Logo

“Solomon nəğməsi” və “Çöl” haqqında

23.04.2022 21:08 458 baxış
IMG

Kulis.az Seymur Baycanın “Solomon nəğməsi” və “Çöl” haqqında” adlı yazısını təqdim edir.

Hər şeydən əvvəl “Solomon nəğməsi”ni tərcümə edən Azər müəllimə atəşin salamlarımı göndərirəm. Azər müəllimin tərcümədə atalar sözlərindən, məsəllərdən yerində və cəsarətlə istifadə edərək əsəri doğmalaşdırması bir oxucu kimi adama ləzzət edir. Amma tərcümədə türk sözlərinə rast gələndə qanım qaralırdı. Elə bil iştahla yediyim ləzzətli yeməyin, məsələn, yarpaq dolmasının, kələm dolmasının, badımcan dolmasının, yayma xəngəlin, küftənin içindən sümük qırıntısı çıxırdı. Bozbaş, buğlama, bozartma kimi yeməklərin içindən sümük qırıntısı çıxmasına müəyyən mənada hazır olursan. Hərçənd bozbaş, buğlama, bozartma kimi yeməklərin də içindən sümük qırıntısı çıxmamalıdır. Yarpaq dolması, kələm dolması, badımcan dolması, yayma xəngəl, küftə kimi yeməklərdən sümük qırıntısı çıxanda adam itə dönür. Çünki gözləmirsən, özünü tamam buraxırsan, ancaq yeməyə köklənirsən, düşünürsən ki, təhlükəsiz ərazidəsən, burda sümük qırıntısı olmamalıdır, burda qarşına sümük qırıntısı çıxmamalıdır və qəfildən yaxalanırsan. Azər müəllimin tərcümədə istifadə etdiyi türk sözlərinin hamısının Azərbaycan dilində qarşılığı var. Türk sözlərinin əvəzinə rahatlıqla azərbaycan sözlərindən istifadə etmək olardı.

Uşaq-muşaq yazı-pozu işlərində türk sözlərindən istifadə edəndə bunu birtəhər həzm etmək olur. Ağsaqqal kişilərin, ağbirçək arvadların yazı-pozuda türk sözlərindən istifadə etmələrini heç cürə həzm etmək olmur. Azər müəllim kimi təcrübəli, dili kifayət qədər yaxşı bilən bir insan tərcümədə niyə türk sözlərindən istifadə edir? Bax bu suala, doğurdan da, məntiqli cavab tapa bilmirəm.

Ola bilsin Azər müəllim türk seriallarına çox baxır və nəticədə dili tədricən pozulub. Belə öyrətmək kimi alınmasın, pozulmuş dili bərpa etməyin ən effektiv yolu köhnə, müasir osmanlı ekspansiyasından əvvəl yazılmış və nəşr edilmiş yerli əsərləri oxumaqdır. Ümid edirəm, Azər müəllim ən yaxın zamanlarda pozulmuş dilini bərpa edər. Çünki elə qəşəng, ürəyə yağ kimi yayılan tərcümədə türk sözlərindən istifadə etmək günahdı, cinayətdi. Bu mənada hazırda Azər müəllimə qarşı xeyli qəzəbli mövqedəyəm. Sən də mi Brut?..

Sırf əsərin özünə gəldikdə isə... “Solomon nəğməsi” son aylarda oxuduğum ən koloritli əsərlərdən biridir. Əsərdə elə koloritli, elə canlı, şirəli, ləzzətli dialoqlara rast gəlirdim ki, mütaliəni saxlayıb kitabın arxa qapağına, müəllifin şəkilinə baxırdım və özümə sual verirdim: “Doğrudan, bu əsəri bu arvad yazıb?”.

Amma (kaş bu ammalar olmayaydı) müəllif əsərin bir çox yerlərində loru dildə desək sağ əli ilə sol qulağını qaşıyaraq əsəri bulandırıb.

Bəli, əsərdə şərtilik olmalıdır. Şərtiliksiz əsər yaratmaq çətin məsələdir. Lakin şərtiliyin özü də əsərin təmizliyinə, əsərdə həyatı, taleləri, hissləri mümkün qədər aydın göstərməyə xidmət etməlidir.

