bir o qədər çətin görünmür. Kənardan baxanda fon aydındır, əslində – nəyi necə yazmaq istəyirsənsə, o cür də yazmalısan, sonrası təfərrüatdır. Dünya esseistikasında bu mövzu haqqında o qədər danışılıb ki, artıq dil və mövzu müstəvisində aydın olmayan çox şey yoxdur.

Hə, bir də bu var: dilin bütün koloritindən istifadə edib hekayə yazsaq da, ikinci bir dilə çevriləndə onun lokal mahiyyəti, demək olar ki, sıfıra bərabər olur. Mötərizə açıb bir misal çəkmək istəyirəm bu mövzuda.

Məsələn, mənə görə, tərcümə prosesimizin ən uğurlu nümunəsi olan Culian Barnsın “Aqibət duyğusu” romanı Seyfəddin Hüseynli tərəfindən dilimizə elə bir unikallıqla çevrilib ki, ingilis bir yazarın romanı elə Azərbaycan dilində yazdığına inanmamaq üçün bir səbəb qalmır. Ancaq romanın ilkin və orijinal variantının bizə (hətta ingilis dilli olsaq da) bu qədər gözəl təsir edəcəyini, yazı üslubunun bizə bu qədər estetik görünəcəyinə əmin ola bilmərik. Deməli, tərcümə prosesi (bu, romanın “dünya ədəbiyyatı” anlayışlı böyük müstəviyə qoyulması, ənənəvi və modern variantlarla müqayisəsinə də gətirib çıxarır) necə yazmağımıza həm də təsir edir. Bizim günlərlə oturub nəqqaşla seçdiyimiz cümlələr tərcüməçinin əlində sadə mübtəda-xəbər səviyyəsinə düşə bilər.

Üslub və mövzu isə dildən fərqli olaraq beynəlmiləl xarakter daşıyır. Xüsusən də, iyirmi birinci əsrdə, “virtual kainatın” yaradıldığı erada, “Metaverse” və NFT anlayışlarının həyəsızcasına həyatımıza soxulduğu dövrdə, rəsm əsərlərinin, simfoniyaların və bədii nümunələrin sadəcə piksellərə çevrildiyi, qiymətlərinin milyonlardan iyirmi-otuz dollara qədər düşdüyü zəmanəmizin özünün seçdiyi və trendə çevirdiyi mövzuların olduğu bir ədəbiyyatda. Bu gün mövzu və hadisələrin periodu dil faktından daha artıq əhəmiyyətə malikdir. Bununla razılaşsaq da, razılaşmasaq da.

Bir məsələyə də toxunub keçirəm əsas mətləbə. Yaxın günlərdə hekayədə metaforalarla bir polemikanın içində var-gəl edirdim. Belə nəticəyə gəlmək olar ki, günümüzün hekayə janrında metaforalar təyinlərlə deyil, hadisələrin özü ilə olmalıdır. Oxucunu hekayənin lilli qatından duru qatına çəkməyin bundan gözəl təcrübəsi ola bilməz. Amerikalı yazıçı Conatan Safran Foer bu təcrübəni hekayə poliqonunda yox, roman arealında uğurla etmiş bir ədib kimi yeni tendensiyaların da axınını müəyyən etdi. Mövzudan çox uzaqlaşmamış onu da deyim ki, çağdaş hekayə və roman arasındakı əsas fərq onun hadisə quruluşunun metaforik çalarlarla nə qədər zəngin olmasındadır. Bir roman üçün “şatafatlı” hadisə önəmli olmaya bilər, çünki onun hekayələr zənciri bədii atmosferi yarada bilir və müstəvi geniş olduğu üçün yazıçı təxəyyülünün bədii həllini rahatlıqla tamamlaya bilir. Hekayə üçün isə bu xarakterik deyil (istisnalar var, əlbəttə. Məsələn, Etqar Keretin hekayələri). Çəkdiyim misallar praktik olaraq özünü sübut etmiş olduğu halda nəsrimizin dil və mövzu polemikasına hələ də işıq tuta bilmir.

İlham Əzizin “Şimşəkdən sonra” hekayələr kitabı mənə görə bu mövzunu bir daha aktuallaşdıra bilər. Kitabdakı on hekayə “bu gün hansı mövzular və hansı üslub aktualdır?” sualına bizim ədəbi camiə üçün müəyyən cavabları verir. O cavabları ki, bizim “şəhər və kənd nəsri” anlayışının qərb ədəbiyyatında bir o qədər də önəmli olmadığını, dilin və üslubun fərdi, mövzunun isə kosmopolit mahiyyət daşıdığını yenidən və yenidən xatırladır.

Məsələn:

“Gülünün gözəlliyi bir yana” hekayəsi bütün günü ağız dolusu danışdığımız pasifizmin, kosmopolitizmin, humanizmin, sülhün təbliğinə həsr olunub. Məişət səviyyəsində beynəlxalq bir problemi dilin ən gözəl tərəfləri ilə təsvir edən yazıçı mövzu ilə üslub kəsişməsini düzgün müstəviyə gətirib. Hekayə haqqında ədəbiyyatşünaslarında fikri belədir ki, bu hekayə elə məhz bu dildə də yazılmalıdır.

