Gərək illər keçə, gərək bu günlərə sabahın hündürlüyündən baxasan. Qəlbi riqqətlə dolduran indiki günlərdən zamanca aralandıqca onların böyüklüyünü, qazandıqlarımızın möhtəşəmliyini daha aydın və dəqiq görəcəyik. Fərəh elə intəhasızdır.
Bu illər və günlər içində fərəhimiz elə intəhasızdır ki, zəfərlərimizə soyuq ağılla nə qədər qiymət verməyə çalışsan da, mütləq hisslər daha üstün gələcək. Hər zəfərimizlə bu millətin vüqarı daha da artır, hər uğurumuzla Azərbaycan daha da bütövləşir, hər yüksəlişimizlə düşmənlərimiz, istəməyənlərimiz, bizdən olub bizə dönük çıxanlar da daha artıq xar olur.
Hansı xalqın övladı kimi dünyaya gəlmək alın yazısıdır, özümüzün yox, taleyin seçimidir. Hər bir insanın da məhz mənsub olduğu xalqın övladı sayılmaqdan iftixar duyması dünyanı, özünü dərk etdiyi andan qismətinə düşən ən təbii hissdir. Elə həmin səbəbdən də, əlbəttə ki, hər bir soydaşımız azərbaycanlı olması ilə fəxr edir. Ancaq Azərbaycan insanı heç vaxt indiki kimi xoşbəxt olmayıb və azərbaycanlı olmağından indiki kimi qürurlanmayıb.
Qalib millət olmağın gətirdiyi əminlik, alnıaçıqlıq, başını dik tutmaq ötkəmliyi yalnız burada – respublikamızdakı sayı 10 milyonu aşan vətəndaşlarımızı deyil, dünya boyuncakı 50 milyondan artıq soydaşımızı da dəyişib. Zəfərdən əvvəlki Azərbaycan və azərbaycanlılarla Zəfərdən sonrakı Azərbaycan və azərbaycanlılar eyni deyil. Biz indi bir millət olaraq daha bütövük, daha güclüyük, daha qətiyyətliyik, bundan da qat-qat böyük yüksəlişlərə layiqliyimizə daha inamlıyıq.
Millətə və yurda ömründəki bu misilsiz növrağı bəxş edən Azərbaycan qalibiyyətinin Memarı Prezident İlham Əliyevdir!
Bir qüdrətli şəxsiyyətin tarixi də, xalqının iqbalını da röyaları gerçəkləşdirirmiş kimi möcüzəli şəkildə necə dəyişə bilməsinin ən parlaq örnəyi ortadadır. Haqq itirməyən və nail olduqlarının halalı olmasını istəyən hər yurddaşın varlığında bunlara görə sonsuz minnətdarlıq duyğusu gərək daim nəbz kimi döyünə.
Yox, hələ bu illər və günlər içində yaşadığımız heyranlıq, heyrət, qürur və köksəsığmaz sevinc duyğuları əsla imkan verməyəcək ki, baş verənləri bütün dolğunluğu, gerçək miqyasları ilə qiymətləndirək. Heç bu zəfərli illərin və günlərin yaxın-uzaq xəbis müşahidəçilərini də, sapı özümüzdən olan zatı qırıqları da məğlubiyyətə düçar olan qarşı tərəfdən daha artıq yandıran ardıcıl qələbələrimizin onlarda yaratdığı sarsıntı, çaşqınlıq, ixtiyarsız qıcolma macal verməyəcək ki, bunca yaxın məsafədən baş verənlərin həqiqi əzəmətini tamlığı ilə görüb qiymətləndirə bilsinlər.
O səadət ki Ali Baş Komandan, Prezident Azərbaycan xalqının hər sıra nəfərinə nəsib edib və etməkdədir, bunun sözdə, yazıda ifadəsi mümkünsüzdür. Çünki bu fərəhin sığacağı irilikdə, dərinlikdə və genişlikdə sözlər yoxdur.
