Kulis.az Mirmehdi Ağaoğlunun "Avtofikşın və Amerika-Dominikan yazıçısı Junot Diaz haqqında" yazısını təqdim edir.
Son illər dünyada avtofikşın adlı yeni axın meydana gəlib. “Avtobioqrafiya” və “fiksiya” kimi müəyyən mənada iki əks sözün birləşməsindən törəyən anlayış müəllifin özünü, başına gələnləri yazması, özü haqda “uydurması” mənasını verir. Yəni kobud şəkildə desək avtofikşının qəhrəmanları real insanlar olurlar, lakin memuardan fərqli olaraq avtofikşın müəllifi xatirə danışmır, proza yazır. Fikrimizi bir qədər də dəqiqləşdirsək, avtofikşın da təxəyyüldü, uydurmadı, amma müəllifin özü haqqında uydurmasıdır. Epistolyar, memuar, gündəlik, reportaj kimi janrlardan bəhrələnən bu nəqletmə növündə müəllif əsas personaj kimi görünür və ümumi bir fərqləndirici xüsusiyyət olaraq süjetsizlik əsasdır. Yəni qısaca şüar belədir: yazmağa mövzun yoxdur, uydura bilmirsən, özündən yaz.
Avtofikşın yazarları əsərləri öz dillərindən yazdıqları kimi başqa bir obrazın adından da çıxış edə bilərlər. Yəni mütləq öz adı ilə yazmalıdır deyə bir tələb qoyulmur.
Termini ilk dəfə 1977-ci ildə fransız yazıçı Serj Dubrovski öz əsərinin növünü müəyyən etmək üçün işlədib.
Avtofikşının dünyada hazırkı məşhurluğu müəllif və oxucuların ənənəvi roman təhkiyəsindən yorulmaqları ilə də bağlanır. Bu anlayışın ideoloqu və “Reallıq təşnəsi” manifestinin müəllifi Devid Şilds ənənəvi romançılığı “sükan arxasındakı kloun”a bənzədərək deyir ki, ən yaxşı əhvalatlar real əhvalatlardır.
Avtofikşın digər tərəfdən son illərdə LGBT-nin, feministlərin və digər fərqli qrupların səslərini duyurmaq, diqqət çəkmək baxımından populyarlıq qazanıb.
Gəlin qəbul edək ki, oxucu təxəyyül məhsulunu oxuduğunu bilsə də, Orxan Pamukun təbiri ilə desək, beyninin bir nöqtəsi ilə həmişə hadisələrin gerçəkdə baş verdiyini düşünər və ilk fürsətdə müəllifdən soruşar: “Bu, doğrudan da sənin başına gəlib?”
Bununla bağlı Pamukun yaxşı bir əhvalatı var. Deyir bir gün professor dostumla gəzinti zamanı oxucuların sadəlövhcəsinə romanları gerçək həyat hekayələri kimi oxumaları barədə xeyli söhbətləşdik, bizim binanın girişinə çatıb sağolllaşan vaxtı professor dostum qəfildən soruşdu ki, “Məsumiyyət muzeyi”ndəki Kamal sənsən?
Əlbət, bu əhvalat avtofikşının populyarlıq qazanmasının səbəbini izah etməyə bəs edər.
Avtofikşının məşhur nümunələri kimi dünyada bir çox əsəri qeyd etmək olar, lakin mənə, eləcə də Azərbaycan oxucusuna müəyyən mənada tanış olan və hazırda dünyada böyük maraqla oxunan Norveç yazıçısı Karl Uve Knausqorun altı cildli “Mənim mübarizəm” romanının adını çəkməklə kifayətlənəcəm.
Zənnimcə Azərbaycanda bu nəqltemə növünə Seymur Baycanın “18.6” romanını və bəzi hekayələrini aid etmək olar. Axtarsaq digər nümunələr də tapmaq mümkündür.
Yazının geri qalan bölümündə yaradıcılığından danışacağımız Dominikan əsilli amerikan yazıçı Junot Diazı da müəyyən mənada bu axıma aid etmək olar. Nədən ki, onun haqqında bəhs edəcəyimiz “Və onu bax beləcə itirərsən” adlı hekayələr toplusu əsasən yazıçının öz həyatından bəhs edir.
