"Artıq 2-ci ildir ki, Elm və Təhsil Nazirliyi uşaq bağçalarına qəbulu elektron qaydada həyata keçirir".
Tehsil.biz xəbər verir ki, bunu bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, uşaq bağçaları Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olduğu 10 illər ərzində bu xidmət oflayn formada, həm də bərbad gündə olub:
"Doğrudur, son anda 3 il öncə Bakı ŞİH pilot qaydada eletron növbə sisteminin qurulması üçün bir neçə yüz min vəsait ayırsa da, sonda real bir həll ortaya çıxarılmadı. Hazırda Elm və Təhsil Nazirliyi bağçalara qəbulla bağlı normal bir rəqəmsal həll hazırlaya bilib. Valideynlər ilk növbədə sistemdə qeydiyyata alınırlar. Qeydiyyatdan keçmək növbə tutmaq hesab olunmur. Növbə üçün bəlli bir gündə yarışma, yəni, elektron qaydada növbətutma prosesi başlayır. Bu il yarışma 1 avqust saat 11:00-da regional təhsil idarələri, 8 avqust saat 11:00-da isə Bakı şəhəri üzrə olacaq. Qeydiyyatdan keçənlər məhz bu vaxtlar növbə yarada biləcəklər. Prinsip belədir ki, kim sistemə daha tez daxil olub, axtardığı bağçanı və müvafiq yaş qrupunu seçə bilirsə, onun növbəsi daha yuxarıda olur. Növbə sıralaması ilə bağlı iddiaçılara şəxsi kabinetlərində məlumat verilir. Lakin bu da hələ bağçada yer seçimi demək deyil. Növbəti mərhələdə bağçada boş yer olduğu halda həmin sıra nömrələrin sorğuya çevrilməsi prosesi başlayır. Məhz bundan sonra növbə sorğuya çevrildikdən sonra valideyn bağçada yer qazanmış olur və 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir. Bu növbə sırası il ərzində qüvvədə olur, valideynlər sıranı görürlər və yerlər boşaldıqca növbəti yerin sahibi seçim edir".
Osman Gündüz
Osman Gündüzün fikrincə, insan amilinin minimuma endirilməsi, təmasların, korrupsiya və rüşvət risklərinin aradan qaldırıması, həmçinin şəffaflıq və operativlik baxımından doğru və faydalı bir yanaşmadır:
"Eyni zamanda düşünürəm ki, Elm və Təhsil Nazirliyi prosesin real vaxtda gedişini əks etdirən datanı da yalnız iddiaçılar üçün deyil, cəmiyyət üçün də portalda yerləşdirsə, faydalı olardı. Yəni prosesin gedişinə ictimai nəzarət imkanlarının yaradılması, ictimai əhəmiyyət kəsb edən məlumatların, statistikanın əlçatan olması vacibdir".
Mərcanə Əsədova