Tarix yarada-yarada Prezident İlham Əliyev artıq özü də tarixləşib və ona yaraşan ən tutarlı, ən insaflı, ən ədalətli dəyərləndirməni müəyyənləşdirmək də elə Tarixin işidir.
İndidən təsəvvür edilənsə budur ki, uca xidmətlərinə görə ona Tarixin verəcəyi qiymət, heç şübhəsiz ki, müasirlərinin düşündüklərindən çox yuxarıda olacaqdır.
İnsanın öz torpağına sahiblik əminliyindən daha yüksək olan coşqunu, qürur və güvənliyi ağla gətirmək çətindir. Ancaq İlham Əliyev bir millət və dövlət öndəri olaraq insanımıza bundan da yüksək bir hissi bağışlaya bildi – yenilməz olmaq, qalib gəlmək, haqqı çatanı mütləq qazanmaq, böyüklük və kiçikliyindən asılı olmayaraq heç kəsə onunla özünü daha uca tutaraq danışmaq ixtiyarı verməmək ötkəmliyini.
Hər cəhətdən güclü dövlətimiz, qadir ordumuz, ağıllı xarici siyasətimiz var və qüdrətimizin təsdiqedicisi olan xeyli başqa üstünlüklərə sahibik. Ancaq hər birimiz də, dünya da, dost və düşmən də açıqca görür və anlayır ki, bu gün bizi biz edən, məhz heç zaman olmadığı kimi bunca qüdrətə çatdıran Liderimiz var!
Dünya tarixi çox döyüşlər, çox ordular, çox sərkərdələr görüb. 2020-ci ilin hələ qızğın döyüşlər gedən, Azərbaycan əsgərinin işğal altındakı hər qarış torpağını düşmən tapdağından azad etmək yolunda ölüm-dirim savaşına qatıldığı çağlarda millətin və özümün yaşadıqlarımızı günbəgün yazılaşdırırdım, o düşüncələr qəzetlərdə dərc edilirdi və o həyəcanlı dönəmdə dünyadakı bizə dair siyasi gedişatı da təhlil edərək bu qənaətə gəlmişdim ki, Ermənistanla davadan qalib çıxmaqçün bir ordunun gücü yetməz, hökmən ikinci, bəlkə də daha güclü bir orduya ehtiyac var, həmin səbəbdən də yazılarımın birini “Millətin iki ordusu” adlandırmışdım. Azərbaycan nə xoşbəxtdir ki, bizim o dönəmdə məhz böyük Zəfərə çatmamızı təmin edən İkinci Ordumuz vardı.
Həmin İkinci Ordu olmasaydı, birinci ordumuzun da o qarşıdurmada qalib çıxması çətin olardı. Çünki bu, qeyri-bərabər savaş idi və Azərbaycan ordusu yalnız qarşısında dayanıb ona atəş açan düşmən tərəflə döyüşmürdü.
Əks tərəfdə məkrli siyasətlər və həmin siyasəti idarə edən müxtəlif böyük güclər dayanmışdılar. Onlardan saçılan atəşlər şiddətdə Qarabağ cəbhəsindəkilərdən geri qalmırdı.
Həmin 44 günlük savaş boyunca Ali Baş Komandan bir tərəfdən illər boyu səbirlə və tədbirli şəkildə qurduğu, gücləndirdiyi, ən müasir təminatına nail olduğu ordunu səriştə ilə idarə edir, addım-addım irəlilədirdi, o biri yandan da hər yeni gündə örtülü siyasətlərin, xarici dövlətlərin təhdid və təzyiqlərinin, çeşidli kəşfiyyatların əcnəbi jurnalistlər, xəbər agentlikləri, televiziyalar qismində qarşısında dayanan təmsilçilərinə mərdanə və aqil sözünü deyir, heyrətamiz təmkin, nadir hazırcavablıq, rəqibləri mat qoyan bilginlik və müdrikliklə ön cəbhədən daha amansız döyüşlər gedən diplomatiya meydanında ard-arda mükəmməl qələbələrini çalırdı.
