Bakı Avrasiya Universitetinin və AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr edilmiş “Məhəmməd Əmin Rəsulzadə: dil, ədəbiyyat və tarix məsələləri” Respublika Simpoziumu keçirilib.
Tehsil.biz xəbər verir ki, simpoziumun açılışında Dövlət Himni səsləndirilib.
BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Səyavuş Qasımov iştirakçıları salamlayaraq tədbirin məramından və əhəmiyyətindən danışıb.
Bildirib ki, simpozium Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən, BAAU-nun tədbirlər planı çəçivəsində keçirilir. O, Azərbaycan dövlətçilik tarixində mühüm rol oynamış ictimai-siyasi xadimin həyat və yaradıcılığından, zəngin fəaliyyətindən söhbət açıb.
AMEA Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, professor İsmayıl Kazımov məruzəsində qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin müstəqil Azərbaycan dövlətinin qurulmasındakı xidmətləri ilə yanaşı ədəbi yaradıcılığı da diqqətəlayiqdir. O, M.Ə.Rəsulzadə yaradıcılığının Azərbaycan ədəbi dilində müəyyən mərhələ olduğunu vurğulayıb.
BAAU-nun Nəzəri dilçilik və türk dilləri kafedrasının professoru Ədalət Tahirzadənin Tiflis arxivlərində apardığı araşdırmalarına əsaslanan “Məhəmməd Əmin Rəsulzadənin Zaqafqaziya Seymində Müsəlman fraksiyasının başçısı kimi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi görkəmli ictimai-siyasi xadimin zəngin fəaliyyətini, irsini daha dərindən öyrənməyin, indiyədək bizə məlum olmayan fəaliyyətini yenidən tədqiqata cəlb etməyin əhəmiyətindən söz açıb.
Daha sonra BDU-nun Mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublu “Məhəmməd Əmin Rəsulzadənin mühacirət mətbuatı ilə bağlı fəaliyyəti” mövzusunda məruzə edib. Görkəmli ictimai-siyasi xadimin publisistik yaradıcılığını dövrünün salnaməsi kimi səciyyələndirib. Onun zəngin qaynaqlar əsasında yazdığı “Azərbaycan şairi Nizami” adlı monoqrafiyasını dünya Nizamişünaslığının mühüm nailiyyəti adlandırıb.
BAAU-nun Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəyli Təşkilat Komitəsinin sədri universitetin rektoru, professor Nazim Hüseynliyə və üzvlərinə, tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. M.Ə.Rəsulzadənin çoxşaxəli irsinin təkcə ictimai- siyasi aspektən deyil, dil, ədəbiyyat və tarixi kontekstə tədqiqinin və öyrənilməsinin davam etdirilməsi üçün belə tədbirlərin keçirilməsinin zəruriliyi vurğulayıb.
Simpozium bölmələr üzrə plenar iclaslarla davam edib. İştirakçılara sertifikatlar təqdim olunub.