Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) dünyada və ölkəmizdə COVID-19 infeksiyasının yayılması və tətbiq edilən xüsusi karantin rejimi şəraitində də fəaliyyətini davam etdirərək yeni formatlarda layihələr təqdim edir. Universitetin Rəssamlıq fakültəsinin dizayn və dekorativ-tətbiqi sənət kafedrasının tələbə və professor-müəllim heyəti tərəfindən hazırlanan və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin səhifəsində bu ilin aprelində yayımlanmış “COVID-19 və ÜMİD-20” onlayn poster sərgisi izləyicilər tərəfindən maraqla qarşılanıb.
Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, sərginin ADMİU-da açılış mərasimi keçirilib. İnfeksiyaya qarşı mübarizə tədbirləri çərçivəsində aktual olan şüarlar, ictimaiyyətə çağırışlar, xüsusi sanitar rejimi tətbiq edilən fəaliyyət sahələri və istiqamətlərdə qaydalara əməl olunması, metodiki göstərişlər və ictimai nəzarət kimi mühüm amillər təqdim olunan plakatların mövzusunu formalaşdırıb. İlk olaraq 30-dan çox plakat izləyicilərə təqdim edilib, layihənin davamlı olması isə sonrakı mərhələlərdə mövzu diapazonunu genişləndirib.
Tədbirdə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova COVID-19 pandemiyasının hələ də aktuallığını itirmədiyini, Rəssamlıq fakültəsinin müəllim və tələbələrinin bu mövzuya diqqət çəkməklə insanları bir daha ehtiyatlı olmağa, qorunmağa səslədiklərini bildirib: “Bu sərgi iki cəhəti ilə önəm kəsb edir. Birincisi ondan ibarətdir ki, koronavirus təhlükəsi hələ də sovuşmayıb. Buna görə biz sərginin açılışını qoyulmuş qaydalara riayət edərək məhdud sayda insanın iştirakı ilə keçiririk. İkincisi, sərgidə nümayiş olunan əsərlər onu göstərir ki, bizim rəssam müəllim və tələbələrimiz karantin zamanında boş qalmayıb, yaradıcılıqla məşğul olublar. Burada eyni mövzuya çox sayda fərqli yanaşma özünü göstərir”.
Layihənin rəhbəri, Əməkdar incəsənət xadimi, professor Arif Əziz hazırda Azərbaycanın iki cəbhədə müharibə apardığını söyləyib. Bildirib ki, şanlı ordumuzun Qarabağ müharibəsində bir-birinin ardınca zəfər əldə etdiyi bu gözəl günlərdə belə bir sərgi açmaq mühüm hadisədir. Çünki ölkəmiz digər tərəfdən koronavirus pamdemiyasına qarşı gizli müharibəsini davam etdirir. Bu sərgi bir daha onu göstərir ki, universitetimiz ölkədə baş verən bütün mühüm hadisələrə adekvat reaksiya verir. Arzu edirəm ki, tezliklə bu cür işləri Qarabağda həyata keçirək.
Layihənin ideya müəllifi, Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova deyib ki, təsviri sənətin ən aktual və hadisələrə daha tez reaksiya verən janrı plakat olduğuna görə bu janra müraciət ediblər: “Bizim onlayn sərgi çox qısa zamanda hazırlanmışdı. Bunun üçün layihənin koordinatoru, dizayner Günel Cəfərzadəyə təşəkkür edirəm. Biz bu sərgini adlandırarkən “ÜMİD-20” demişdik. Hadisələrin sonrakı inkişafı bu ada yeni və daha böyük məna qatdı. Bizim 30 ilə yaxın davam edən Qarabağ həsrətimizin məhz elə 2020-ci ildə bitəcəyi ilə bağlı ümidlərimiz artmağa başladı. Ordumuzun zəfərləri artıq bu ümidi inama çevirib”.
Daha sonra ADMİU-nun prorektoru, professor Gülşən Kəngərli, Rəssamlıq fakültəsinin dizayn və dekorativ-tətbiqi sənət kafedrasının baş müəllimi Vüqar Əli və başqaları çıxış edərək sərgi haqqında fikirlərini bölüşüblər.
Sonda iştirakçılar sərgidə yer alan əsərlərlə tanış olublar.