Logo

Elmar Qasımov erməni rektoru ilə bağlı beynəlxalq təşkilata etiraz məktubu yazdı

07.10.2020 12:56 589 baxış
IMG

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Qara Dəniz Universitetləri Şəbəkəsinin İcraiyyə Komitəsinin üzvü olaraq 2020-2022-ci illərdə Quruma Prezidentlik etməsi üçün namizədliyi irəli sürülmüş Amerika Ermənistan Universitetinin rektoru Karin Markidesin seçilməsinə qarşı Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş katibi Prof. Eden Mamuta, eləcə də İcraiyyə Komitəsinin üzvlərinə məktub ünvanlayıb.

Elmar Qasımov məktubda bildirib ki, Amerika Ermənistan Universitetinin (AEU) rektoru Karin Markides işğal edilmiş ərazilərimizə qanunsuz səfər edərək Azərbaycan qanunvericiliyini pozmaqla yanaşı, beynəlxalq hüququn norma və prinisiplərinə, eləcə də Qara Dəniz Universitetlər Şəbəkəsinin Nizamnaməsinə hörmətsizlik edib.

“Xanım Markides Qara Dəniz Universitetlər Şəbəkəsinin Nizamnaməsinin 9-cu maddəsində əks olunmuş qurumun prezidentinə dair tələblərə cavab vermir. Belə vəziyyətdə beynəlxalq hüquq normaları və prinsiplərini pozmuş bir şəxsin Qara Dəniz regionunda əməkdaşlığı təşviq edən BSUN kimi nüfuzlu təşkilata prezidentlik etməsi ciddi sual doğurur. Bakı Ali Neft Məktəbinin rektoru və İcraiyyə Komitəsinin üzvü olaraq mən belə bir qanunsuz addıma yol vermiş xanım Markidesin Qara Dəniz Universitetlər Şəbəkəsinin prezidenti seçilməsinə qəti etiraz edir və anlayışınıza ümid edərək sizi bu istiqamətdə bizə dəstək olmağa səsləyirəm” – deyə məktubda qeyd edilib.

Bundan başqa, rektor bu il BSUN-un Rektorlar şurasının konfransının Yerevan şəhərində keçirilməsinə də etiraz edib.

“Bildiyiniz kimi, 30 ilə yaxın müddətdir ki, Azərbaycan Respublikası ərazisinin 20 faizi, əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ bölgəsi və onun ətraf rayonları Ermənistanın işğalı altındadır. BMT-yə üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan

torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmiş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv etmişdir”.

Rektor məktubda qeyd edib ki, baş verənlər uzaq tarixi hadisələr deyil. Ermənistan hələ də təcavüzkar siyasətindən əl çəkmir, təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir.

“Əminəm ki, nüfuzlu və etibarlı beynəlxalq mənbələrdən baş verən son hadisələrlə bağlı məlumatları dəqiq və ətraflı şəkildə əldə edə bilirsiniz. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və ölkəmizin suverenliyinə və qanunlarına hörmət edilməlidir. Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə və ətraf yeddi rayonu olan Azərbaycan ərazilərinə icazəsiz səfər etmək qeyri qanunidir”- deyə E.Qasımov əlavə edib.

Xatırladaq ki, Qara Dəniz Universitetləri Şəbəkəsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının məqsəd və hədəfləri çərçivəsində region ölkələri arasında təhsil və elmi-tədqiqat sahəsində birgə təşəbbüslərin dəstəklənməsi məqsədi ilə yaradılmış qurumdur. Hazırda Şəbəkəyə müxtəlif ölkələri təmsil edən 100-dən artıq ali təhsil müəssisəsi üzvdür. Şəbəkənin İcraiyyə Komitəsi isə Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan, Bolqarıstan, Rusiya, Moldova, Serbiya, Yunanıstan, kimi ölkələrin universitet rektorlarından ibarətdir.

Xəbər lenti