Logo

Görk olsun və yaxud Tanrı cəzası

03.06.2023 21:03 320 baxış
IMG

28 aprel 1930-cu il tarixli “Kommunist” qəzetində çap olunan iki məqaləni oxuduqca çox təəssüf və utanc hissi kecirdim. Çünki həmin məqalələrin müəllifləri qanı-qanımızdan, canı-canımızdan olan öz “soydaş”larımız idi.

“Müsavat hökumətinin son dəqiqələri” sərlövhəli birinci məqalə sovet dövründə Azərbaycanda çox yüksək vəzifələrdə işləmiş Həmid Sultanova məxsusdur (Bu, o H.Sultanovdur ki, 1920-ci ildə Gəncədə Sovet hökumətinə qarşı baş verən üsyanı yatırmaq üçün XI Qızıl Ordunun hissələri ilə Gəncəyə göndərilmişdir. Dəhşətli dərəcədə qan tökdükdən sonra üsyanı yatırmağa nail olan H.Sultanov Bakıya qayıdaraq Bakı Soveti qarşısında çıxış edərək fəxrlə demişdir: “Gəncədə bir başıpapaqlı qoymadım”).

H.Sultanov məqaləsində Parlamentin zor gücünə bolşeviklər tərəfindən işğal edildiyi son gecəni fəxrlə təsvir edərək yazırdı: “...keçə saat 1-də Parlaman binasına köçdük və Azərbaycan İnqilab Komitəsini və Bakı İnqilab Komitəsi heyətini elan etdik. Keçə ikən bütün şəhərdə qızıl bayraqlar asıldı. Şəhər əhalisi axşam müsavat bayrağını asaraq yatdıqları halda, 28 apreldə səhər dürarkən Qızıl inqilab bayrağını gördü. Səhər zirehli qatarla Mikoyan və Musabəyov yoldaşlar Bakıya gəldilər”. Bu o Anastas Mikoyan və Qəzənfər Musabəyov idi ki, 1920-ci ilin aprelində XI Qızıl Ordunun ölkəmizi işğal etməsində və 30-cu illər repressiyalarında can-başla Mərkəzin dediklərini həyata keçirdikləri üçün Mərkəzin tapşırığı ilə “ən mühüm və məsul vəzifələrə yerləşdirilmişdilər”. Mikoyanlar, mirzoyanlar onsuz da həmişə xalqımıza düşmən olub, qənim kəsilib.

Bəs “qanı-qanımız”dan, “canı-canımız”dan olan Qəzənfər Musabəyov niyə öz xalqına qarşı bu qədər amansızlıq, qəddarlıq etdi? Hələ aprel işğalından əvvəl 1918-ci ilin mart qırğınında “Bakı Kommunasının sədri, daşnak, türk-müsəlman dünyasının düşməni Stepan Şaumyan yaxın dostu Qəzənfər Musabəyovu Bakının Komendantı təyin edərək qırğında daha fəal iştirak etməsinə şərait yaratmışdır”.

“Kommunist”in həmin sayındakı “10 illik naliyyətimiz” adı altında çap olunan ikinci məqalənin müəllifi isə Qəzənfər Musabəyovdur (Həqiqətən dəhşətdir, uzun illər işğalımıza elə özümüz təriflər yağdırmışıq, əl çalmışıq, qol götürüb oynamışıq. Faciə bax budur). Q.Musabəyov da həmkarı H.Sultanov kimi məqaləsində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının ünvanına ən alçaq sözləri belə işlətməkdən çəkinməyərək, sovetlərin xalqımıza bəxş etdiyi “xoşbəxt"likdən, “dost"luqdan, “qardaş”lıqdan, “milli sülh”dən dəm vuraraq yazırdı: “1920-ci il aprelin 28-dən bəri Azərbaycanda heç bir şeylə pozulması mümkün olmayan milli sülh bərpa edilmişdi”. O milli sülhmü ki, aprel işğalından cəmi 20 gün sonra Moskvanın tapşırığı ilə “1920-ci il mayın 17-də AK(b)P Siyasi Bürosu “ölüm düşərgəsinin” (konslager) təşkili barədə məxfi qərar qəbul edərək, hər həftə xüsusi siyahı ilə 50-60 nəfər vətənpərvər ziyalımıza ölüm hökmü çıxarırdı”. Və yaxud o milli sülhmü ki, sovetin xalqları “qardaşlaş”dırdığı, “dostlaş"dırdığı bir dövrdə (1947-1948-1950-ci illərdə) bizə milli müsibətləri yaşatdı. Xalqımız öz dədə-baba torpağından, yurdundan-yuvasından, Sovet əsgərinin, polisinin silahı gücünə gecəliklə deportasiya edildi.

...Arxiv sənədlərindən, xatirələrdən, məktublardan belə aydın olur ki, Qəzənfər Musabəyovun ən yaxın dostları türk-müsəlman dünyasının ən qəddar düşmənləri olan Sergey Mironovic Kirov, Levon Mirzoyan, Aleksandr Pavlovic Serebrovski, Anastas Mikoyan, Stepan Şaumyan olub. Bunu onun 1920-ci ilin may ayında yazdığı məktubu da təsdiq edir. “1920-ci ilin aprelində Orconokidze və Kirovun tapşırığı ilə mən Mikoyan və Yefremovla birlikdə “Beynəlmiləl” zirehlisində, döyüşə-döyüşə Bakın ələ keçirdik”. “Bütün ömrünü sovet rejiminin bərqərar olmasına, möhkəmlənməsinə həsr edən”, sovet dövrü bir çox məsul vəzifələrdə çalışan Qəzənfər Musabəyovun xalqına etdiyi xəyanətlərə, yaşatdığı faciələrə cavabı da elə canını fəda etdiyi rejim və “dost”ları verdi. Belə ki, Q.Musabəyovun həbsi və güllələnməsi dost, qardaş adlandırdığı Mikoyanın, Şaumyanın soydaşı Gürcüstan SSR Dövlət Təhlükəsizlik İdarəsinin 4-cü şöbəsinin 2-ci bölməsinin rəis köməkçisi Krimyanın “xeyir-duası” ilə həyata keçirilir. Amma tez bir zamanda yox. 1937-ci ilin 25 iyulunda Moskvadakı evində həbs edilən Q.Musabəyov 1938-ci ilin 8 fevralında Gürcüstanda “Üşlüyün” əmri ilə güllələnir. Elə bacısı Ayna Sultanova və qaynı Həmid Sultanov da Qəzənfər kimi qurduğu rejimin qurbanı olur. Doğrudan da bu dünyada haqq-ədalət var.

Tanrı onlara yaşatdıqlarını yaşatdı ki, xalqını, millətini, azadlığını şana-şöhrətə, vəzifəyə satan xainlərə görk olsun.

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist

Xəbər lenti