Həyatı, insan talelərini, hissləri ədəbiyyatın dili ilə göstərmək və ədəbiyyatda həyata, insan talelərinə, hisslərə zorla, süni şəkildə mənalar əlavə etmək – bunlar tamam ayrı-ayrı şeylərdi. Əlinə qələm alan adam bu iki tam fərqli şeyi bir-birindən ayırmağı bacarmalıdır.

“Solomon nəğməsi” müəllifi tərəfindən qətl edilmiş gözəl romanlardan biridir. Toni Morrison sağ əli ilə sol qulağını qaşıyaraq niyə elə gözəl əsəri öldürüb? Bunu qəsdən edib, yoxsa əsəri bulandırmağın necə böyük bir cinayət olduğunu başa düşməyə səviyyəsi çatmayıb?

Bu suallara cavab tapmağa cəhd edək. “Solomon nəğməsi” kimi əhatəli bir əsər yaradan , elə koloritli, canlı, şirəli, ləzzətli dialoqlar yazan yazıçının əsəri bulandırmağın necə böyük cinayət olduğunu başa düşməməyinə inanmaq bir az çətindir. Yəni elə əhatəli əsər yaradan, elə koloritli, canlı, şirəli, ləzzətli dialoqlar yazan adam çox güman əsəri bulandırmağın cinayət olduğunu başa düşüb. Deməli, belə çıxır ki, Toni Morrison heç bir ehtiyac olmadığı halda müxtəlif nağıllara, əfsanələrə göndərmələr edərək, bəzi yerləri qəlizləşdirərək, mürəkkəbləşdirərək, qəsdən, bilərəkdən mətni bulandırıb, bulanıq mətndə guya öz aləmində daha hazırlıqlı oxucu tutmaq istəyib.

Müxtəsər, Toni müəllimə əsərdə necə deyərlər “küləklər əsdirərək” bir növ guya intellektual publikaya işləyib. Əgər, doğrudan da, belədirsə, bunu Toni xanıma heç bağışlamaq olmaz. Yazıçı, ümumiyyətlə, hər bir özünə hörmət edən sənətkar peşəkarlığına axıra qədər sadiq qalmalıdır. Yazıçı peşəkarlığına heç bir halda xəyanət etməməlidir. Peşəkarlığı heç vaxt, heç bir halda oxucunun ayağına vermək olmaz. Əgər yazıçı növündən asılı olmayaraq sırf oxucu naminə öz səviyyəsini, peşəkarlağını aşağı salırsa, bununla o hər şeydən əvvəl özünə xəyanət edir. Bircə oxucun qalsa da, lap səni heç kim başa düşməsə də, öz peşəkarlığından yarımca addım da geriyə çəkilməməlisən.

 

Təəssüflər olsun ki, hətta özünü hazırlıqlı hesab edən oxucuların əksəriyyəti sağ əllə sol qulağı qaşımağı xüsusi üslub, başdan ayağa sağ əllə sol qulağı qaşımaqdan ibarət olan əsərləri yaxşı, səviyyəli əsər kimi qiymətləndirirlər. Özümüzdən misal gətirim. Nə demək istədiyim daha aydın olsun.

Ədəbi mühitdə uzun illərdi lətifəyə oxşayan bir əhvalat fırlanmaqdadır. Deyilənlərə inansaq, bir gün Yusif Səmədoğlu Əbülhəsənlə qarşılaşır. Yusif Səmədoğlu Əbülhəsənə deyir ; “Dünya qopur”u oxudum, heç tüküm də tərpənmədi.