Diaz Amerikaya köç etmiş dominikanlı ailənin övladıdır. 1968-ci ildə Dominikanın paytaxtında doğulub. Amerikada ali təhsil alıb və hazırda Azərbaycandan da bir neçə tələbənin təhsil aldığını fəxrlə qeyd edə biləcəyimiz Massaçusets Texnologiya İnstitutunda dərs deyir, eləcə də “Boston Review” jurnalının ədəbiyyat şöbəsinin redaktorudur. Yeri gəlmişkən, “The Paris Review”, “The New Yorker” onu XXI əsrin ən yaxşı yazıçıları sıralarına daxil edib. O, Amerikan Milli Kitab Mükafatının finalisti və “Oskar Vaonun qısa, fantastik həyatı” romanına görə isə Pulitzer mükafatının qalibidir.
“Və onu bax beləcə itirərsən” kitabının oxuduqda müəllif haqqında kifayət qədər məlumat da əldə etmək olur. Əlbəttə avtobioqrafiklik özlüyündə əsərin məziyyəti sayıla bilməz, o yalnız bir halda vurğulana bilər ki, bədii siqlətə çevrilsin, əsərin bağrına hopsun. Bu baxımdan Diazın hekayələri dediyimiz xüsusiyyətləri daşıyır.
Kitabdakı hekayələrin əksəriyyəti kişi və qadın münasibətləri üzərində qurulsa da əsasən Amerika Birləşmiş Ştatlarına Dominikandan, Kubadan, Puerto Rikodan və digər ölkələrdən işləməyə gəlmiş qaradərili miqrantların həyatları qabardılır. Diazın kitabı da son illər dünyada populyarlıq qazanan və artıq bu mövzuda bir sıra dəyərli ədəbiyyat nümunələri də yaranmış köç, miqrasiya problemlərindən, miqrantların həyatından bəhs edir. Dünyanın ədəbiyyat mərkəzlərində son illərdə yüksələn xətt üzrə üçüncü dünya ölkələrinin insanının, oradan Qərbə - Amerikaya üz tutan miqrantların həyatına diqqət artır. Miqrantlar nə qədər müqavimət görsələr də təkcə rezin qayıqlarla Qərbi “istila” etmirlər, onlar Qərb insanının həyat tərzinə daxil olmaqla yanaşı ədəbiyyatda da öz mövzuları, ab-havaları ilə fərqlənməyə başlayırlar. Beləcə Qərbə miqrant yürüşü etmiş üçüncü dünya ölkələrinin olsun ki, Qərb ictimaiyyətinə qarışa bilməyib, çoxu ağ insanın gözünün ucu ilə də baxmayacağı ən ağır işlərdə çalışaraq su üzərində yağ damlaları kimi qalan miqrant insanların həyatı, yaşayışı artıq ədəbiyyata çevrilməyə başlayır. Bu qəbildən olan ədəbiyyat nümunələri içərisində Zadi Smitin “Bəyaz dişlər” romanını, eləcə də ötən il Nobel mükafatı qazanmış əslən Zənzibardan olan yazıçısı Əbdülrəzzaq Qurnanın da kitablarını da qeyd etmək mümkündür. Dominikan əsilli yazarın da yaradıcılığı bu kontekstə uyğundur.
“Və onu bax beləcə itirərsən” hekayələr kitabının əsas personajı Yuniyordur. Bu personaj Diazın yuxarıda adı çəkilən romanında da iştirak edir. “Başqa həyat, başqa səfər” hekayəsini çıxmaqla kitabdakı bütün qalan hekayələrin orbitində Yunior personajı, onun Mamisi, qardaşı Rafa, əvvəl onları Dominikdə qoyub Amerikaya işləməyə gedən, sonra ailəsini də özü ilə aparıb, lakin axırda tərk edib başqa qadının yanına qaçan Papi dayanır.
Diazın hekayələri qısa, məğzi özündə əks etdirən, lap Heminqueyin üslubu üçün deyilən teleqrafvari cümlələrə yazılıb. Lakin bu cümlələrin arasına onun incə yumoru, oxucunu valeh edən bənzətmələri elə gözəl səpilib ki, sanki ara-sıra rəngbərəng çiçəklərin açdığı çəmənlikdə gəzirsən. Hekayələrin əksəriyyəti birinci şəxsin dilindən nəql edilir, lakin “Sısqa”, “Lora xanım” kimi ikinci şəxsin dilindən nəql olunan da var. Yuxarıda dediyim kimi hekayələrin bəziləri sanki gündəlik janrında yazılıb.
