Aprelin 22-də Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında” mövzusunda vebinar keçirilib.
Tehsil.biz xəbər verir ki, vebinar 23 aprel – Dünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə təşkil olunub.
Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri, professor Kamran İmanov tədbir haqqında məlumat verib. Qeyd edib ki, kitablar və əsər müəllifləri keçmişlə gələcək arasında əlaqəni formalaşdırır, məkan və zaman çərçivəsindən kənarda ideya mübadiləsini təmin edir: “Dünya Kitab və Müəllif Hüquqları Gününü qeyd edərkən biz ideya və biliklərin yayıcılarına – naşirlərə, kitab ticarətçilərinə, kitabxanalara və s. lazımi qiymət də veririk. Lakin o da bir həqiqətdir ki, erməni müəllifləri tarixə aid yalanlarla dolu kitabları çap edir və bunlarla erməni sayağı “mənbə” yaradırlar. Bu vebinarı keçirməkdə məqsədimiz erməni saxtakarlığını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə söykənərək ifşa etməkdir”.
Vebinarda çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, ermənilər əsrlər boyu tarixi saxtakarlıqla məşğul olublar: “Təəssüflər olsun ki, ermənilər bir çox Qərb dövlətlərini, onların alimlərini bu saxtakarlığa inandırmağa nail olublar. Erməni saxtakarlığına qarşı ölkəmizdə müəyyən addımlar atılsa da, ancaq qarşıda görüləsi işlər çoxdur. Hazırda qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının irsi və sivilizasiyası ilə bağlı Qərbdə əsasən birmənalı bir yanaşma mövcuddur. Bu, ermənilərin maraqlarına uyğun olan bir yanaşmadır. Bu sahədə həqiqətlərin bizim tərəfimizdə olmasına baxmayaraq, biz dünyanı, xüsusi ilə də Qərb alimlərini buna inandıra bilməmişik”.
Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və Ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etməsi ilə yeni mərhələ başlayıb. Vətən müharibəsi şanlı Zəfərlə başa çatsa da, informasiya müharibəsi bundan sonra da davam edəcək. Bunu dövlətimizin başçısı da dəfələrlə qeyd edib. Bu informasiya müharibəsində bizim ən vacib alətlərimizdən biri də düzgün, uzunmüddətli və nəticəyönlü strategiyanın müəyyən edilməsidir. Bu strategiyanın tərkib hissələrindən biri də alimlərlə, tarixşünaslarla, etnoqraflarla və digər mütəxəssislərlə mütəmadi işin aparılmasıdır. Düşünürəm ki, aidiyyəti müəssisələrimiz, o cümlədən, Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi də əlaqələndirici şəkildə bu sahədə proseslərə öz töhfəsini verə bilər”.
Nazir vurğulayıb ki, Mədəniyyət Nazirliyi artıq ADA Universiteti ilə birgə dünyada olan müxtəlif araşdırmaçıların ölkəmizə dəvət edilməsi və Azərbaycan tarixi, mədəniyyəti, memarlığı sahəsində araşdırma aparmaq üçün müəyyən bir proqram hazırlamağı planlaşdırırıq: “Bu sahədə müxtəlif ölkələrdən elə gənc araşdırmaçılarla işləmək istəyirik ki, hələ ermənilərin saxta miflərlə onların beyinlərini zəhərləməyib. Bu araşdırmaçılarla əməkdaşlıq gələcəkdə bizə mənbələr, elmi resurslar verəcək. Nəticə etibarilə də biz bunlarla saxta erməni mifologiyasını növbəti dəfə dağıtmağa nail olacağıq. Necə ki, biz 44 günlük müharibə zamanı uydurma mifologiyasını dağıtdıq. Amma informasiya mübarizəsində də əlimizdə lazım olan şəbəkələr olmalıdır ki, uğur əldə edək”.
Daha sonra vebinar AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov, Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov və digərlərinin çıxışları ilə davam edib.
Qeyd edək ki, 23 aprel – Dünya Kitab və Müəllif Hüquqları Günü (World Book and Copyright Day) 1995-ci ildə UNESCO tərəfindən dünya şöhrətli müəlliflər – ingilis şairi və dramaturqu Vilyam Şekspirin (1564-1616), ispan yazıçısı Migel de Servantesin (1547-1616) və perulu məşhur tarixçi-yazar İnka Qarsilaso de la Veqanın (1539-1616) xatirəsinə (üçü də 23 apreldə vəfat edib) ehtiram olaraq təsis edilib.