Yusif Səmədoğlunun müəllifi olduğu “Qətl günü” romanı Azərbaycan ədəbiyyatında ən saxta, ən süni romanlardan biridir. Dili ölüdür, enerjisizdir, əsər başdan ayağa quramadır, əvvəldən axıra kimi müxtəlif psevdolardan ibarətdir. Əsərin saxtalığı, süniliyi adamın ürəyini bulandırır. Təbliğat-təşviqat tərəflərin çıxsaq “Dünya qopur” romanı sırf ədəbiyyat nöqteyi-nəzərdən “Qətl günü” romanından azı yüz dəfə güclü əsərdi. Amma siz bizim ədəbi mühitdə bu iki əsərə verilən qiymətə baxın. “Qətl günü” kimi saxta, süni, ədəbiyyatla yaxından və uzaqdan əlaqəsi olmayan bir əsəri nəinki özünü hazırlıqlı hesab edən oxucular, hətta yazıçılar, tənqidçilər də yaxşı roman kimi qiymətləndirirlər. “Dünya qopur” isə bir roman kimi, demək olar ki, artıq unudulub. Deməli, hətta özün hazırlıqlı oxucu hesab edən, yazan-pozan adamların əksəriyyətində bədii təfəkkür çatışmır. Yazırlar, pozurlar, oxuyurlar, danışırlar, amma əsl ədəbiyyatın nə olduğunu başa düşmürlər, ağı qaradan, qaranı ağdan seçməyi bacarmırlar. Əbülhəsəni qoyaq bir kənara, Nazlı Çələbi Yusif Səmədoğludan qat-qat güclü yazıçıdır. Bu kiçik dialoqa fikir verin:

– İşləmirsənsə, bəs pulu hardan alırsan?
Pərvanə utanaraq gözünü yerə dikdi. Bunu görən İsmət, tez onun yerinə cavab verdi:
– Canlara dəyən sevgilisi var, baxır da qızımıza necə lazımdır.

Bu kiçik dialoqdan həqiqi həyat fışqırır. Bu kiçik dialoq adamı birbaşa azərbaycanlıların içinə soxur. Başa düşürsən ki, çox təhlükəli adamların arasında yaşayırsan. Burda ala qarğa bala çıxartmaz...

Bizim Fəridə müəllimə Nazlı Çələbinin “Həzz” romanın oxusa çox güman romanı bir qram da bəyənməz. Üzün turşudar. Əslində isə Nazlı Çələbi Fəridə kimi yüz yazıçını ədəbiyyat çayına susuz aparıb susuz gətirər. Ümid edirəm, nə demək istədiyim aşağı-yuxarı aydın oldu.

***

“Solomon nəğməsi” əsərindən sonra Çexovun “Çöl” əsərin oxudum. Çexov aydın, təmiz, artıq-urtuqsuz mətnin tanrısıdır. Çexovun əsərləri hər bir yazıçının əlinin altında olmalıdır. Masasının üstündə, çantasında, maşınında (əgər varsa) və bu qəbildən olan digər yerlərdə. Çexovun əsərləri mətni yüksək səviyyədə arındırmağın yollarını öyrənmək üçün ən etibarlı dərsliklərdi.

“Solomon nəğməsi” kitabı 496 səhifədir. “Çöl” kitabı isə 144 səhifə. “Çöl”ün formatı həm də “Salamon nəğməsi”nin formatından balacadır. “Çöl” mini klassika seriyasında nəşr olunub.

İki əsəri üz-üzə qoymaq istəməzdim. Amma buna məcburam. Niyə? 144 səhifədən ibarət olan kitabdan daha çox təsirləndim. 144 səhifəlik kitab məni daha çox düşündürdü. Əsərdə hisslərin səmimiliyi və dərinliyi indi mənim üçün çox vacib şərtdir. Əlbəttə, texnika, dəqiq təsvirlər, mövzunun bədii həlli də öz yerində. “Çöl” də isə bunların hamısı var.

“Solomon nəğməsi” və ”Çöl” əsərlərini oxuduqdan sonra bir daha əmin oldum ki, aydın , təmiz, artıq-urtuqsuz əsər yaratmaq üçün yazıçıya təcrübədən, istedaddan, intellektən əlavə nəsə başqa bir kefiyyət də lazımdı. Bu əlavə kefiyyətin adı insan təbiətidir.

Niyə Çexov aydın, təmiz əsər yazdığı halda, Toni Morrison aydın, təmiz əsər yaza bilməyib? Problem intellektdədir? Yox. İstedaddadır? Yox. Təcrübədədir ? Yox. “Solomon nəğməsi”ni oxuduğun zaman Toni Morrisonda istedadın, intellektin, təcrübənin kifayət qədər olduğunu görürsən. Bəs niyə Toni Morrison “Solomon nəğməsi”ndə əlli dərənin suyun bir-birinə qatıb, öz əsərin boğub öldürüb? Deməli, problem insan təbiətindədər. Ağlıma başqa versiya gəlmir.

Xəbər lenti