Bu cəbhələrin ikisində də fəthlər sinxron davam etdikcə həm xalqın yaxın zəfərə inamı artırdı, həm döyüşən ordumuz daha artıq ruh yüksəkliyi qazanırdı, həm də bütün əks qüvvələr necə yenilməz bir qüdrətlə üz-üzə olduqlarını dərk etmək məcburiyyətində qalırdılar.
O günlərdə Azərbaycanda, Qarabağda cərəyan edənlər və Böyüklüyü hər kəsə bütün parlaqlığı ilə görünən Prezident və Sərkərdə İlham Əliyev dünyanın diqqət mərkəzində idi. O günlərdə dünyanın aparıcı mətbuatı və telekanalların əsas mövzuları sırasında Qarabağ döyüşləri və Siyasət Döyüşçüsü İlham Əliyev öndə idi.
Bu barədə isti-isti bizdə də, xaricdə də az bəhs edilməyib, bolluca məqalələr çap olunub, kitablar buraxılıb, amma qətiyyən şəkk yoxdur ki, hələ çox da yazılacaq, bütün bunların yerli-yataqlı təhlil edilərək tək bizdə deyil, dünyanın aparıcı ölkələrindəki təhsil mərkəzlərində hərb sənəti və diplomatiya tədrisində məxsusi yer tutacağı da uzaq günün sözü deyil.
Qoç Koroğlu “İgid gərək yar sevməyə özü tək gedə, tək gedə” söyləmişdi.
Prezident və Ali Baş Komandan İlham Əliyev millətinin və yurdunun düçar olduğu yüzilliklərlə yaşı olan düyünü biryolluq qırmaqçün meydana yar sevməyə deyil, əğyar yenməyə bütün yenilməzliyi, qətiyyəti, iradəsi ilə həm bütün təkbətək çarpışmalara tam hazır olaraq Tək çıxmışdı, həm də arxasında milləti, ordusu, sadiq dostları, silahdaşları olan bir Bütöv kimi!
2020-ci ilin 8 Noyabrına Azərbaycan minilləri və əsrləri aşaraq gəlmişdi və millət təqviminə arxada qalan əyyamlardakı çox bayramların izi düşmüşdü. O bayramlardan ömrünü yaşayıb gedənləri vardı, xalqla əbədi birgəlik yolunu davam etdirənlər də az deyildi. Ancaq həmin gün Azərbaycana elə bir bayram qismət oldu ki, inanmıram kimsə bununla razılaşmaya – geridə qalan minillərdə və yüzillərdə şadlığı, bəxtəvərliyi həmin bayramınkına çatanına rast gəlinməmişdi. Şuşa zəfəri çalındı, Qarabağ savaşı qələbəmizlə bitdi. Bizim millətin də təqviminə qanı ilə, canı ilə qazandığı Qələbə Bayramı əlavə olundu. Elə bir bayram ki, vətən və millət Böyük Vətən, Böyük Millət adlanmaq haqqını məhz o Bayramı yarada biləndən sonra qazanır.
Ən hüdudsuz sevincin də, ən ağrılı kədərin də soyuma, səngimə müddəti var, ən sevimli bayramların da xoş ovqatı bir neçə gün sürür, sonra yenə adi günlər sırası gəlir. Ancaq millət təqvimində yer alan Qələbə Bayramı, Zəfər Günü heç vaxt tükənməyən, hər gün hər millət balasının içərisində daşınan bir soyumaz sevincdir ki, durmadan könüllərə qüvvət verir, insanları daxilən səfərbərləşdirir, qaliblik ovqatına kökləyir.
Necə ki, o Böyük Qələbəmiz sevimli cazibəsiylə yeni qalibiyyətlərə də üfüqlər açdı.
Qarşıda Sərkərdə İlham Əliyevin və millətinin hələ daha bir inanılmaz Zəfər silsiləsi də dayanırdı. 2023-cü ilin 19 sentyabrındakı lokal antiterror tədbirlərinin nəticəsi olaraq bircə gün içərisində Azərbaycan ərazisindəki Ermənistan ordusunun qalıqları və cürbəcür düşmən tör-töküntüləri darmadağın edilərək separatçı-terrorçu dəstələr qəti təslim edildi.
