Logo

“Teatra psixoloq lazımdır” - SƏNƏT

15.05.2022 13:40 427 baxış
IMG

Elnur Kərimov: “Mənim teatrımın tarixində belə bir yol var: Əvvəlcə uşaq nağılları tərcümə olunub tamaşaya qoyuldu. Sonra A.Şaiqin ətrafında olan dramaturqlar nağıllar yazdılar. Amma əvvəlki tamaşaların bir çoxu indiki dövrün uşaqlarına maraqlı deyil. Yeniləri lazımdır”.

Kaspi qəzetinin yazısını təqdim edirik:

Teatr həyatımızın bir hissəsidir. Amma teatr həyatının özü olanlar da var. Müsahibim Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elnur Kərimov deyir ki, COVID 19-dan sonra teatrda böyük bir durğunluq var: “Gənclər gəldi, amma işləyə bilmədilər. Tamaşalardan sanki bir balaca uzaqlaşdıq. Yeni tamaşalar da yoxdur. Yaradıcı proses zəif gedir ki, bu da pandemiyanın təsiridir. Teatrın təmirdə olmağının da, əlbəttə ki, təsiri var”. 

Valideyn baxmalıdır ki, uşağı gətirsin

“Teatr köklü surətdə dəyişməlidir” deyir Elnur bəy: “Teatrda qurulmuş bir sistem var, onu tutub gedirlər. Bu sistemdə çox yorulmursan, çox araşdırmırsan, festivallara getmirsən, qazandığına qane olursan, vəssalam. Yəni tamaşada rolunu oynadın, getdin. Tamaşaçı gəlir-gəlmir, özü bilər. Tamaşaçını məlumatlandırmağa, yeni nəsil yetişdirməyə nəzarət olunmur. Biz hər şeyi nazirlikdən istəyirik. Bəs teatr özü nə edir bunun müqabilində? Necə tamaşa hazırlayırsan, nə məna ötürürsən, maraqlısanmı, insanları cəlb edə bilirsən? Yox! Niyə? Bilinmir səbəbləri. Götürək Aprel döyüşlərinin ildönümü üçün hazırlanmış, heykəltəraş Samir Kaçayevə həsr olunan “Yarımçıq qalmış” tamaşasını. Bu tamaşaya kim baxdı? Heç kim! Baxış keçirilmədi, festivala verilmədi. Tamaşaçı ilkin mərhələdə gəldi. Yazar Leyla Bəyimin, Yefrim Abramovun ətrafı genişdir, onlar gəlmişdi. Fuad Poladov, Fəxrəddin Manafov tamaşaya gəlmişdi, bəyənmişdi. Tamaşaya baxanlar tamaşanı yaşadılar, əslində. Niyə? Çünki tamaşa düzgün qurulmuşdu. Hərbiçilər çox gəlmişdi tamaşaya. Hamısı baxdı, bəyəndi. Amma sonra dayandı. Yəni tamaşa daha geniş arenaya çıxmadı. Nicat Kazımov “Ələddinin sehrli çırağı”nı səhnəyə qoymuşdu. O, tamaşanı elə qoymuşdu ki, hamı baxa bilsin. Bilirsiniz, valideyn baxmalıdır ki, uşağı gətirsin, uşaq baxmalıdır ki, valideyni gətirsin. Yəni bu tamaşa çox uğurlu alınmışdı. Gərək bu stildə tamaşalar silsilə şəklində davam edəydi. Amma olmadı. Tamaşada xeyli yanıltmac demişik. Biz deyirik, uşaqlar baxıb gülür, təkrarlamağa çalışırlar. Eyni zamanda da folklor öyrənir, yanıltmacla maraqlanırlar”. 

Tamaşa belə qoyulmalıdır

Aktyor deyir ki, Sovet dövründən sonra uçuş texnikasından istifadə olunmurdu: “Nicat onu yenidən bərpa etdi və “Pəri-cadu”da yararlandı. Uğurlu oldu. Ondan sonra başqa teatrlarda da istifadə olundu. Deməyim odur ki, yenilik lazımdır. Tamaşada sudan, işıqdan, səsdən – hər şeydən istifadə etmək lazımdır. “İsgəndərə yeni namə” tamaşasında bunlar var. Çox maraqlı idi, həm effektlər, həm də yeni yanaşma. Leyla Əliyeva da, Fərəh Əliyeva da gəldi baxdı. İnsanlar maraqla qarşıladı. Lakoniklik olmalıdır. Rus Dram Teatrında “Aydın” tamaşasını qoydular. Tamaşa 1 saat 10 dəqiqə çəkdi, yormadı, incitmədi. Tamaşaçı “Aydın”ı C.Cabbarlının yazdığını, nədən bəhs etdiyini, qəhrəmanın axırının necə olduğunu bildi. Əla! Tamaşa belə qoyulmalıdır”.