Uşaq yaşlarından Amerikada yaşamasına baxmayaraq əsərlərini ingiliscə yazan Diazın ədəbi dili bir qədər fərqlidir. Onun hekayələri ingilis və ispan dilinin qarışığından, Amerikaya Latın Amerikasından gəlmiş miqrantların danışdıq dilindən, slenqdən yoğurulub. Buna görə də Diazın dilini ingpan, yəni: ingilis+ispan dilləri kimi kateqoriyalaşdırmaq olar. Bu dil təxminən bizim rusdillilərin danışığına bənzəyir: yarı rus, yarı Azərbaycan.
Kitabın “Günəş, Ay, Ulduzlar” adlanan ilk hekayəsinin qəhrəmanı da Yuniyordur. Onun xəyanət etdiyini sevgilisi öyrənib. Bundan sonra cütlüyün münasibətlərində çatlar yaranır və getdikcə böyüyür. Yuniyor özünü nə qədər bağışlatmağa çalışsa da, sevgilisini Dominikana tətilə aparsa da artıq qadın ona əvvəlki istiliyi nümayiş etdirmir. Diaz romantikaya getmir, lirizmə baş vurmur, sadəcə hadisələri anladır, arabir sadə insanların həyatına, Dominikanın diktator Truxilolu keçmişinə toxunan, hekayənin birbaşa süjetinə aidiyyatı olmayan kiçik ricətlər edir, qurduğu qısa cümlələrlə qəhrəmanın düşdüyü çətinliyi, onun qəlbindəki peşmanlıqla yanaşı, səhvindən nəticə çıxarıb düzəlmədiyini aydın göstərir. Diaz çəkinmir, bəzən personajının yataq həyatının ən intim yanlarını belə rahat şəkildə dilə gətirir və bu açıqlıq pis rəndələnmiş taxta üzərindəki tilişkə kimi adamın əlinə batıb onu incitmir, əksinə hekayənin atmosferini gənclik enerjisi ilə coşdurur.
“Nilda” hekayəsində isə Yunior qardaşı Rafanın sevgilisindən bəhs edir. Nilda anası gününü əyyaşlıqla keçirən yeniyetmə qızdır. Bəzən getməyə yeri belə olmur. Bunun üçün də kimlə gəldi yatmağa hazırdır. Yuniorun anasından gizlin tez-tez Rafagildə gecələyir. Yunior isə anası şübhələnməsin deyə hər dəfə onlarla birlikdə otaqda qalır, bəzən onların sevişməyinə şahidlik edir. Əlbəttə 14 yaşlı, yeni-yeni ərgənlik dövrünə keçən uşaq üçün bütün bunlar maraqlıdır, bunun üçün də Nildaya qarşı laqeyd deyil. Lakin bir gün Rafada qan xərçəngi aşkarlanır. Sonra şorgöz Rafa ondan ayrılır (“Pura ilkəsi” hekayəsində Yuniorun xəstə qardaşının Pura adlı, Amerikaya işləməyə gəlmiş dominikanlı qızla macərasını öyrənirik). Rafa öləndən sonrakı müddət ərzində Yunior da artıq böyüyür, universitet yollarında irəliləyir, Nilda isə həyatının eniş dövrünü yaşayır, əvvəlki gözəllik gedib, içkiyə qurşanıb, ən adi həyat ehtiyacları üçün kimlə gəldi yatır. Günlərin bir günü Yuniorla Nilda bir camaşırxanada rastlaşırlar. Və Rafanı xatırlayan Nilda deyir, mənə sevgililərim arasında bircə o, yaxşı davranmışdı.
Vurğulandığı kimi növbəti hekayələrində də əksər personajları ya Yuniorun qardaşı, sevgililəri və anasıdır, ya da bir cümlə ilə də olsa xatırlanırlar.