2023-cü ilin 28 sentyabrında Qarabağdakı qondarma separatçı rejimin özünü buraxması ilə 2020-ci ilin 27 sentyabrından başlanan Zəfər salnaməsi tamamlandı. Qalib Azərbaycanın Fateh lideri İlham Əliyev 2023-cü il oktyabrın 15-də Üçrənglimizi onillərcə üzərində o müqəddəs bayrağın dalğalanmasını arzuladığımız Ağdərədə, Xocalıda və Xankəndidə ucaltdı, düz 20 il əvvəl həminki gündə böyük Yolunu başlayarkən Milləti və Tarix qarşısında içdiyi andı, verdiyi vədi yerinə yetirərək, nəhayət ki, Azərbaycanın dövlət müstəqilliyini yurdun bütün ərazisində bərqərar etdi.
Lakin bu vətənin və xalqın taleyində misli görünməmiş bir sərkərdəlik şücaətinə şahid olmaq məsudluğu da varmış.
Həm səfəvi məxəzləri, həm osmanlı qaynaqları təsdiqləyir ki, Şah İsmayıl ordusunun döyüş ruhunu coşdurmaq, qələbə əzmini yüksəltməkçün gərəkli anda sıyrılmış qılıncı ilə özü meydana atılar, əsgərlərinin önündə gedərmiş – “Cahanara-yi Şah İsmayıl Səfəvi”, “Təvarix-i al-i Osmani” nəql edir ki, Şah Xətai ordunun ən cəsur əsgəri kimi özünü düşmən ordusunun qibləgahına vurur, qılıncının kəskin zərbələriylə topların zəncirlərini qırır, göstərdiyi rəşadət örnəkləri ilə igidlərinin qanını qaynadırdı.
Belə sərkərdəlik şücaəti örnəklərini tariximiz az-az da olsa görüb, bunları qəhrəmanlıq keçmişimizin səhifələrinə qızıl hərflərlə həkk edib.
Elə 2020-nin son sentyabr, oktyabr, ilk noyabr günlərində Azərbaycan Öndəri İlham Əliyev dünya siyasətinin nəhəng meydanında özünü odlara-alovlara vuraraq dəyanətlə irəliləyən Şah İsmayıl kimi idi, onun hamının gözləri önündə baş verən, bizim və dünyanın telekranlarında hər kəsə əyan olan hər yeni siyasi qələbəsi xalqı da, döyüşən ordunu da ilhamlandırırdı, düşmənin mütləq çöküşünün lap yaxınlarda yetişəcəyinə hər kəsi ümidləndirir, inandırır, hazırlayırdı.
Ancaq Sərkərdə İlham Əliyevin 2024-cü il aprelin 19-da qazandığı qələbənin tayı-bərabəri indiyədək olmamışdı və bu möcüzəli Zəfər də gərək hər zaman yaddaşlarda iftixar örnəyi kimi yaşaya.
Qarabağ uğrunda apardığımız azadlıq müharibəsi dönəmində ordumuzun bir atəş açmadan aldığı məntəqələr olmuşdu. Lakin 2024-cü ilin xoşbəxt aprel günündə Qazax mahalının Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndlərinin özümüzə qayıtmasının tarixi misilsizliyi onda idi ki, bu zəfəri artıq Tək Əsgər qazanmışdı. Meydanda nə ordu vardı, nə silah-sursat. Bu müstəsna qələbəni ağıllı, uzaqgörən və hədəfə dəqiq vuran siyasəti ilə gətirən Tək Əsgər elə Prezident İlham Əliyevin özü idi.
Bircə atəş açmadan qazandığımız, hünər və qələbələr tariximizə Tək Əsgərin – Millətin Baş Sərkərdəsi İlham Əliyevin zəka qüdrəti və dövlətçilik şücaəti ilə yazılan belə Zəfərə şahid kəsilib bu sevinci yaşaya bilməkdən böyük bəxtiyarlıq olarmı?!
Rafael HÜSEYNOV, Milli Məclisin deputatı, akademik