Tutaq ki, “Priçuda” hakayəsinin dil imkanları və mövzu seçimi bu mənada birinci adını çəkdiyim hekayənin kölgəsində qalır. “Priçuda”da və ya “Məmmədbağır”da “bu cür yazmaq lazımdırmı?” sualını verən oxucu üçün “Gülünün gözəlliyi bir yana” hekayəsi aydın cavab verir. Final səhnəsinin kinomotoqrafik konturları hekayənin bədii dəyərini bir az da artırır. Bu cür kinomotoqrafiq hekayə çağdaş ədəbiyyatımızda çox azdır. Fəst-fud janrdan tamamilə uzaq, sənətin sənət üçün olduğu bir bucaqda.

Kitabla adaş olan hekayə ilk abzaslarda özünü doğrultmasa da, mətnin kulminasiya nöqtəsi və finalın durğun və duru axını “uğursuz bədii mətn” etiketini hekayənin üzərindən qopara bilir. “Şimşəkdən sonra” hekayəsinin digər bədii nümunələrdən əsas fərqi isə ənənəvi proza standartları ilə çağdaş nəsr konturlarının səsləşə bilməsidir. Hekayə mövzusuna və strukturuna, dilinə və üslubuna görə (mənə görə) kitabın ən uğurlu hekayəsidir.

İlham Əzizin hekayələri (əksəriyyəti) kənd estetikasında və ənənəvi üslubda qiymətləndirilsə də, mətnlərin ümumi məzmunu və çatdırmaq istədiyi ideyalar məcmusu çağdaş nəsrin “trend” dediyimiz mövzularından bir o qədər fərqlənmir. “Xəsil adam” hekayəsinin mərkəzi ideologiyasında cəmiyyətin fərdi düşüncəsinin populist ideyalara uduzmağından, bununla belə, hələ də sosiallaşmaqda olan insanın ibtidai mənzərəsi canlandırılır.

“Xəsil adam”ın finalı:

“İndi bu yaz səhəri kimsə arxadan Malikin çiyninə toxunanda həmən çönüb baxmadı. Gözlərini üfüqə zillədi. Sonra iki addım da atıb dikdirin təpəsinə çatdı. Dərindən köks ötürəndə içindən illərin nəfəsi çıxdı. Canı rahatladı. İndicə qazandığı təmkinlə geri baxdı, kölgəsindən başqa kimsəni görmədi. Kölgəsi göz işlədikcə uzanıb gedirdi. Malik başı kəndin ayağındakı yola çatan kölgəsini görəndə Günəşlə onun arasına girməkdən utandı. Səbirlə dikdiri enib evə sarı döndü”.

Mədəni sivilizasiyanın, mentallaşmış lokal qanunauyğunluqların (hekayənin əsas məzmununa görə) sürətlə sosiallaşmağa doğru getdiyi (bəlkə də, finişə çatmış) erada “kölgəsindən başqa kimsəni görməyən” fərdlərin mənəvi sarsıntıları, psixoloji travmaları hekayənin sərhədsiz reallıqlarında günümüz insanını aydın göstərməyi bacarır. Əlbəttə, müəllifin həyat təcrübələri də imkan verir ki, hadisələri müəyyən yaradıcı instansiyalardan keçirə bilsin. Buna baxmayaraq çoxunun “kənd estetikası” kimi qələmə verdiyi ənənəvi üslubun içində bu cür yeni mövzuları bədii cəhətdən dilin bütün koloritindən istifadə etməklə həll edə bilməyin özü çağdaş prinsiplərə uyğun yazmaq deməkdir.

Hekayə janrındakı metaforanın yuxarıda açılışını verdiyim təcrübə isə “Gülünün gözəlliyi bir yana” hekayəsinin finalında özünü göstərir. Uşağın gülüşü üçün sərt mühafizəkar adətlərə xətt çəkə bilən adamın içindəki sakitlik küləyin xəfifliyi ilə uşağın saçlarının oynamasına bənzədilir. Hadisə ikinci bir hadisəni (həm də əsas ideyanı) izah etməyə kömək edir.

Kitabdakı “Elvira”, “Umud”, “Nübar orucu” hekayələri adını ötən abzaslarda çəkdiyim hekayələrdən üslub keyfiyyətlərinin zəif olması ilə seçilir. Oxucunu bədii estetikanın eyforiyası ilə “aldatmağa” çalışan müəllif öz müşahidələrinin keyfiyyətli kopyalarını çıxarmağı bacarıb.

“Narlar yetişirdi” hekayəsi isə mövzu və dil uyğunsuzluğunun kitabdakı ən yaxşı nümunəsidir. Ona görə, yazının əvvəlində “Şimşəkdən sonra” kitabının bu mövzuda polemikaya səbəb ola biləcəyini yazdım. Əgər “Gülünün gözəlliyi bir yana” hekayəsində dilimizin ənənəvi sintaksisi və leksikonu bizə bədii həzz yaşadırsa, “Narlar yetişirdi” hekayəsində bu hal bizi yormağa başlayır. Daha operativ cümlələr və hadisələrin yeyinliyini arzulayırıq.

Hər bir hekayə haqqında ayrılıqla geniş fikir bildirmək olar (ziddiyətli məqamlarla dolu). Təqdim olunan kitab isə ədəbiyyatın konkret kriteriyalar məcmusu olmadığını bir daha oxucuya (eyni zamanda da tənqidçilərə) xatırladır.

P.S. Kitabın dizaynı isə içindəki illüstrasiyalarla maraqlı görünsə də, üz qabığının şablon mahiyyəti ilə uğursuzdur.

Xəbər lenti