Kitabı bitirdikdən sonra oxucuda belə bir təəssürat yaranır ki, sanki Diazın bütün bu hekayələri qardaş itkisinin ağrısından doğulub. Və o nisgil əksər hekayələrdə xəfif külək kimi adamın üzünə vurur. “Lora xanım” hekayəsində yeniyetmə Yunior qardaşının ölümündən sonra evlərinə başsağlığına gələn müəlliməyə vurulur, onların arasında yaranan səmimi ünsiyyət yatağa qədər gedib çıxır. Yeniyetməlik hərdəmxəyallığının əlində əsir olmuş Yunior həmyaşıdı və universitetə hazırlaşdığı üçün ona lazımi diqqəti ayırmayan Paloma ilə anası yaşda qadının arasında qalır. Hətta onunla ayrıldıqdan, universitetə daxil olub neçə-neçə qızla münasibət qurduqdan sonra da onu qəlbindən silib ata bilmir. Qardaş itkisinin boşluğu yasaq məhəbbətin sığalları ilə doldurulur, çox uzaqda yox, elə bir zamanlar Rafanın anasından gizlin sevgililərini gətirdiyi evlərinin zirzəmidəki yatağında.
Diaz qardaşının itkisindən danışanda qardaş məhəbbətini, sevgisindən ayrılmağından bəhs edəndə də sevgini ucaltmır, necə deyərlər “əlləzinə” oxumur, mən belə hiss edirdim, elə sarsıntı yaşayırdım demir, sadəcə situasiyanı göstərir. Diaz nə özünün prototipi Yunioru, nə də qardaşını müqəddəsləşdirir, əksinə bəzən yeniyetmə Rafanın dələduz davranışları oxucunu qəzəbləndirir. Bu kitaba daxil olmayan (internetdən tapmaq mümkündür) “İzrail” hekayəsində qardaşı nəyin bahasına olursa-olsun uşaq vaxtı üzünü donuzların gəmirdiyi və bütün günü maska ilə gəzən İzraili tapıb onun maskasını çıxaracağını qarşısına məqsəd qoyur və bunu edir də.
Kitabın ən təsirli hekayələrindən biri “Başqa həyat, başqa səfər” adlanır. Hekayə Amerikaya işləməyə gəlmiş Yasmin adlı dominikanlı qızın dilindən nəql edilir. “Başqa həyat, başqa səfər” Amerikaya gələn miqrantların – qaradərililərin ən ağır işlərdə çalışaraq böyük məhrumiyyətlər bahasına özlərinə başqa həyatlar qurmaq cəhdlərindən bəhs edir. Yasminin otaq yoldaşı Ana İris 7 il əvvəl 3 oğlunu Amerika ətrafı adaların birində qoyaraq bura işləməyə gəlib, artıq böyüdükləri üçün onlarla telefonda danışanda səslərini tanımadığını deyir. Yasminin işlədiyi xəstəxana camaşırxanasında onunla birlikdə başqa qaradərili miqrant qadınlar da çalışır. Yasmin xəstəxanada camaşırxanaya nəzarət edir. O qədər qanlı mələfə yuyurlar ki, deyir, hərdən mənə elə gəlir dünyada böyük bir savaş gedir.
Bu miqrantların hər biri ya Dominikanda, ya Puerto Rikoda, ya da Kubada analarını, övladlarını qoyub başqa həyatlar arzusuyla Amerikaya gəliblər və gündə 9 saatdan artıq çalışaraq bihudə yerə həyatlarını dəyişəcəklərini, eləcə də adalarda qoyub gəldiklərinin də güzəranını yaxşılaşdıracaqlarını zənn edərlər. Bəziləri bunun üçün hətta iki işdə çalışır, lakin çox azı arzuladığı səadətə qovuşa bilir.