Bayram kimi festival

Aktyor deyir ki, Rusiya Teatrlar İttifaqı müxtəlif festivallar keçirir, motivasiya verir, teatr inkişaf edir: “Bizdə varmı? Yox. Ya da varsa, yoxmuş kimidir. Festival bayram kimi olmalıdır. Teatr bayramı təkcə teatrda yox, bütün ölkə boyu hiss olunmalıdır. Tədbir keçirəndə aktyorların fikirləri öyrənilməli, aktyorlar da təşəbbüs göstərməlidir. Teatrdaxili mükafatlandırma olmalıdır. Bu, stimul verər. Mən deyəndə gülürlər, amma teatra psixoloq da lazımdır. Aktyorlar min problemlə səhnəyə çıxırlar. Çoxu da kirayədə qalır, kredit ödəyir, depressiyaya düşür. Onlara psixoloji dəstək mütləq lazımdır”.

Tamaşaçını itiririk

Repertuarla bağlı sualıma cavabında dedi ki, bugünkü tələbə uyğun deyil: “Məsələn, bizim teatr koronovirusla bağlı tamaşa hazırladı. Onsuz da o virus ömrümüzdə həmişəlik fəsadlarını qoydu. Ümumiyyətlə, teatrlarda hələ də köhnə əsərlər tamaşaya qoyulur. Olmazmı ki, yeni tamaşalar qoyulsun? Ya da bunları müasir tərzdə çatdıraq? Məsələn, deyək ki, C.Cabbarlının “Oqtay Eloğlu” əsəri əsasında filan tamaşanı oynayırıq. Və həmin əsəri müasir yanaşma ilə səhnələşdirək. Mənim teatrımın tarixində belə bir yol var: əvvəlcə uşaq nağılları tərcümə olunub tamaşaya qoyuldu. Sonra A.Şaiqin ətrafında olan dramaturqlar nağıllar yazdılar. Amma atıq əvvəlki tamaşaların bir çoxu indiki dövrün uşaqlarına maraqlı deyil. Yeniləri lazımdır”. 

Mənə ad verin

“London teatrlarında turistik gəzinti təşkil olunur” deyir aktyor: “Maraqlı olsun deyə, həm də oyun qurulur. Gedirsən, baxırsan, tamaşaya hazırlıq prosesini görürsən, maraq yaradır tamaşaçıda.  Tamaşa hələ qurulmamış prodüserlər işə başlayır, reklam edirlər. Məsələn “Qlobus” teatrında “Romeo və Culyetta”nı tamaşaya qoyurdular. Sadəcə Şekspirin fikirlərini bir az hiss, emosiya qatmaqla tamaşaçıya çatdırırdılar. Rusiyada da dəfələrlə qastrol səfərlərində olmuşuq. Azərbaycan aktyorları istedad baxımdan onlardan min qat artıqdır. Bir rol oynayanda onu oxuyub-öyrənirik, araşdırırıq. Hər şeylə maraqlanırıq. Amma həm də canımızı işə vermək istəmirik. Eyni vaxtda da Nazirlikdən hər  şey istəyirik. Qanunvericiliyə görə 5 illik fəaliyyətdən sonra artıq fəxri ad verilə bilər. Bir gün keçən kimi çoxu bar-bar bağırır ki, beş il bir gündür fəaliyyət göstərirəm, mənə ad verin. Ad yaxşıdır, amma sən o ada layiq bir iş görübsən?”

Məni aldadırlar

Mütaliə ilə arası yaxşı olan aktyor əsərlərin qısaldılmış variantını audio şəkildə dinləyir, bəyənirsə, tam oxuyur: “Kitabda çoxlu redaktə, korrektə səhvi olanda əsəbiləşirəm. Xoşuma gəlmir, elə bilirəm məni aldadırlar. Tərcümələrdə ciddi problem var. Sərgilərə gedirəm, cəlb etmir. Yəni sənin maraq dairəndə olan kitabı mən oxumağa məcbur deyiləm. Hərənin bir istəyi var. Kitablar da tələbata uyğun çap olunmalıdır”.

Milyonçu arzular

“Xeyriyyəçi olmaq istərdim” deyir Elnur bəy: “Mən öz problemlərimi belə gizlədirəm. Amma istərdim ki, ehtiyacı olanlara köməklik edə bilim. İmkansız uşaqları oxutdurum. Uşaq evində olan uşaqları himayə etmək istəyirəm. Elə bilirəm əsl insanlıq budur. İstəyirəm ki, aktyorlar üçün xüsusi bir şəhərcik tikim tamaşaçılar görsünlər, desinlər ki, “aaa, burda aktyorlar yaşayır”. Küçədə  pişiklərə yemək verirəm. Həmişə maşınımda pişik yeməyi var”.

Söhbətləşdi: Xanım Aydın

Fotolar: Rəşad Mehdiyev/Global media

Xəbər lenti