Müasir dövrdə işəgötürənlərin tələbləri kifayət qədər yüksəkdir. Hər bir müəssisə işə təyin edəcəyi potensial kadrda nəzəri biliklərlə yanaşı, praktik təcrübə, sosial bacarıqlar, liderlik xüsusiyyətləri və s. kimi keyfiyyətlər axtarır ki, bu da müasir dövrün tələblərinə tam olaraq uyğundur. Bu faktoru nəzərə alaraq Bakı Ali Neft Məktəbində təhsil və təlim prosesi müasir təlim texnologiyaları əsasında nəzəri biliklərin istehsalatla sıx əlaqəsinə yönəlmişdir.
BANM Azərbaycanda fəaliyyət göstərən enerji, avtomatika və İKT sahələrində ixtisaslaşmış bir çox aparıcı transmilli və yerli şirkətlərlə yaxından əməkdaşlıq edir. İxtisaslı və müasir dövrün tələblərinə cavab verən mütəxəssis axtarışında olan bu müəssisələr üçün tələbələrimiz potensial kadr rolunu oynayırlar. SOCAR, BP, Total, Statoil, Schlumberger, Halliburton, Emerson Process Management, AVANDSIS GROUP, Schneider Electric, ABB, Microsoft, Baker Hughes, E.On kimi şirkətlər Ali Məktəbimizin sıx əməkdaşlıq etdiyi partnyorlardır. Sözsüz ki, bu partnyorların sayı ilbəil artmaqda davan edəcəkdir.
Təbii ki, bu tərəfdaşlıq qarşılıqlı maraq prinsipləri əsasında formalaşdığından BANM tələbələri də bu şirkətlərin xidmətlərindən və zəngin təcrübəsindən faydalanırlar. Əmək bazarının müasir tələbləri nəzərə alınaraq tələbələrimiz təhsil aldıqları müddətdə yay və qış tətilləri ərzində əməkdaşlıq etdiyimiz şirkətlərin müəssisələrində təcrübə keçir, mühəndis və texniki heyətlə ünsiyyət qurmaqla onlardan texniki və digər praktik bilikləri öyrənilər.
BANM-in hərtərəfli dəstəkçisi olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) strateji yollarla enerji sektorunda milliləşdirmə siyasətini həyata keçirərək Azərbaycanda neft-qaz sektorunda çalışan ixtisaslı kadrların hazırlanması məqsədini həyata keçirir və bunu şirkətin fəaliyyətinin əsas prioritetlərindən biri hesab edir. SOCAR şirkətin avtomatik idarə olunan insan resursları məlumatlar bazasını yaratmışdır və xarici şirkətləri də, bu sistemdən istifadə etməyə dəvət edir. Beləliklə, hər hansı beynəlxalq şirkət işçiyə ehtiyac duyursa, o, ilk növbədə SOCAR-ın məlumat bazasına müraciət edəcəkdir.
Milliləşdirmə siyasəti hazırda qeyd olunan bir çox beynəlxalq şirkətlərin əsas strateji istiqamətləri sırasında yer alır. Məsələn, BP uzun illərdir ki, SOCAR və digər müvafiq dövlət qurumları ilə birgə Azərbaycanın neft-qaz sektorunda ixtisaslaşmış milli kadrlarının yetişdirilməsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsi məqsədi ilə uzun müddətli strategiya üzərində çalışır. Bu strategiyaya əsasən istər hökumət, istərsə də BP və onun tərəfdaşları layihə və əməliyyatlara cəlb olunmuş mütəxəssislərin azərbaycanlı mütəxəssislər olmasında maraqlıdır.
Bundan başqa, BANM-də müntəzəm olaraq təşkil olunan təlim kursları və seminarlar nəticəsində tələbələr liderlik, ünsiyyət qurma, prezentasiya, layihələrin idarə olunması, risklərin idarəolunması, vaxta nəzarət və s. kimi bilik və bacarıqlara yiyələnirlər və bu bacarıqlar onların gələcəkdə nəinki texniki heyətdə, həmçinin yüksək administrativ vəzifələrdə yer tutmaları istiqamətində mühüm əhəmiyyət kəsb edir. Üstəlik nəzərə alsaq ki, bu təlimlərin bir çoxu beynəlxalq şirkətlərin rəhbər işçiləri və aparıcı mütəxəssisləri tərəfindən aparılır, onlardan nə kimi biliklərə yiyələnməyin mümkün olduğunu təsəvvür etmək bir o qədər də çətin deyil!
Beləcə, Ali Məktəbimizdə təhsilini uğurla başa vurmuş istənilən tələbə üçün istər Azərbaycan, istərsə də dünyanın istənilən regionunda arzularında canlandırdığı karyeraya yüksəliş üçün hərtərəfli imkanlar mövcuddur! Tələbəyə sadəcə olaraq səylə çalışmaq və yaradılmış imkanlardan maksimum yararlanmaq qalır!