Onları Amerikada qarşılayan başqa bir qorxu da var: soyuq, qar, şaxta. İsti iqlimli məmləkətlərdən gəlmiş bu qaradərili miqrantlar üçün soyuq əzabdır. Heç vaxt qar, şaxta görməyən, təbiətin şıltaqlıqlarından yalnız qasırğa ilə baş edənlər suyun donmuş halının qarşısında acizdirlər. Onların bu acizliyi “Qış” hekayəsində daha aydın verilib. Papi ailəsini qış vaxtı Dominikandan Nyu-Cersiyə gətirib. Lakin radioda şiddətli qarın yağacağı elan olunan gün onsuz da neçə vaxtı ailəsindən ayrı düşdüyündən uşaqların yovuşmadığı ata evə gəlmir, telefon açaraq dostugildə qalacağını desə də anası o “dost”un kim olduğunu gözəl bilir və qərib ölkədə sıxıldığından şiddətli yağan qara, eləcə də xəbərdarlığa baxmayaraq Rafa və Yuniorla çölə çıxır. Boşalmaqda olan küçədə, asta-asta hərəkət edən maşınların yanından keçərək yağan qarın üzəri ilə Papinin havalar düzələn kimi baxmağa aparacağına söz verdiyi, Amerikadakı həyatın simvoluna çevrilmiş okeana sarı gedirlər və qarı yara-yara irəlilədikcə bu qos-qoca ölkədə atasız-başsız, təkbaşına qalmaqlarının həqiqəti qışın soyuğu kimi onların canına hopmağa başlayır: bundan sonra qaçış yoxdur; atasızlığa öyrəşdikləri kimi Amerikanın qışına da öyrəşəcəklər. Bu vaxt Yunior atasının təkidilə daz qırxılmış başından papağını çıxararaq deyir: “Bir səfərinə şapkamı çıxardım, soyuq və sərt qafatasımda qar dənələrini hiss edə bilmək üçün”. Buyurun, qəribliyə ilk alışma məşqləri.
Yasminin sevgilisi Ramon da Dominikanda arvadını və oğlunu qoyub Amerikaya gəlib, çörək zavodunda çalışır. İşdən sonra belə üstündən maya qoxusu çəkilməyən Ramon Yasminlə birlikdə yaşamaq üçün ev axtarsa da Dominikandakı arvadı ilə də məktublaşmanı kəsmir və Yasmin bunu bilir, lakin Ramon birlikdə yaşamaq və Amerikada möhkəmlənmək üçün ev alandan sonra da Ramonun bir gün ailəsinin gələcəyi fikri onu tərk etmir.
Hekayə bu gizli tərəddüdlərlə də bitir.
“Başqa həyat, başqa səfər” hekayəsindəki Ramon Yuniorla bağlı digər hekayələrdəki ata obrazının oxşarıdır. Düzdür hekayədə buna açıq işarə yoxdur. Lakin o biri hekayələri oxuduqda Yuniorun atasının Amerikaya gedib orada başqa bir qadınla yaşadığı, sonra ailəsini də Amerikaya apardığı məlum olur.
Diaz amerikalı miqrantların, xüsusilə Dominikan və ona yaxın adalardan köçmüş miqrantların həyatını, ağrılarını-acılarını, məşəqqətlərini, sevgilərini, başqa həyatlar uğrunda çarpışmalarını göstərir kitabda. Onların içindən çox cüzi hissəsi yalnız arzular ölkəsində xoşbəxt həyat qura bilir. Bunlardan biri də Amerikada təhsil alıb özünə karyera quran, sonra universitetdə dərs deyən, yenə sevən, ayrılan, xəyanət edən, sevgilisindən ayrıldığı üçün mutsuz olan ( “Aldatanlar üçün eşq rəhbəri” hekayəsi) Yunior da var. Və Diazın həyatı ilə paralellər aparanda görürük ki, Yunior elə Diazdır, Junot Diaz.
Kitabdakı “Lora xanım” hekayəsi yeniyetmə Yuniorun müəlliminə məhəbbətindən, “Aldadanlar üçün sevgi rəhbəri” hekayəsi sevgilisindən ayrılandan sonra aşiqin yaşadıqları sarsıntılardan bəhs edir. Əgər kitabın ilk hekayəsində ayrılıq ərəfəsi ab-hava qabardılırsa, sonuncu hekayədə ayrıldıqdan sonrakı ağrılar görüntülənir.
Ümumilikdə doqquz hekayədən ibarət olan kitab əslində roman ovqatındadır. Nədən ki, bütün hekayələr aşağı-yuxarı eyni personajları əhatə etməklə bir-birinə bağlıdır, yekunda miqrant bir ailənin taleyini ortaya qoyur və ayrı-ayrı oxuna bildikləri kimi bir romanın fəsillərinə də çevrilə bilirlər.
“Və beləcə onu itirərsən” kitabını iki cür oxumaq mümkündür: sevgi əhvalatları kimi, bir də miqrantların kədərli həyat hekayələri kimi. Mən daha çox ikinci variantda qərarlaşdım. Növbə sıradakı oxucudadır.