Logo

2 illik fəaliyyət və istefa ərizəsi - Xaçmaz məktəbində nə baş verib?

07.08.2022 10:18 3573 baxış
IMG

"İş müsahibəmdə xanım mənə belə bir sual vermişdi: "Məktəb rəhbərliyindən biri sizi təhqir etsə, reaksiyanız necə olar?" Cavabımı vermişdim, müsahibədən də keçmişdim, ancaq beynimdə bir sual insan kimi oturmuşdu, mənlə danışırdı. Məgər, məktəb rəhbərliyində elə səviyyədə insan ola bilərmi?"

"Tehsil.biz"in məlumatına görə, bu barədə Xaçmaz rayonu, Çaykənarı (Alekseyevka) kəndində müəllim işləyən Rəvanə Asiman sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, o, paylaşımında məktəbdə qanunsuz halların olması, şagirdlərə dərman paylanılması, işlədiyi dövrdə haqsızlıqlarla üzləşməsinə görə ərizə yazaraq 2 il çalışdığı məktəbdən ayrıldığını bildirib.

"Gənc müəllimlər ümidlərlə məktəbə təcrübə qazanmağa gedir. Məndə 2 il 20 ilə bərabər oldu. Çox təəssüf ki, mənfilər çox oldu, mən onlardan dərs aldım. 2 il ərzində müəllimlik edə bildimmi, bunu şagirdlərim bilər, mən onu bilirəm ki, təkcə əlimdən gələni deyil, ürəyimdən gələni də etdim və vicdanım rahatdır", - deyə bildirən Rəvanə Asiman müəllimlikdən ziyadə cahilliklə savaşdığını qeyd edib: "Direktor mənə sual verir ki, siz uşaqlara niyə kitab oxudursunuz? Tərbiyə işləri üzrə müavin vulqar və təhqiredici üslubda danışır. Kitabxana kartları pulla satılır və kitabxana açılmır. Gündə sadəcə 15 dəqiqə açıq olurdu. Odun sobasını yandıran xala belə vəzifəsini icra etmir. Müəllim dərsə içkili halda girir. Şagirdlərə dərman paylanılır və bu heç kəsi narahat etmir. Əlbət, vəzifəm deyildi, lakin hamısının işinə qarışdım. Reaksiya verdim, lazım gəldi dalaşdım. 10 dəfəyə yaxın Təhsil Nazirliyi və Təhsil şöbəsinə yazılı və şifahi şikayətimi bildirdim".

Rəvanə Asiman bütün şikayətlərin nəticəsiz qaldığını bildirib: "Təhsil Nazirliyinə göndərdiyim ərizə çap şəklində çıxarılıb məktəbə gətirildi və son nəticədə mən xəbərçi oldum, yoxlama belə nəticəyə gəldi ki, məktəb ailədir, ailənin sirri kənara çıxmaz. Bir şikayətimdə tərbiyə üzrə müavinin vəzifəsini icra etmədiyini qeyd etmişdim, yoxlama isə həmin müəllimdən mənim necə işlədiyimi soruşdum. O isə 9-cu siniflərə dərs keçmədiyimi dedi. Halbuki o mənim dərsimdə bir dəfə belə iştirak etməmişdi. Mən iradımı bildirdikdə isə vəzifəsini icra edib mənə "tərbiyə" verəcəyini dedi".

R.Asiman qeyd edib ki, çalışdığı dövr ərzində ona şər atılıb, təhqir olunub, mobbinqə məruz qalıb, aidiyyəti dövlət orqanlarına göndərdiyi şikayət məktubları isə cavabsız qalıb:"Mənim amalım varkən belə şeylər mənə təsir etməz. Son olaraq qaldığım evlərdə problem yaradıldı, axı mən kilometrlərıə uzaqdan gəlmişdim. Ev olmasa, gedəcəkdim. Beləliklə, "Məktəb" bəladan xilas olacaqdı. Elə də oldu, məcbur məzuniyyətdən 8 gün tez qayıtmalı oldum. Əsaslı səbəbimi və ərizəmi yazdım. Mənə vurulan zərər 500+ oldu məzuniyyət pulumdan. Bu mənə zərərdirmi? Xeyr. İşdə olmamışam, qanun qarşısında boynum qıldan incədir. Amma 8 gün əvəzinə 15 gündən daha çoxunu çıxmağı anlamadım... Aylar öncə bizim məktəb Quba-Xaçmaz Regional Təhsil İdarəsinə tabe oldu və artıq əmin əllərdədir. Rüfət Hacıyev özü birbaşa məktəbdəki vəziyyətlə tanış oldu və rəhbərlikdə xeyli dəyişiklik etdi. Məktəbin ölkəmizin ən qabaqcıl məktəblərindən birinə çevriləcəyinə ümidvaram".

Qeyd edək ki, ötən gün Xaçmazın Çaykənarı kənd orta məktəbinin keçmiş müəllimi Rəvanə Məmmədovanın məktəbin fəaliyyəti haqda səsləndirdiyi bir sıra iddialara aydınlıq gətirilməsi, direktor əvəzi və direktor müavininin işdən çıxarılması ilə bağlı xəbər vermişdik.

Xəbər lenti