Ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi, o cümlədən də müəllimlərin rifahının yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılsa da, bölgələrdə, xüsusilə də ucqar kəndlərdə müəllim çatışmazlığı özünü qabarıq şəkildə göstərməkdədir. Ucqar bölgələrə şagirdlərə dərs keçmək üçün göndərilən müəllimlərin bir hissəsi də müəyyən vaxtdan sonra orada dayanmır və geri dönür.
Qeyd etdiyimiz kimi, Azərbaycanda bəzi məktəblərdə müəllim çatışmazlığı hökm sürür. Bu da həmin təhsil müəssisələrində eyni müəllimin bir neçə fənni tədris etməsinə səbəb olur. Belə bir problem Lerik, Astara, Cəlilabad, Yardımlı, Lənkəran, Kürdəmir, Şamaxı, Quba və İsmayıllıda yaşanır. Adıçəkilən rayonlarda musiqi, təsviri incəsənət, kimya, rus dili, biologiya, ingilis dili, fizika kimi fənlər üzrə dərs deyəcək müəllimlərə ehtiyac var.
Maraqlıdır, ucqar ərazilərdə pedaqoq çatışmazlığının səbəbi nə ilə bağlıdır? Kadr sayı yetərincə deyil, ya müəllimlər bölgələrdə çalışmaq istəmir?
Nadir İsrafilov: “Gənc müəllimlər kəndə getməkdən çəkinirlər, bu da onların şəraitə qane olmamaları ilə bağlıdır”
Təhsil Nazirliyi yanında İctimai Şura sədrinin müavini Nadir İsrafilovun sözlərinə görə, son illər ölkədə gənc müəllimlərin regionlarda işləməyə həvəsləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir, lakin bu istiqamətdə işlərin davam etdirilməsi zəruridir: “Onların əksəriyyəti Bakıda işləmək istəyir. Bəzi bölgələrdə müəllim çatışmazlığı var və elə olur ki, məsələn, tarix müəllimi coğrafiyadan da dərs deyir. Niyə kadrlar kifayət etmir? Çünki gənc müəllimlər kəndə getməkdən çəkinirlər. Bu da onların şəraitə qane olmamaları ilə bağlıdır. Regionları inkişaf etdirərkən təkcə yeni məktəblər tikmək yox, həm də müvafiq infrastrukturu - klublar, mədəniyyət evləri və s. yaratmaq vacibdir. Məsələn, kəndə gənc müəllim gəlir və şəhərdən sonra orada yaşamaq onun üçün uyğunsuzdur. Onun tamhüquqlu asudə vaxtını təmin etmək lazımdır. Bölgələrdə də kifayət qədər ixtisaslı kadrların olması lazımdır. Qarabağ məsələsi həll olunduğu üçün işğaldan azad edilmiş rayonlarda müəllimlərə ehtiyac yaranacaq. SSRİ-də elə bir dövr olub ki, kənd məktəblərində kadr çatışmazlığı var idi, ali pedaqoji təhsilli müəllimlər az idi, haradasa 10-15% civarında idi. Sonra 1973-cü ildə radikal qərar verildi: kənd məktəblərində işləyənlər hərbi xidmətdən azad edildi. O zaman təhsil strateji sahə hesab olunurdu. Çoxlu sayda gənc müəllim kəndə dərs deməyə getdi, kadrlarda xeyli cavanlaşma oldu. Önəmli olan odur ki, kəndlərdə müəllimlər mənzillə təmin olundular. Bəziləri rayonlarda ailə qurub, həmişəlik orada qaldılar”.
Elşən Qafarov: “Aylıq 5-6 saat dərsə görə ucqar rayonlara gedib xarici dil, fizika, kimya, informatika müəllimi işləmək istəyənlər, demək olar ki, yoxdur”
Təhsil eksperti Elşən Qafarov bildirdi ki, bu gün bəzi bölgələrdə fəaliyyət göstərən məktəblərdə müəllim çatışmazlığı var. Xüsusən də xarici dil fənləri üzrə müəllim çatışmır: “Aylıq 5-6 saat dərsə görə ucqar rayonlara gedib xarici dil, fizika, kimya, informatika müəllimi işləmək istəyənlər, demək olar ki, yoxdur. Bu səbəbdən də regionlarda müəyyən fənlər üzrə müəllim çatışmazlığı müşahidə olunur. Vəziyyətdən çıxış yolu differensiallaşmış əmək haqqı sisteminin tətbiqidir. Hesab edirəm ki, hər bir müəllim əldə etdiyi uğura görə fərqli əmək haqqı almalıdır. İnanıram ki, sertifikasiyadan sonra müəllimlər müəyyən kateqoriyalara bölünəcək və differensiallaşmış əmək haqqı tətbiq ediləcək. Sertifikasiya mümkün qədər tez keçirilməlidir ki, qeyri-peşəkar, yaxud da peşəkarlıq səviyyəsi aşağı olan müəllimlər peşəkarlarla əvəzlənsin”.